DUYĞUDAN TALEYƏ GEDƏN YOL...

DUYĞUDAN TALEYƏ GEDƏN YOL...

Salam. Əziz oxucum, özəl bir girişə ehtiyac duymadan, birbaş mətləbə keçmək istərdim. Çünki KİV-i az-çox izləyən hər bir vətəndaşımız, hazırda dövlət xadimlərimizə, konstruktiv mövqeli ictimai-siyasi xadimlərimizə qarşı hansı adıyaman "gedişat”ın ortada olduğunu bilməmiş deyil. – Azər­baycandan qaçaraq Avropa ölkələrində məskunlaşmış bəzi şəxslərin "söyüş makinası”nın son günlər öz "güc”ünün ən son həddində çalışdığı bəllidir. O da bəllidir ki, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov, köməkçisi olduğu prezidentə, təmsil etdiyi siyasi komandaya, vətəndaşı olduğu ölkəyə qarşı çalışan "söyüş makinası”nın qarşısına öz kəsərli qələmi, aydın açıqlamaları ilə çıxdı. Bilirsiz, mən yazını təsadüfən salamla başlamadım. O söhbət, o yazı­ ki, salamla başlayır, onun niyyəti, yönü səlamətə doğru olmalıdır. Salam verilən də Tanrıdan salamatçılıq diləklərini qəbul edib, urvatlı cavab vermək zorundadır. Yoxsa, "görüm kəssin salam səni” deyərlər. Salam verib, sonra söyüş söyməzlər.
Bax, Əli müəllimin sosial şəbəkədə paylaşdığı iki status da, hər nə qədər cavab yaxud aydınlatma xarakterliydisə də, əslində, təfəkkürə çağırışıydı, səlamətə, sağlam düşüncəyə səslənişiydi.
Düşüncə demiş, hind mütəfəkkiri Mahatma Qandinin düsturunu burada xatırlatmaq istərdim: "Duyğularınıza diqqət edin - düşüncənizə çevrilir, düşüncənizə diqqət edin - fikrinizə çevrilir, fikrinizə diqqət edin - nitqinizə çevrilir, nitqinizə diqqət edin - hərəkətinizə çevrilir, hərəkətinizə diqqət edin - xarakterinizə çevrilir, xarakterinizə diqqət edin – o sizin taleyinizə çevrilir.” Elə başa düşürəm, bu düstur, əslində, Əli müəllimin fikirlərinin özəti kimi də təqdim edilə bilər. Kaş, "qarşı tərəf” də duyğudan taleyə gedən yolun fərqində ola, bugün artıq xarakterlərinə çökən əməllərin onları sabah hansı tale ilə üz-üzə qoyacağını idrak edəydi...
Şairin sözü ilə, "yenə də Allaha şükür, yenə də şeytana lənət” deyib, tərəzinin haqq gözünün ağır basmasına tərəfdar olaraq, "qarşı tərəf”in haqq yoluna gəlməsinə qətrədən də az olsa belə, inanmağa çalışıb, "söyüş makinasının lüləsi”ni Avropadan doğma Azərbaycanımıza, doğma azərbaycanlılarımıza tuşlayan, müqəddəs bayrağımız altında paylaşım edənlərin öz talelərinə gedən yolu görmələrini arzu edərdim. Çünki söyüşün tirajlanması, pis sözün yüksək səslə deyilməsinin özü Tanrıya xoş getməyən əməldir. "Günahdan uzaq ol!” deyir müqəddəs kitablar. O söyüşü dinləyənlər də günaha bulaşır bəlkə. Əgər Avropaya qaçanlar öz videolarına öz ailə üzvləri ilə birgə baxa bilirsə, daha sözüm yoxdur. Yox, baxa bilmirlərsə və "mənim əziz, doğma, mərd xalqım”, "öpürəm hamınızı” deyə təsnifləşdirdiklərinin içərisində yalnız kişi xeylaqlarının deyil, xanımların, uşaq və yeniyetmələrin də ola biləcəyini düşünmürlərmi? Axı, sosial şəbəkələrdə yerləşdirdikləri "video-müraciət”lərə bugün, sabah-birisigün təsadüf­dən ya təvafüqdən qadınlar, uşaqlar, qocalar da baxa bilər. Bu isə artıq söyüş yiyəsinin lənətlənməsi, qara enerjinin daha böyük radiusda yayılması və ziyan verməsi deməkdir...
Yaxud bir anlığa təsəvvür edək ki, "söyüş makinası ustaları” sabah-birisigün hansısa önəmli vəzifə daşıyacaq (– xatırladım ki, Avropada məskunlaşmış "söyüş makinası” inqilabdan, hakimiyyətdən danışır – ), yox, ey, lap bir balaca kollektivin başçısı olacaq, bəs o zaman o adam öz əməkdaşlarına hansı üzlə nəzakət göstərəcək, tapşırıq verəcək, sənəd imzalayacaq? Onun nəzakəti, səmimiyyəti, buyruqları havada qalmazdımı? Yoxsa, imzalayacağı sənədi də "icra etməyən belə-belə olsun!” deyə bağlayacaq? Və ya yazdığı məktubun axırında "Hör­mətlə” yerinə, "Söyüşlə” deyə qol atacaq?.. – Həmin şərti kollektivin əməkdaşı sosial şəbəkələrdən "video-söyüş”ü telefonuna, bilgisayarına endirib, "usta”nın özünə dinlətdib, "bu sözləri sən demisən, cavabını da bu sözlərlə alacaqsan” dedikdən sonra hansı başbilənlik, hansı hökm qalardı? Bilməm, fikrimi çatdıra bildimmi?
Məsələnin başqa bir tərəfi dövlət atributları ilə bağlıdır. Dövlət atributlarını təhqir etmənin hüquqi cəzası öz yerində, bir də, mənəvi yönü var. İnsan da öpdüyü, önündə baş əydiyi bayrağın kölgəsində, əlini sinəsinə qoyaraq dinlədiyi himnin sədası altında yaxud himnin sədalandığı ortamda söyüş söyərmi? Bayraq, himn hara söyüş hara? Daha bayrağımıza məlum erməni vandallığı ilə bayraq altında söyüş söyməyin fərqi nə oldu? Sən xalqına müraciət edirsənsə, guya xalqı "xilas” edəcəyini düşünürsənsə, bəs düşünmürsənmi, hələ tarixdə heç kəsin heç bir xalqı söyüşlə xilas etdiyi yoxdur. Xalqa sözün var, sözünü de, qəbul edən edər, etməyən etməz. Hətta Tanrının elçiləri də təkid etməyib, yalnız təklif ediblər. İndi sən, hansısa "yol”a, hansısa "ideologiya”ya çağırdığın xalqı söyüşləmi ikna edəcəyini düşünürsən? Evitikilmiş, bunu hansı kitab yazır? Bu "metod” hansı ağlın məhsuludur? Düşdüyün girdabdan xəbərin yoxmu sənin? Bir dayan, bir düşün, bir ayıl hələ!
Kitab demiş, "söyüş makinası”nın davamlı hədəflərindən olan Əli müəllimin kitablarına baxıram, aldığı təhsilə, keçdiyi elmi, ictimai-siyasi yola baxıram və sabah-birisgünə kimdən nə qalacağını təsəvvür etməyə çalışıram. Bax, o söyüş söyənlərdən tarixdə adıyamanlıqdan başqa nə qalacaq bilmirəm, müəlimin kitablarını isə bəlkə elə o "söyüş makinası” ustalarının övladları, doğmaları da mütaliə edəcək, oxuyub, imtahan verəcək... Həyatın gedişatı, zamanın axışı, kainatın ruhu var...   
"Söyüş makinası” bir də bir incəliyə diqqət etsə özləri üçün yaxşı olar. Getdikcə daha çox fikir adamı, daha çox yazar, daha çox vətəndaş söyüşə qarşı öz haqq səsini qaldırır və bu intensivliklə getsə, bir azdan, "makina” gərək söyüş söyəcəyi adamları adbad çəkməkçün upuzun bir siyahı oxuya, o siyahını oxuyub qurtarmamış, yeni adlara diqqət edə və beləcə, günü-güzəranı ad çəkməklə keçə və heç söyüşə keçməyə də vaxt qalmaya...
Və sonda: Məni bir Azərbaycan vətəndaşı olaraq, ən çox düşündürən məsələ, ərazilərimiz işğal edilmiş, elan­olunmamış müharibəyə məruz qalmağımız fonunda diplomlu (lap diplomsuz olsun) adamların öz güclərini, vaxtlarını bu işğal faktının aradan qaldırılması yönündə deyil, işğalın aradan qaldırılması üçün çalışan dövlət başçısının, onun ailəsinin, siyasi komandasının əleyhinə həsr etmələridir. Əlbəttə, bu "həsr etmə” ilə yel qayadan bir şey aparmayacaq; yaxud o ağıl, o düşüncə ilə işləyən "söyüş makinası” işğalçı ölkənin əleyhinə olmaqla da  fövqəladə bir sonuc əldə edilməyəcəkdi, ancaq mövqe bilinəcəkdi, MÖVQE! Bir insanın ömrü məhz sağlam mövqe yiyəsi olmaqla anlam qazanır. Anlamsız ömürsə, ömür deyil, olsa-olsa TEXNİKİ ÖMÜRdür...  

Əkbər QOŞALI
Xəbər 583 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR