"Donuz qripi" yayılan ölkələrdən donuz əti gətiriləcək


Donuz əti və piyinin idxal edildiyi ölkələrdə insanlar arasında "donuz qripi" xəstəliyi müşahidə edilərsə, bu, həmin ölkələrdən Azərbaycana donuz əti və piyinin gətirilməsinə qadağanın qoyulmasına əsas vermir.
Aktual.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycana donuz əti və piyi Danimarka, İspaniya və Kanadadan gətirilir: "Həmin ölkələrdə "donuz qripi" qeydə alınmayıb. Azərbaycana donuz əti və piyinin idxal edildiyi ölkələrdə donuzlar arasında "donuz qripi" aşkarlanarsa, o zaman həmin ölkələrdən respublikaya bu məhsulların gətirilməsinə mütləq şəkildə qadağa qoyula bilər. Lakin həmin ölkələrdə insanlar arasında bu xəstəlik müşahidə edilərsə, qadağa qoyulmayacaq".

Y.Xanvəli bunun səbəbini insanlar arasında "donuz qripi"nin yayılmasının donuzlarla heç bir əlaqəsinin olmaması ilə izah edib.

O bildirib ki, bu xəstəlik sırf insanlar arasında yayılır: "İndiyədək dünyada donuzlar arasında bu xəstəlik qeydə alınmayıb. Xəstəliyin donuzlardan heyvanlara keçməsi ehtimal edilir. Bu, təsdiqlənməmiş məlumatdır. "Donuz qripi"nə ilk dəfə 2008-ci ilin aprelində Meksikanın La-Qloriya kəndində yaşayan beş yaşlı oğlan Edqar Ernandes donuz ferması yaxınlığında yoluxub. Bunun əsasında söylənilir ki, "donuz qripi" donuzlardan insanlara keçə bilər".

Y.Xanvəli qeyd edib ki, Azərbaycanda donuzçuluq təsərrüfatları şimal, şimal-qərb rayonlarında, Bakı ətrafı ərazilərdə var: "Ölkədə saxlanılan donuzların sayı 7000 başa yaxındır. Hazırda Azərbaycanda donuzçuluq təsərrüfatlarında epidemiolji vəziyyət sabitdir. Respublika Baytarlıq laboratoriyasında donuz ətləri müayinədən keçirilir. Əgər ətin keyfiyyəti normal olarsa, onun satışına icazə verilir".

Y.Xanvəli qeyd edib ki, hazırda Azərbaycana quş əti və quş əti məhsullarının Şərqi Asiya ölkələrindən gətirilməsinə qadağa var: "İran və Türkiyədə dabaq xəstəliyinin aşkarlanması ilə əlaqədar bu ölkələrdən iri və xırda buynuzlu heyvanların diri formada idxalına müvəqqəti məhdudiyyət qoyulub. Hazırda Azarbaycanda dabağa və digər yoluxucu xəstəliklərə görə epidemioloji vəziyyət sabitdir".

Qeyd edək ki, Azərbaycan Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın laboratoriya müdiri Musa Cahanov Trend-ə bildirmişdi ki, xəstəlik donuzlardan insana keçir. Lakin bəzi hallarda xəstəliyin hava-damcı yolu ilə insandan insana keçmə ehtimalı da olur.

Laboratoriya müdirinin sözlərinə görə, "donuz qripi"nin (H1N1 virusu) əlamətləri adi qripin əlamətlərinə oxşayır: "Bu xəstəlik zamanı yüksək temperatur, öskürək, boğazda ağrı, əzginlik, baş ağrısı, titrəmə, bəzən isə ishal və qusma olur. Bu xəstəlik adətən, yüngül əlamətlərlə başlayır, amma xəstəliyin ağırlaşması da mümkündür".

M.Cahanov qeyd edib ki, "donuz qripi" yaşı 5-dək, xüsusilə 2-dək olan uşaqlarda, yaşı 65-dən yuxarı olan şəxslərdə, hamilə qadınlarda, bəzi xroniki xəstəliyi olan şəxslərdə ağır formada müşahidə edilə bilər.

Xəbər 498 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR