"Dolların məzənnəsi 2.20-2.50 AZN arasında dəyişəcək" — Ekspertdən həyəcan təbili


"Manatın liberal üzən məzənnə rejiminə keçidi bir az yubandı. Əslində, Mərkəzi Bank 2014-cü ilin sonu 2015-ci ilin əvvəllərində üzən məzənnə rejiminə keçməliydi".

Bu fikirləri Ölkə.Az-a açıqlamasında iqtisadçi-ekspert Vüqar Bayramov Mərkəzi Bankın məzənnə siyasətini qiymətləndirərkən səsləndirib. Ekspert bildirib ki, Mərkəzi Bank prosesi yubatdı və nəticədə ötən müddətdə rezervlərinin 75 faizini itirdi, 16 milyard dollardan 4 milyarda düşdü, intervensiya imkanları məhdudlaşdı:

"Ötən iki il ərzində Mərkəzi Bankın siyasəti manat sivilizasiyası ilə milli valyuta bazasını azaltmaq oldu. Öncədən də qeyd etdiyim kimi, bu, doğru siyasət deyildi. Bununla manatın məzənnəsini optimallaşdırmaq mümkün deyildi. Təəssüf ki, iki il müddətində Mərkəzi Bank mövcud siyasəti davam etdirdi və bazarın liberallaşdırılması istiqamətində demək olar ki, addımlar atmadı. Amma liberal məzənnə siyasəti tətbiqi vacibdir. Çünki liberal məzənnə siyasəti olmadan investisiyaların cəlb edilməsi mümkün olmayacaq. Bu isə o deməkdir ki, əgər Mərkəzi Bank liberal məzənnə siyasətinə keçməsə, mövcud sərt pul krediti siyasətini davam etdirsə, böhranı, manata inamsızlığı 2017-ci ilə daşımış olacaq. Amma liberal məzənnə siyasətinin mənfi təsirlərinin minimumlaşdırılması vacibdir. Təklif edirəm ki, əgər Azərbaycan liberal məzənnə siyasətinə keçərsə, birmənalı şəkildə kompensasiya və ya subsidiya mexanizmi tətbiq etməlidir. Əvvəla, dollarla krediti olanlara kompensasiya verilməlidir. Çünki liberal məzənnə siyasəti manatın məzənnəsinin bazar tərəfindən tənzimlənməsi deməkdir. Bu, isə dollarla krediti olanlara kompensasiyanın verilməsini bir daha gündəmə gətirir. Mərkəzi Bankın, Maliyyə Nazirliyinin bu təklifə qarşı çıxmasına baxmayaraq, liberal məzənnə siyasətinə keçiləcəyi halda, bu, qaçılmazdır. Əks halda vətəndaşların kreditləri ödəməsi ciddi problem olacaq, problemli kreditlərin həcmi kəskin şəkildə artacaq".

V.Bayramov bildirir ki, istehlak bazarında qiymət artımlarının baş verməməsi üçün idxalla məşğul olan şirkətlərə həmin idxal əvəzlənənədək-yerli məhsul istehsalı təşkil edilənənədək subsidiyaların verilməsinə ehtiyac var. Bu da nəticə etibarilə həmin idxalçı şirkətlərin xərclərin bir hissəsinin qarşılanmasına və qiymət artımının qarşısının alınmasına gətirib çıxara bilər:

"Dollar krediti olanlara kompensasiyanın verilməsi liberal məzənnə siyasətinə keçiləcəyi halda, artıq qaçılmazdır. Hökumət də bunu həyata keçirməlidir ki, yeni məzənnə siyasətinin vətəndaşlara mənfi təsiri olmasın".

Bəs məzənnə hansı səviyyədə ola bilər? Ekspert bildirir ki, burada psixoloji təzyiqlər var:

"Mərkəzi Bank "qara bazar"ı aradan qaldıra bilmədi. "Qara bazar"ın manata psixoloji təzyiqi olduqca yüksəkdir. Bizim qiymətləndirməmiz göstərir ki, indiki siyasətlə manatın bazar məzənnəsi 100 dollar üçün 195 manatdır. Amma liberal məzənnə siyasətinə keçid olarsa, Mərkəzi Bank tamamən bazardən çəkilərsə, o zaman 1 dollar 2 manat 20-2 manat 50 qəpik intervalında dəyişə bilər".

Mərkəzi Bank hansı hallarda məzənnənin bu qədər düşməsinin qarşısını ala bilər? Eksper deyir, o halda ki cari tələbi ödəsin:

"Əslində, 2015-ci ilin sonunda təklif edirdim ki, 4 milyarda yaxın rezerv ölkəyə gətirilsin. Onun iki milyardı banklarda konvertasiya edilib, kiçik və orta sahibkarlara kredit formasında verilsin. Hətta kreditlərin verilməsi üçün xüsusi beynəlxalq və yerli ekspertlərdən ibarət xüsusi komissiyanın yaradılmasını təklif edirdim ki, kreditlər şəffaf şəkildə sahibkarlara təqdim edilsin və bu da real sektoru canlandırsın, ondan sonra Mərkəzi Bank liberal məzənnə siyasətinə keçsin. Təəssüf ki, bu təklif də reallaşmadı. Baxmayaraq ki, mən onu hökumətə və mediaya təqdim etmişdim. Mövcud cari tələbi ödəyib üzən məzənnə siyasətinə keçərsə, kursu müəyyən qədər optimallaşdıra bilər. Amma indiki məqamda milli valyutaya olan mövcud psixoloji təzyiqlə üzən məzənnəyə keçilərsə, manatın məzənnəsi mənim qiymətləndirməmə görə, 2.20-2.50 AZN arasında dəyişəcək.
 
Aktual.az
Xəbər 10533 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR