Deputatdan Cəmil Həsənliyə sərt sözlər: “Gömrükdə masaj servisi gözləyirdin?”

Deputatdan Cəmil Həsənliyə sərt sözlər: “Gömrükdə masaj servisi gözləyirdin?”

Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev öz facebook səhifəsində "Milli Şura”nın sədri Cəmil Həsənlinin son iddialarına cavab verib. Deputatın mövqeyi son dərəcə kəskin ifadələrlə müşayət olunub. Aktual.az həmin statusu təqdim edir.

"Ha deyirsən susasan, siyasi proseslərə bir azca müdaxiləsiz qalasan, alınmır. Müxalifətimizin radikal qanadının nümayəndələri heç lüzum yoxkən, durduq yerdə elə əndrəbadi açıqlamalarla çıxış edirlər ki, adamın matı-mutu quruyur. İndi də Cəmil Həsənli. Yenə mənasız polemika başladıb. Rəhmətliyin oğlu buyurub ki, bəs demə bunu Gömrük postunda yoxlamadan keçiriblər. Və? Vəssalam. Sadəcə yoxlanış olub. Sonra da çıxıb gedib işinin dalınca.

Cəmil bəyə deyən lazım, a kişi, Gömrük postu bəs nə üçündü? Gömrük postunda alpinizm kursuna yazılırlar, yoxsa xoreoqrafiya dərsləri verilir? Bəlkə Cəmil bəy yenicə qayıtdığı Çinin relaks eyforiyasından çıxmayıb və düşünüb ki, ona Gömrük postunda çinli qızların VİP masaj servisi - təklifi edillməli idi? Hə? Bunlar necə adamdı, nə məhsuldu, nə istehsaldı, nə tipdi? Biri desin, biz də bilək.

Axı hər şeyə siyasi don geyindirmək olmaz. Abır deyə bir şey var. Ölkəyə girib - çıxan adamın yoxlanması, postdan keçməsi qədər təbii nə ola bilər ki? Bu hər bir vətəndaşa tətbiq olunur. Normaldır. Adi, sıradan bir prosedurdur. Hamımız üçün də keçərlidir. Yox, əgər Cəmil bəydə Gözəl Bayramlıdan sonra fobiya yaranıbsa, bu başqa məsələ. Açıq desin. Fırlatmasın. Nala-mıxa vurmasın. Etiraf etsin ki, müxalifət düşərgəsində bəlli bir şəbəkə ölkəyə Gürcüstan üzərindən uzun illərdir qanunuz pullar daşıdığına görə nəzarət daha da güclənib, şübhələr artıb və özü də həmin şəbəkənin içində olduğu üçün qorxur, narahatdır.

Bayramlı demişkən. Adam demə il ərzində nə az-nə çox, düz 41 (?!) dəfə Gürcüstan turnesi yapıbmış. Canlı inkasator imiş. Camaatın gəlini ata evinə ildə 5 dəfə getməyə macal tapmazkən, Kərimlinin müavini Gürcüstana ildə 41 dəfə getməyə zaman ayarlaya bilirmış. Öz də müalicə adı ilə! Xəstə halı ilə!

Biz də deyirik, bu Əli Kərimli hardan dolanır, hardan qazanır. Övladını yüz minlik Universitetlərdə necə oxutdurur, cangüdənləri nə formada bəsləyir, son marka bahalı maşınları nətəhər alır.

Əlqərəz,sözüm sonda yenə Cəmil kişiyədi: Bu ölkəyə normal girib - çıxan adamla kimsənin işi yoxdu. Cinayət əlbirliyin, dövlət və millət əleyhinə fəaliyyətin yoxdursa ürəyini buz kimi saxla. Və unutma ki, Gömrük postu nə "Milli Şura”nın ofisidi, nə sənin kitabların çıxan mətbəədi, nə də qaçaqmalçılığa yaşıl işıq yandıran idarə. Yoxlanış, yoxlamaq onların birbaşa təyinatına uyğun məsələdir, qanunun tələbidir. Sənin də borcundur ki, yoxlanış tələb ediləndə tabe olasan, verilən suallara cavab verəsən, artistlik eləməyəsən.

Yəni, bu qədər sadə.

Xəbər 3459 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR