Daş atılırsa, yol doğrudu! - Aqil Ələsgər yazır

Daş atılırsa, yol doğrudu! - Aqil Ələsgər yazır

Dünən Azərbaycan Jurnalistlərinin VII Qurultayı keçirildi, keçirilməsinə, baxırsan ki, vəkil kimi vəkil, bloqqer kimi bloqqer olmayanlar, iqtidardakı hansısa məmurların arxa cibindən çıxanlar iki gündən bəri stəkanda fırtına əsdirirlər. Yadıma Mətbuat Şurasının I Qurultayı düşdü. O zaman sosial media deyilən bir şey yoxdu, sözü olan qurultaya gəlmişdi, daha kimsə status yazaraq, ürəyini boşaltmırdı. O qurultayda iştirak edənlərin əksəriyyəti bu qurultaya qatılmışdı. Könül istərdi ki, sizin dediyiniz kimi Elçin Şıxlı və digər özünü kənarda saxlayan ustadlar, qələm sahibləri də qatılaydılar. Ancaq kimsə qurultaya qatılmayıbsa, onun və ya qeyrisinin "o jurnalistlərin qurultayı deyildi" deməyə haqqı varmı? Hələ də bu dövlətdən maaş alan birilərinin həmin dövlətin tanıdığı Şuraya qılınc siyirmələri isə mənim qurultayda bitərəf qalmağımdan da anlaşılmaz bir vəziyyətdir. Bu gün o qurultaya qatılanlar və seçilənlərin hansının qurultaya kölgə salmaq istəyənlərdən az xidməti var? Əflatun Amaşovun yerinə iddianız vardı da, bizim xəbərimiz yoxdur? Tutalım, sizin qurultaya qatılmadığı üçün göylərə qaldırdıqlarınızın əksəriyyəti zamanında jurnalist təşkilatlarının rəhbərləri olublar və bəziləri hələ də sədrdirlər. Hansı biri bu zamana qədər hansısa jurnalistin sınıq barmağına ilk tibbi yardım edib? Soros Fondunun hesabına özlərinə gün-güzəran quranlar Azərbaycan jurnalistinə gün ağlayıb bu günə qədər, yoxsa hazırda 410 jurnalistin evlə təmin olunmasında, yüzlərlə jurnalistin problemlərinin həllində müstəsnə xidmətləri olanlar? Əflatun Amaşovun bir çox hallarda sırf şəxsi nüfuzundan sıravi jurnalistlər üçün istifadə etdiyinin dəfələrlə şahidi olmuşam ki, bunu onu bəyənməyənlərin heç biri etməzdi. Bu gün İdarə Heyətinə seçilənlərin hansı birini kim tanımır ki, etiraz edilir? O etiraz edənlərin, qurultaya kölgə salmaq istəyənlərin hansının bu gün jurnalistikamızda haqqı Rauf Arifoğlundan, Vusalə Mahirqızından, Aynur Camaldan, Azər Həsrətdən, Müşfiq Ələsgərlidən, Yadigar Məmmədlidən, Umud Mirzəyevdən, Hikmət Babaoğlundan, Aydın Quliyevdən, Elçin Mirzəbəylidən, Niyaz Niftiyevdən, Bahəddin Həzidən, Vuqar Rəhimzadədən, Rəşhad Məciddən, Akif Aşırlıdan, Aqil Abbasdan çoxdur? Baxın, adını zikr etdiklərimdən bəziləri ilə ciddi fikir ayrılığımız da var, zamanında mənim əleyhimə əl də qaldırıblar, töhmət də verdiriblər, sağ olsun, Əli müəllim bunu bilir və mənim çıxışımla bağlı danışarkən, mövzuya incə bir şəkildə toxundu, ancaq kiminləsə şəxs olaraq bir-birimizi sevməməyimiz içimizdəki ədalət hissini öldürməlidirmi? Tanrının haqqı Tanrıya, Sezarın haqqı Sezara verilməlidir. Haqsızlıq varsa, etiraz etməliyik, ancaq qurultay varsa, onunla bağlı söz orada deyilməlidir, necə ki, söz istədik, verildi və dedik. Jurnalist Qurultayı söz məclisidir, məclisdən kənarda söz demək qorxaqlıq əlamətidir. Kimsə gəlib, ədəbi ilə söz desəydi, ağzına yaş tərlik vurulacaqdı? Qurultayın tək fərqli səs verən nümayəndəsi olaraq, bu cümlələri rahat yaza bilirəmsə, deməli sizə də gözünüz üstə qaşınz var deyən olmayacaqdı, tam əksinə, rəngarənglik olacaq, bizim də çıxdığımız rayonlardan gələn həmkarların çıxışları ilə sizin statuslarda yazdıqlarınızı orada səsləndirməyiniz gözəl bir aura yaradacaqdı, dinamizmi artıracaqdı Əlqərəz, mənzil məsələsi gündəmdə olanda da, qurultay sonrası da biriləri sanki Azərbaycan jurnalistlərini təhqir etməkdən, iqtidara satılmaqda ittiham etməkdən zövq alırlar. Ancaq özləri kimlərin qucağında yaşamaqdadırlar, Allah da bilir, bəndə də... 
Yadıma 2000-ci illərdə, "Reytinq" qəzetində reportyorkən Xaqani 33-də yaşanan bir əhvalat düşdü. Onunla da söhbəti bitirmək niyyətindəyəm. Deməli, nə zaman Xaqani 33-ə gedirdik, adlarının qəzetdə getməsini istəyən cəbhəçi gənclər ətrafımıza yığışırdılar və ayıbdır söyləməsi, "bir çay da sən al" deyə, çayımızı da həmişə bizə aldırırdılar. Biz də xəbər almaq niyyəti ilə hər dəfə təklifi qəbul edirdik. Çay içdikdən, xəbər "alış-verişi" etdikdən sonra məclis soyuyana yaxın, mütləq bizim masamızdakı cəbhəçilərdən biri sanki vacibatdı deyə, iqtidara işləməkdə suçlamalıydı. Özümüzü kənarda tutub, "sizin qəzet də iqtidara işləyir' deməsəydilər, çatlayardılar. Ən son mən partladım ki, "ayə, biz iqtidara işləyiriksə, siz də mənim aldığım çayı içərək, elə iqtidarın çayını içirsiniz də. İçməyin də bunu". 
Qısacası, nə zaman belələrini gördükdə, o cəbhəçi gənclər yadıma düşür. Ancaq bunlar onların daha üst modelidirlər. Çünki onların içdikləri bir çay idi, bunların isə nəfəsləri də bu iqtidardan gəlir, ancaq elə hey deyirlər ki, biz .... Tövbə, tövbə... İdarə Heyətinə seçilən dostları, başda mənə arada ölkədə olmağı məsləhət görən Əflatun müəllim olmaqla, bütün kollektivi təbrik edirəm. Daş atılırsa, deməli doğru yoldasınız. Ədalət hissini heç vaxt itirməyin, gerisi təfərrüatdır...
Xəbər 861 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR