Damı yanan binanın tüstüsü hələ də çəkilmir

Damı yanan binanın tüstüsü hələ də çəkilmir

Bakı şəhərində yanan binaların ilki məhz həmin binaydı. 27 fevral 2015-ci ildə Buzovna qəsəbəsi, Rasim Imanov küçəsindəki 26a nömrəli binanın dam örtüyünün yandığı xəbəri yayıldı. Daha sonra məlum oldu əslində, yanğın binanın fasadından başlayıb. Plastik üzlüklə bəzədilmiş binanın 5-ci mərtəbəsindən başlayan yanğının miqyası xoşbəxtlikdən təkcə dam örtüyünü məhv edə bildi. Bu yanğın siqnal idi...
..Sonra Nobel və Azadlıq prospektindəki binalarda baş verən yanğınlar daha acınacaqlı oldu. Insanların ölümünə səbəb olan yanğının "günahkarı" polietilen üzlüklər imiş, sən demə.
Cənab prezidentin göstərişinə əsasən Bakı şəhərindəki plastik üzlüklə nə qədər bina varsa hamısının üzlüyü dəyişdirilməlidi. Və dəyişdirildi də. Hətta Olimpiya Oyunlarına qədər bir çox vacib binalarda bu işlər yekunlaşdı. Di gəl ki, yanğın siqnalını verən binanın bəxti hələ də açılmayıb. Buzovna qəsəbəsində yerləşən və belə üzlüklə "maskalanmış" bir çox binaların işləri yekunlaşmayıb. Sakinlər müraciəti əsasında adı çəkilən ünvanda olduq. Şəxsən Rasim Imanov küçəsindəki 26a nömrəli binanın aqibətiylə maraqlandıq. Binanın yola baxan hissələri tam olaraq təmir olunub. Bütün işlər yekunlaşıb. Bir daha xatırladım ki, binanın yola baxan hissəsi. Onu da xatırladım ki, həmin yoldan cənab prezident hər gün istifadə edir. 
Binanın həyət hissəsinə keçdikdə aysberqin görünməyən üzüylə rastlaşdıq. Yarımçıq olaraq üzlüklər vurulub, kabellər açıq şəkildə, dağıntıdan çıxmışmənzərəni xatırladır. Acınacaqlı tərəfi odur ki, 1 ildən çoxdur binanın fasad hissəsinə quraşdırılmış ayaqaltılar hələ də olduğu kimi qalır. Üzərində olan taxtalar və dəmir ayaqaltıların yaxşı bərkidilməməsi təhlükə mənbəyidi. Küləyin təsirində hər an faciə baş verə bilər. Üstəlik, hazır quraşdırılmış ayaqaltılardan oğrular da rahatlıqla istifadə edə bilər. Sakinlərin pəncərəni açıb küçəyə baxmaları da müşkül məsələdi. Sakinlərə bu geniş dünyanı kimlərin dar etdiyini öyrənmək qərarına gəldik. Ilk olaraq Buzovna qəsəbəsi Ərazi Numayəndəliyinə üz tutduq. Ərazi nümayəndəsinin məzuniyyətdə olduğunu, bu məsələyə aidiyyatı olan bir şəxsin olmadığını söylədilər. Mənzil Komunal Istismar sahəsinin rəisi Qəşəm müəllimlə qısa söhbətimizdə bir az ümidləndik: "Bu işi "Azimport" şirkəti həyata keçirir. Mən özüm dəfələrlə həmin ünvanda olmuşam. Təhlükəni qeyd etmişəm. Ümid edirik bu yaxında məsələ həllini tapar". 
Xəzər rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Sektor müdiri Mehtiyev Babəkin dediyinə görə onları bu işə heç bir aidiyyatı yoxdur: "Bu iş bizim tabeçiliyimizdə deyil. Bakı Şəhər Icra hakimiyyəti "Azimport" şirkəti ilə müqavilə bağlayıb. Işləri həmin şirkət yerinə yetirir. Bizə aidiyyatı ol adığı üçün işlərin nə vaxt yekunlaşacağını deyə bilmərik".
Məsələylə bağlı adı keçən "Azimport" şirkətiylə əlaqə saxlamaq cəhdlərimiz nəticə vermədi. 
Bu cür təhlükəli bir şəraitin davametməsinin ağır nəticəsi olanda kimin cavab verəcəyi də məlum deyil. 
Mövzuya qayıdacağıq.
 
 
 
 
 
 
 
 

Ülvi
Aktual.az
Xəbər 2823 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR