"Coğrafi baxımdan biz bir-birimizdən ayrıyıq" - Prezident


"Bu gün qəbul edəcəyimiz Bəyannamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox dəyərli fikirlər var. Bu sənəddə beynəlxalq hüququn norma və prinsipləri öz əksini tapır". 

Aktual.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) V Sammitində çıxışı zamanı bildirib.

Regional təhlükəsizlik məsələlərindən danışan İlham Əliyev Zəngəzurun Ermənistana verilməsindən sonra bütün türk dünyasının coğrafi bağlılığının aradan qaldırıldığını vurğulayıb:

"Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşamışdır, yaratmışdır. Nəinki Dağlıq Qarabağ, eyni zamanda, qədim türk torpağı olan Zəngəzur da bizim əzəli torpağımızdır. XX əsrin əvvəllərində Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana verməklə əslində bütün türk dünyasının coğrafi bağlılığını artıq aradan götürüblər. Bizim bağlılığımız təbii ki, gündən-günə güclənir. Amma coğrafi baxımdan biz bir-birimizdən ayrıyıq. 

Azərbaycan xalqına qarşı ədalətsizliklər olmuşdur və XX əsrin sonlarında da ədalətsizliklər olmuşdur. Bu gün beynəlxalq birlik tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınan Dağlıq Qarabağ və ətraf yeddi bölgə erməni işğalı altındadır. Ermənistan bütün hüquq normalarını kobudcasına pozub, bu bölgələrdə etnik təmizləmə siyasəti aparıb, bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın, köçkün vəziyyətinə düşüb". 

Prezident BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqe ortaya qoyduğunu da bildirib:

"Beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı öz fikirlərini bildirmişlər. BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir ki, orada Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması tələb edilir. Əfsuslar olsun ki, Ermənistan buna məhəl qoymur, işğalı davam etdirir, danışıqlar prosesində özünü səmimi və konstruktiv aparmır. Bu münaqişə və bütün başqa münaqişələr ancaq beynəlxalq hüququn norma və prinsipləri, ölkələrin suverenliyi, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü əsasında öz həllini tapmalıdır". 

Xəbər 654 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR