"Cibdə pul yox, iş yox..." - millət vəkili yazır


Elşən Musayev/millət vəkili

2 gün öncə yanıma bir ağsaqqal gəlmişdi. Təxminən atam yaşındadır. Əlində də iri portfel. Qoydu portfeli yanına, yerini rahatladı və danışmağa başladı: "Oğul, mən filoloqam, həm də şair. Yaxın bir adam həbs olunub, Rusiyada. Günahsızdı. Hava yaman soyuqdu ha. Uşaqlarımın hamısı ali təhsillidi, evləndirib, köçürmüşəm. Növbəti iclasınız nə vaxtdı? Nə yaxşı sovet höküməti dağıldı və müstəqil olduq. Qələmimi sizə hədiyyə edim?...” 

Əlqərəz, söhbət təxminən bir saat bu məcrada getdi. Yəni rabitəsiz. Adam son dərəcə gərgin, söylədiyi cümlələrin hamısı isə ayrı-ayrılıqda mövzu başlığı idi sanki. Sadəcə beyinin süzdüyünü ağız çatdıra bilmirdi. Qatıb-qarışdırırdı. Tələsirdi. Yəqin ona elə gəlirdi, hər an "işim var, yükunlaşdıraq”- deyə bilərəm. Bu səbəbdən tələsirdi məncə.

Bir baxdım, artıq saat yarımdı danışır. Özü də (bəzi reaksiyalarım xaric) tək. Və.. beləcə yarım saat da keçdi. Oldu 2 saat. Axıra qədər sözünü kəsmədim. Son kəlməsini də deyib rahatlaşdı. Birdən çöhrəsi açıldı, üzünə minnətdarlıq hissi çökdü, dərindən nəfəs aldı.  Zatən, o içəri girəndən anlamışdım ki, konkret nəyəsə gəlməyib, adamın sadəcə danışmağa, bölüşməyə ehtiyacı var. 

Nə bilmək olar, bəlkə evdə qızına nəsə deyən kimi "ay papa, sən Allah bəsdi”- cavabını alıb? Ya gəlini hansısa sözünü sarkazmla qarşılayıb? Yaxud oğlu uzun illər qapısını deyil, heç telefonunu da açmayıb, açanda da "özüm səni yığaram” söyləyib? Və ya hanısa məmurun qəbulunda "ağsaqqal vaxt azdı, qısa elə” -  kəlməsinə tuş gəlib? Dostlar qaçıb, qohumlar qaçıb, qonşular qaçıb? Bilmirəm. Ola bilər, bu söylədklərimin heç biri də olmayıb. Ona görə kimsənin babalını yumayım. Amma dəqiq olan bu idi ki, adamın içi dolu idi. Rahatlamaq istəyirdi və rahatladı. Razıyam, çox yordu məni. Səbrimi tükətdi.  Fəqət, elə inanılmaz xoşhal oldu, gedərkən nizamsız bığının altında elə şirin gülümsədi ki, yorğunluğum dərhal çıxdı. Hətta qapıya qədər ötürüb, kandarda: "Ağsaqqal, yolun Bakıya düşəndə düşünmədən gəl, çox maraqlı söhbətlərin var” – dedim. Bu sözdən sonra isə uçmağa bircə qanadları çatmırdı. Hə, mən onu aldatdım. Hətta pisimə gəldi. Amma bir kəlmə ilə xoşbəxt olacaqdısa, bunu eləməli idim. Və düşünmədən elədim.

***

O gedəndən sonra 2004-ün soyuq payızını xatırladım bir anlıq. İşsiz idim. Atamın ölümündən sonra çox kritik vəziyyət yaranmışdı. Hara əlimi atırdım, puç olurdu. "Uğursuz adamın dostu olmaz” - deyiblər. Düz də deyiblər vallah. Hamı qeybə çəkildi. Cibdə pul yox, iş yox, ümid tükənir, hər şey bərbad. Və... həmin aralıqda atamın bir keçmiş dostu hər gün axşam şəhərin o başından durub "Əhmədli”yə gəlirdi. Götürürdü məni, gedirdik  "Həzi Aslanov” parkına gəzməyə. İndi fikirləşib anlayıram ki, onunla heç bir mənalı söhbət eləməmişəm. Eləsəm də uşaq təfəkkürü ilə. Ən azından ona maraqlı olmayıb. Burası dəqiqdir. Amma həmişə elə mimikalar edirdi, elə təsdiqləyici reaksiyalar sərgiləyirdi, elə ciddi-surətlə məni dinləyirdi ki, özümün özümə hörmətim artırdı. Bir dəfə soruşdum, mənim işim niyə düzəlmir? Dedi, şükür elə, düzəlmir. Sən filan-filan vəzifələrə layiq adamsan, sən elə perspektivlisən, belə güclüsən, filansan, feşmankəssən. Neynirsən adi işi? Yəqin Allah imkan vermir də. Daha yaxşısı olsun deyə. 

Əslində o məni aldadırdı. Özü də, beynimin dərin qatında mən də bilirdim ki, yalandır bu. Amma onunla görüşəndən sonra evə şir kimi, əjdaha kimi, qoltuqlarımın altı şişmiş vəziyyətdə gəlirdim. Bəlkə işim düzəlsə, cibimdə milyonlar olsa elə özgüvəmin olmazdı... Ki, həmin güvəni mənə o insan verdi.

***

Odur ki, əzizlərim!

Bəzən kiminsə cibinə pul qoymağa, kiminsə işini düzəltməyə ehtiyac yoxdur. Dinləyin, yetər.

Bu həyatda hamının çox yox bircə dinləyəni olsa inanın, bütün intiharların, depresiyaların, komplekslərin, faciələrin qarşısını almaq mümkündür. 

İnsanlara ümid verin. 

Çün, heç birimiz bir gün o ümidə ehtiyac qalmayacağımızdan sığortalanmamışıq.

Həyat bu. Ona görə.

Xəbər 3329 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR