Cəlil Cavanşir: “Müasir dövrün şairi mənim kimi olmalıdır”

Cəlil Cavanşir: “Müasir dövrün şairi mənim kimi olmalıdır”

Aktual.az  artkaspi.az-a istinadən Cəlil Cavanşirlə müsahibəni təqdim edir:
 
 
  – 2010-cu ildə Gənc Ədiblər Məktəbində, ondan əvvəl də AYO-da yox idiniz. Ədəbiyyata qruplardan kənar gəlmək çətinlik yaratmır ki?
  – Yaradır, əslində. Mənim yaşıdlarım tanınmış imzalara çevrilmişdilər, mən isə həmin vaxt əyalətdə yaşayırdım, heç bir qrupla, heç bir dəstə ilə əlaqəm yox idi, ona görə də, tanınmırdım və çap olunmurdum. Gəncədə tələbəlik illərində "Gəncliyin səsi” adlı ədəbi birliyimiz var idi. Bir çox tanınmış imzalar o birlikdən çıxıb. Sevinc Mürvətqızı, Bəxtiyar Elcan, Bahadır Qobustan, Elməddin Nicat, Vüsal Hicran, Anar Gülümsoy, Raqif Raufoğlu və xeyli başqa imzalar var idi. İlk olaraq Gəncədə "Gəncliyin səsi” Ədəbi Birliyindən başladıq. Birliyə Firəngiz İdrisqızı rəhbərlik edirdi. Səhv xatırlamıramsa, 2006-cı ildə Bəxtiyar Elcan, Xanmir Telmanoğlu, Oktay Hacımusalı ilə birlikdə "Çölçülər Ədəbiyyat Mərkəzi”ni qurduq. O zaman bizdə sədrlik, rəhbərlik məsələsi yox idi. Müxtəlif qəzet və jurnallarda ədəbiyyat səhifələri hazırlayırdıq. Sonradan təşkilat üzvləri sədrlik məsələsini gündəmə gətirdi. Bu da məni qane etmədiyi üçün 2010-cu ildə bütün təşkilatlarla əlaqəmi kəsdim. Tənhalıqdan, təklikdən danışıb hansısa bir dəstənin içində fəaliyyət göstərmək uyğun gəlmir mənə.
  – Uşaq vaxtı dini təhsil də alıbsınız və bu, məcburi olmayıb. Çox maraqlı fakt da var ki, əvvəl dindar olan, dinə maraq göstərən insanlar sonradan ondan imtina edirlər. Bu nə ilə  bağlıdır?
   – Bu, insan həyatının mərhələləridir. Mən dini təhsil almağa başlayanda 12 yaşım olardı. Uzun müddət dini təhsil almışam, bu proses 20 yaşıma qədər davam edib. Quranın ərəbcəsini əzbər bilirdim. Sonra universitet illərində oxuduqlarım düşüncələrimi dəyişdi. Din mənim inkişafımı məhdudlaşdırırdı. Uzun müddət ateist, sonra tədricən aqnostik düşüncədə olmuşam.
İki il öncə aktyor Elməddin Cəfərovla görüşdük və bu görüş sonradan ciddi dostluğa çevrildi. Elməddin mənim düşüncələrimdə ciddi dönüş yaratdı.  Dinə, İslama münasibətimə yenidən baxmağa məcbur oldum.
  Hər zaman bütün dinlərin, eləcə də İslamın xurafatına, təhrif olunan tərəfinə qarşı çıxmışam. İslamın düzgün təbliğ edilmədiyini düşünürəm. Mənə elə gəlir ki, illərlə içimdə baş qaldıran təbəddülatlara son qoymuşam, yavaş-yavaş durulduğumu düşünürəm.     İnsan həqiqəti tapana qədər axtarışda olmalıdır. Mən öz həqiqətimi gec də olsa, tapmışam.
  –Həqiqəti dində tapmadınız?
  – Məncə, həqiqət nə dində, nə də fəlsəfədədir. Tamam başqa bir yerdədir.
  – Haradadır?
  – Hələlik, mən öz həqiqətimi tapmışam. Öz kiçik dünyamın həqiqətini yavaş-yavaş yazılarıma hopdururam.
  – Ömər Xəyyamla müsahibəmizdə söylədi ki, şair, yazıçı həqiqətini tapanda, yazı prosesi dayanır. Yazmağa davam edənlər, həqiqəti və həyatın mənasını tapmayan insanlardır. Siz bu fikirlərlə razısız?
  – Yazı tamam başqa prosesdir. Məncə, Ömər Xəyyam yanlış qənaətdədir. Yazı axtarış prosesi deyil, insan özünü yazı ilə axtara bilməz. Yazı axtarış ola bilməz, yazı tapdığın həqiqətlərin yekunu ola bilər. Yaradıcı qənaət ola bilər, lakin insan yazı ilə axtarışda ola bilməz.
  – Musa ilə çobanın əhvalatını eşitmisiniz, yəqin. "Toxun mənə, Tanrım” şeirinizdə sanki siz də o əhvalatdakı çoban kimi Tanrı ilə səmimi söhbət edirsiniz. Sizin dini biliklərinizin əsərlərinizə təsiri olubmu?
  – Mən dini müxtəlif tərəflərdən araşdırmışam. Məhz o şeirdə dini biliklərimin təsiri var. Mənim Allahla münasibətim başqa müstəvidədir. Kimi Allahdan qorxur, kimi onun olmadığını, kimi də özünün Allah olduğunu düşünür. Mən Allahı dostum kimi görürəm. Dərdləşə biləcəyim, bəzən  əsəbiləşə, küsə, gileylənə biləcəyim biri kimi görürəm. Çoxları o şeiri küfr hesab edib, tənqid edir. O şeir yaradıcılığımda xüsusi yeri olan şeirdir. Üzərində düşündüyüm qənaətlərin məcmusudur. Allahla aramdakı mübahisələr nəticəsində yaranan bir şeirdir. Çoban kimi, Allahla səmimi söhbət var.
  –  Niyə sizin yazdığınızı qəbul etmirlər, amma Musa və çobanın əhvalatını ibrətamiz hekayə kimi danışırlar?  Sizcə, səbəb nədir?
   – Məsələ mənim imicimlə bağlıdır. Hətta ən yaxın dostlarımla oturub nə isə söhbət edəndə məni ateist hesab edirlər.  Musa ilə çobanın hekayəsi bir əhvalatdır.  Adamlar əhvalata inanmağa çox meyllidir. İnsanlar nağıla inanmağı sevirlər, amma bunu canlı-qanlı bir şair, üstəlik ateist kimi tanınan biri yazanda, qəbul etmirlər. Başa düşməyənlərin əsas səbəbi mənə olan münasibətləridir. Əslində, o şeir, Nitsşenin dediyi kimi, azlıq üçün yazılıb.
 
 
  –  Sizcə, yaradıcılığınızı şəxsi imicinizə qurban verirlər?
  –  Mən daha çox sevgi, ayrılıq şeirləri yazırdım. Dostlarım mənimlə zarafat edirdilər ki, sənin şeirlərində əsas açar sözlər siqaret, içki, qadın, darıxmaqdır. Tənha insan imici yaranmışdı insanların düşüncəsində. İndi də o imicdən qurtula bilməmişəm. Lakin daxilimdə fərqli proseslər gedir. Yazdığım şeirlərdə daha konseptual fikirlər ortalığa qoymağa çalışıram. Fikir vermişəm, ciddi konsepsiyası olan şeirlər oxunmur, həmişə ən aktual olan şeirlərim, "atüstü” yazdığım şeirlər olub. 3-5 il sonra şeir kitabı çap etsəm, o şeirlərin heç birini ora daxil etmərəm. Mənim öz yaradıcılığımda sevdiyim 4-5 şeir var. Amma oxucuların sevdiyi şeirlər var, hətta o qədər paylaşırlar ki, özüm də bezirəm.
  –  Ayrılığa aid olan şeirlərinizdə qəribə ab-hava hiss olunur. Özündən razılıq, özünə inam var. Məsələn, "Sən getsən darıxmayacam”, "Sən elə bilirsən məni tərk etsən, göy üzü çökəcək, ulduz axacaq?” kimi. Amma həyatda elə deyilsiniz. Tez inciyən, tez küsən, tez darıxan birisiniz. Şeirlərinizdəki insanla ziddiyyət təşkil edirsiniz. Mənə maraqlıdır ki, onların hansı əsl Cəlil Cavanşirdir?
  – Hər zaman darıxan insanam, lakin biganə dönəmlərim də olub. Kiminsə getməyi məni maraqlandırmırdı. Həyatımdakı qadınlar tez-tez dəyişirdi və mən fikirləşirdim ki, bundan yaxşı şey ola bilməz. Artıq o mərhələləri keçmişəm. İki uşaq atasıyam. Ayrı yaşasaq da, övladlarım var. Valideynlərimdən oğlumun jurnaldan mənim hekayələrimi oxuduğunu eşitdim. Qəribə hisdir. Çox çalışıram ki, küsəyən olmayım. Bəzi insanlar məni eqoist, özündənrazı olduğumu hesab edirlər. Yaxından tanımırlar, çünki. Çox gözəl, fərəhli həyatım yoxdur. Kədərli, hüznlü ola bilərəm, bu, normaldır. Bilmirəm, bu obraz dəyişməlidir, şairin xüsusi bir obrazı olmalıdırmı?  Mən səmimiliyi sevən insanam. Necəyəmsə, o cür görünməyə çalışıram. Bütün günü oturub fəlsəfi fikirlər paylaşa bilərəm. Xarici dil biliklərim var. Kitablar tərcümə edirəm. Tanınan saytlardan birində şef redaktoram, bütün günü əlimin altından materiallar keçir, evimdə normal kitabxanam var. Özümü məcbur etsəm, ciddi, ağırtaxtalı imic yarada bilərəm. Sadəcə, bunları etsəm özüm olmayacağam.
  Mən özüməm, darıxanda da, tənha olanda da, çoxluğun içində də. Özümü  insanlara yüksək intellektual səviyyəli, klassikanı, dünya ədəbiyyatını bilən, bir şair kimi təqdim etmək istəmirəm.
Elə içimdəki bu uşaqla da yaşayıb gedəcəyəm. Mənim on yaşında oğlum olmasına baxmayaraq, anamla bir gün danışmayanda, narahatlıq hiss edirəm. Hər dəfə maaş alanda özümə yeni oyuncaqlar da alıram. Elə vaxt olur ki, valideynlərimin, övladlarımın şəkillərini qoyuram qarşıma, saatlarla ağlayıram. Belə adamam, dəyişmək fikrimdə yoxdur.
  – Sizcə oxunan ədəbiyyatla böyük ədəbiyyatın fərqi nədir?
  –  Ağır sualdır. Lakin qəbul etməliyik ki, kütləvi hesab etdiyimiz detektivlər, sevgi romanları  tərəzinin bir gözündə, ciddi ədəbiyyat isə digər gözündədir. Ağır gələn hələ ki, kütləvi ədəbiyyatdır. Həmişə bunu demişəm, yazıçı oxucunun arxasınca düşməməlidir. Yazıçı populyarlığın, kütləviliyin arxasınca düşməməlidir. Kütləvi yazar olmağın reseptini bilirəm, ancaq heç vaxt bunun arxasınca getməmişəm. Çox satılan kitab yaza bilərəm, amma yazmıram. İçimdən gələni yazmaq istəmişəm həmişə.
Dünyada da eynən bizdəki kimi proses gedir. Populyar ədəbiyyatla ciddi ədəbiyyatın sərhədləri konkretdir.
Populyar ədəbiyyatın tərəfdarlarını da qınamıram. Hətta düşünürəm ki, bu qədər texnologiyanın, sürətli internet erasının içində yüz min tirajlarla kitabı satılan insanlar, ciddi insanlardır.
  – Deyirsiniz, böyük ədəbiyyat populyar olmur. Axı bu yazıçını da çətinliyə salır. Ölümündən 100 il sonra tanınmaq yazıçının nəyinə lazımdır?
  – Mən yazdıqlarımı hamının oxumasını istəmirəm. İstəyən oxusun, istəməyən yox.
 
 
  – Bəlkə sevilirsiniz deyə belə düşünürsünüz? Bəs oxunmasaydınız necə?
  – Heç narahat olmazdım. Mən bir şeiri yazdıqdan 3 gün sonra oxuyuram. O zövqü ala bilmirəmsə, şeir mənim üçün bitir. Digər yazılarım da həmin çərçivədə deyilsə, o yazı populyar olsa nə olacaq, olmasa nə olacaq? Daha konkret deyərdim ki, yazıçı yazanda populyarlığı, çox satılmağı düşünürsə, qınamıram. Kafka, Artur Rembo kimi yazarlar sonradan tanınıblar. Hamımızda kitab rəfini yeniləmək prosesi olur. Adətən, çox satılan, bizim üçün lazım olmayan kitabları hədiyyə edirik, başqalarına veririk. Düşünmürəm kimsə Markesi, Dostoyevskini, Kafkanı asanlıqla rəfindən çıxarsın
  –  Birinci  romanınız "İtirilmiş əlyazma” tənqid olundu. Ondan sonra "Qadın corabları” romanınız da  tənqid olundu. Belə çıxır ki, bu tənqidlərdən nəticə çıxarmadınız?
  – Niyə tənqid etməməlidirlər ki? Əslində, "Qadın corabları” o qədər də tənqid olunmadı. Tənqidçilər "müdrikcəsinə” susdular. Ən sevdiyim kitablarımdan biridir. Tənqid olunmasa da, o kitabı uğurlu kitab hesab edirəm. Çünki o kitabla roman janrında davam edəcəyimi müəyyənləşdirdim. "İtirilmiş əlyazma” ilk qələm təcrübəsi idi. Hətta  yazmaq üçün kompüterim yox idi, işdən sonra ofisdə qalıb yazırdım. İdeya dayımdan gəldi. Yaxşı qonorar da vəd etmişdi ki, həvəslənim. Mən də yazdım. Ən çox satılan kitabım oldu. Nəşriyyat da çox güzəşt etdi. 200-300 kitab hədiyyə etdi. Dayım vəd etdiyi qonorarı verdi. Amma o kitabın üstündə 3 ay işləmişəm. "Qadın corablar”nı isə 3 ilə yazmışam. İndi isə yeni romanımın üzərində işləyirəm. İl yarımdır hər gün oxuyuram, redaktə prosesi gedir. Şeir ovqat məsələsi, iç məsələsi olduğuna görə, şeirlərimi oxuyuram, çapa verirəm. Roman isə ciddi məsələdir. Dediyiniz kimi, tənqidlərdən nəticə çıxarıb üzərində işləyirəm. "İtirilmiş əlyazma” haqqında çox tənqid aldım deyə, boşluqları gördüm.
  – Şeirlərinizin çoxunu sevgi şeirləri təşkil edir. Sizcə, artıq daha fəlsəfi, sosial şeirlər yazmağın zamanı çatmayıbmı?
  – Birincisi, mən hələ də sevirəm və hələ də gəncəm. İkincisi, niyə də yaddaşlarda sevgi şairi kimi qalmayım? Mən zövq alaram ki, məni sevgi şairi kimi tanıyırlar. Mənim fəlsəfi, ictimai-siyasi məzmunlu şeirlərim də çoxdur. Məsələn, dekabr ayında "Pieta” mövzusunda rəssam Vüsal Rəhimlə birlikdə ciddi art-performans hazırlamışdıq. Layihəmiz iki dildə təqdim olundu. Mətbuat da, dostlar da böyük müdrikliklə susdular, çünki bu, Azərbaycanda bir ilk idi. Layihənin meneceri isveçrəli Anna xanım o şeirin ingilis dilində tərcüməsini oxumuşdu. Tədbirlərin birində məni ona təqdim etdilər, rəğbətini bildirdi. Bizim ədəbi ictimaiyyət isə susdu. Çünki onlara darıxan, kədərlənən, sevgi şeirləri yazan, problemlər içində çapalasa da, gənc qızların sevimlisi olan Cəlil Cavanşir maraqlıdır.
  Ədəbi ictimaiyyət, mətbuat ciddi imzalara qarşı soyuqqanlı, populyar imzalara qarşı isə qısqancdır. Ötən il şeirlə bağlı ardıcıl üç esse yazdım, amma məsələnin ciddiyyəti heç kəsi narahat etmədi, polemikaya qoşulmaq istəmədilər.
  – Həm nəsr, həm nəzm, eyni zamanda tərcümələr, tənqidi yazılar qələmə alırsınız, gitara dərsləri, bununla paralel olaraq, bəstəkarlarla işləyirsiniz, köşələr yazırsınız. Bu qədər iş sizi parçalamır ki?
  – Maraq dairəm rəngarəngdir, məncə, yaradıcı adam çoxşaxəli olmalıdır. Məsələn, Bob Dilan, Leonard Kohen və başqaları. Elə şeylər var ki, onlar haqqında yazmaq asandır, elə şeylər də var ki, onları araşdırmalısan. Eyni zamanda yaşamaq üçün gördüyümüz işlər var. Yaradıcılıq sonsuz, çoxşaxəli, bitib-tükənməyən bir prosesdir. Parçalanmaq, əslində, bütövlükdür.
  –  Bu sizi bir sahə üzrə püxtələşməkdən geri qoymur ki?
  – Qətiyyən. Hobbilərim ayrı, məşğul olduğum sahə ayrıdır.
  – Müxtəlif dillərdən tərcümə edirsiniz və bəzən tərcümələrinizdə dil xətalarına da rast gəlinir. Maraqlıdır ki, bu işləri tələsik görürsünüz deyə belə səhvlər olur, yoxsa?
  –  Hər şeyi redaktorun üstünə atmaq istəmirəm. Təbii ki, tələskənlik olur. 2011-ci ildən tərcüməçi kimi fəaliyyət göstərirəm. Alman və türk dillərindən 12 kitab tərcümə etmişəm. "Hədəf” nəşrlərində işləyəndə 4-5 kitabı tərcümə etdim. Eyni zamanda  Freyd, Nitsşe kimi müəllifləri tərcümə etməyə girişdim. Təbii ki, qüsurlar olmalı idi. 25-26  yaşımda bunlara cəhd etmişəm. İşin nəşriyyat tərəfi də var. Tərcüməçi qüsurlu məhsul verə bilər, redaktorun işi onu nizama salmaqdır.
  – Tez-tez şeir gecələrində iştirak edirsiniz. Oraya kifayət qədər heyranlarınız gəlirlər. Maraqlıdır ki, bu dinləyici səviyyəsi sizi qane edirmi?
  – Qane etmir. 2012-ci ildən dostum Elməddin Süleymanovla və digər dostlarla bərabər şeir gecələri keçirdirik. Bütün dünya ədəbiyyatını əhatə edən şairlərə, eyni zamanda öz yaradıcılığımıza yer verirdik. Auditoriya da 5-10 şeiri anlayan adam olursa, bu, məni qane edir. Amma bəzən  bu da olmur. Bəziləri Cəlil Cavanşiri görməyə, bəziləri içki içməyə, bəziləri də şəkil çəkdirməyə gəlir. İki həftə bundan əvvəl gitaranın müşayiəti ilə çıxmışdıq səhnəyə, amma musiqi, şeir məni yordu. Ürəyimcə olmasa, daha bu gecələrə son verəcəyəm. Bu işə çox enerji sərf edirəm. Amma bilirəm ki, yaxşı qiraətçi deyiləm. Sadəcə, bu işə maraq yaratmaq arzusundayam. Gəncləri həvəsləndirmək üçün ədəbiyyat havası, şeir ovqatı lazımdır. Adətən şair dostlarımı dəvət edirəm və heç biri şeir gecəsinə gəlmir. Son şeir gecəsində Səlim Babulloğlu gəlmişdi, bu, məni çox ürəkləndirdi, həvəsləndirdi.
  – Müasir texnologiyalar dövrü insanlara çoxlu imkanlar tanıyır.  Məsələn, oxucular öz şairlərinin, yazıçılarının hansı halı keçirdiyini, hansı vəziyyətdə olduğunu anbaan, saatbasaat izləyə bilirlər. Halbuki keçmiş zamanda belə deyildi.  Ancaq illər sonra o yazarların məktubları tapılanda, məlum oldu ki, sən demə,  filan vaxt şair depressiyada imiş. Bu baxımdan, sizin də bir ara ciddi sorunlarınız var idi. Rayona köçmüşdünüz. Düşünmürsünüz ki, bəlkə də hər şeyi paylaşmaq, hər şeyi hamı ilə bölüşmək sizi nə vaxtsa tükənməyə gətirib çıxarar?
  – Bir müddət o tükənməni  hiss etdim. Mənim həyat və yaradıcılıq haqqında fikirlərim çox rahatdır. Qoy bilsinlər ki, yazıçı əziyyət çəkir. Bəlkə də, oxucu hər şeyi bilməməlidir. Bəlkə də müasir dövrün şairi mənim kimi olmalıdır.
 – "Çovdarlıqda uçurumdan qoruyan” əsərində yazılıb ki, əsl yazıçı odur ki, onun əsərini oxuyub bitirəndən sonra özünə yığasan…
 – Düzdür. Oxucu kimi Qismətin, Şəhriyar del Geraninin, Salam Sarvanın, Aqşin Evrənin, Aqşin Yeniseyin şeirlərini oxuyanda məndə o istək yaranır. Tez-tez şeirlərimi oxuyub, zəng edən, şeirlərimi səsləndirib mənə göndərən oxucularım  olur. Görüşmək, söhbətləşmək, dərdləşmək istəyən oxucular da var. Bəlkə də, Selincer haqlıdır, mən ciddi şairəm…
 
Aktual.az
Xəbər 2947 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR