"Bu il Azərbaycan iqtisadiyyatına 5 milyard dollar sərmayə qoyulub" - Prezident


"Əlbəttə ki, bütün uğurlara nail olmaq üçün bizim güclü iqtisadi potensialımız olmalıdır. Altı ayın göstəriciləri məni çox qane edir. Qeyri-neft iqtisadiyyatımız altı ayda 1,7 faiz artıb. Bu, çox yaxşı göstəricidir. Mən xüsusilə qeyri-neft iqtisadiyyatını qeyd edirəm. Çünki ümumi iqtisadi göstərici, yəni, ümumi daxili məhsulun göstəriciləri daha çox neftin hasilatına və neftin qiymətinə bağlıdır. Bu da dəyişir. Ona görə, bu, bizim gördüyümüz işlərə qiymət vermək üçün əsas amil kimi qəbul edilə bilməz".

Aktual.az  "APA”ya istinadən xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda deyib.

Ölkə başçısı qeyri-neft sektorunda 1,7 faiz artımı aparılan iqtisadi islahatların nəticəsi kimi qiymətləndirib: "Hesab edirəm ki, bu, xüsusilə indiki şəraitdə çox yaxşı göstəricidir. Qeyri-neft sənayesi daha çox artıb. Burada artım 4,4 faizdir. Hesab edirəm ki, bu da mümkün olan ən gözəl göstəricidir. Bu, onu göstərir ki, islahatlar və apardığımız siyasət öz nəticəsini verir".

Prezidentin sözlərinə görə, bu ilin altı ayında ölkə iqtisadiyyatına 5 milyard dollar sərmayə qoyulub. "Bu gün sərmayə qoyuluşu demək olar ki, bütün ölkələrdə azalır. Çünki maliyyə sıxıntıları, problemlər var. Amma Azərbaycana sərmayə qoyulur və bu sərmayənin böyük hissəsi xarici sərmayədir. Yəni, xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir. Nəyə görə? Təkcə ona görə yox ki, bizdə yaxşı investisiya iqlimi var. Ona görə ki, Azərbaycan bu gün sabitlik məkanıdır və investorlar ancaq sabit olan yerlərə sərmayə qoyurlar. Sabit olan ölkələrin sayı kəskin azalır. Ona görə əminəm ki, gələcəkdə daha çox xarici sərmayədar Azərbaycana investisiya qoymaq üçün bizə müraciət edəcək", - deyə dövlət başçısı qeyd edib.

İlin birinci yarısında 122 min yeni iş yerinin açıldığını deyən prezident əlavə edib ki, onlardan 101 mini daimidir: "Onu da qeyd etməliyəm ki, 24 min iş yeri bağlandı. Bunun da həm obyektiv, həm də subyektiv səbəbləri var. Bu, əslində daimi prosesdir. Ancaq biz rəqəmlərə baxanda, - 122 min iş yeri açılıb, 24 min iş yeri isə bağlanıb, - əlbəttə, görürük ki, yenə də iş yerlərinin açılması prosesi uğurla gedir. Ona görə də bizdə işsizlik aşağı səviyyədədir".

Prezident həmçinin deyib ki, xarici ticarət dövriyyəsinin göstəriciləri də müsbətdir: "Bu ilin altı ayında ixrac 36 faiz artıb. Burada da ən önəmlisi qeyri-neft ixracıdır. Qeyri-neft ixracı altı ayda 27 faiz artıb. Bax, budur gördüyümüz işlərin nəticələri. Bununla bərabər, idxal 15 faiz azalıbdır. Müsbət saldo 1,9 milyard dollar təşkil edir. Hesab edirəm ki, hər bir ölkə üçün bu, ən arzuolunan nəticələrdir. Kənd təsərrüfatı da 2,2 faiz artıb".

"Bu göstəricilər, - yəni, bunlara heç bir şərh verməyə ehtiyac yoxdur, - dünya miqyasında bu gün ən gözəl göstəricilərdir. Bunu o ölkə əldə edib ki, biz hələ enerji amilindən asılıyıq. O ölkə əldə edib ki, onun gəlirləri son iki il ərzində üç-dörd dəfə azalıb. Bax, budur bizim siyasətimiz, gördüyümüz işlər və əldə etdiyimiz nəticələr", - deyə o qeyd edib.
 

Aktual.az

Xəbər 363 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR