Sürücülərə şad xəbər

Sürücülərə       şad xəbər

Bakının mərkəzində bağlanan yollarda təmir işləri 2 günə yekunlaşacaq 


“Yusif Səfərov küçəsinin Bakı şəhər Baş Polis İdarəsinin qarşısından Heydər Əliyev prospektinə qədər olan hissəsində asfalt-beton işləri aparılıb. İndi bu yolun hərəkət hissəsində üfüqi nişanlanma işləri gedir. Güman edirəm ki, yolun həmin hissəsi 1-2 saatdan sonra nəqliyyatın hərəkəti üçün tam açıq olacaq”.

 

Bunu “APA-Economics”ə açıqlamasında Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev bildirib.

 

Onun sözlərinə görə, dünən axşam saat  23:00-dan etibarən təmir işləri ilə əlaqədar Heydər Əliyev prospektinin qarşısından Yusif Səfərov küçəsinə çıxış nəqliyyatın hərəkəti üçün bağlanıb: “Bayram günlərində təmiri sürətlə davam etdirilən Yusif Səfərov küçəsinin  Baş Polis İdarəsinin qarşısından Heydər Əliyev  prospektinə çıxışının  yaxın saatlarda açılması gözlənilir. Demək olar ki, dönmə əməliyyatı üçün nəzərdə tutulan hissə və həmin ərazidən Heydər Əliyev prospektinə çıxışda son tamamlanma işləri başa çatmaq üzrədir. Heydər Əliyev Mərkəzinin qarşısından Yusif Səfərov küçəsinə çıxışda  isə  işlərin axşam saatlarında başa çatdırılması planlaşdırılır”.

 

P. Mürsəliyev deyib ki, dünən Süleyman Rüstəm küçəsində asfalt-beton işləri yekunlaşıb: “Hazırda orada kommunikasiya quyularının dəmir-beton plitələrinin və baxış qapaqları dəyişdirilir. Sabahdan orada da işlər yekunlaşacaq”.

 

O, həmçinin qeyd edib ki, bu gün səhər saatlarından Şəmsi Bədəlbəyli küçəsinin Azadlıq prospekti ilə kəsişməsindən Rəşid Behbudov küçəsi ilə kəsişməsinədək olan hissəsi nəqliyyatın hərəkəti üçün bağlanıb: “Hazırda həmin ərazidə köhnə asfalt-beton örtüyünün qaşınması işləri gedir. Sabahdan etibarən isə ora yeni asfalt-beton örtüyünün döşənməsinə başlanılacaq”.

 

“Azəryolservis” rəsmisi əlavə edib ki, paralel olaraq şəhərin digər istiqamətlərində də işlər gedir: “Ümumiyyətlə, yaxın 2 gün ərzində Bakının mərkəzində bağlanan bütün yollarda aparılan təmir işləri tamamilə yekunlaşacaq. İş günlərində artıq Bakıda bağlı küçə olmayacaq. Bütün yollar açılacaq”.

 

P.Mürsəliyev bildirib ki, hazırda Səttar Bəhlulzadə küçəsində də asfalt-beton örtüyü döşənir: “2200 metr məsafədə səki daşları qoyulub və asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb. Dünəndən etibarən artıq bu yolda da işlər gedir. Bakının Puşkin küçəsindən Rəşid Behbudov küçəsinə qədər olan hissəsindəki yolda da xətlənmə işlər yekunlaşıb və yol artıq istifadəyə verilib.  Həmçinin Dilarə Əliyeva və Nizami küçələrində də işlər yekunlaşıb”.

 

Qurum rəsmisi “20 Yanvar” dairəsində genişləndirmə işlərinin və Bakı dairəvi yolunda təmir işlərinin davam etdiyini vurğulayıb: “Biləcəri enişindən Rəşid İsmayılov küçəsinədək olan hissədə işlər görülür. Ziya Bünyadov küçəsinin Atatürk və Azadlıq prospekti ilə kəsişməsində yol ötürücülərində temperatur tikişlərinin dəyişdirilməsi işləri davam etdirilir. Bu işlər isə xeyli müddət çəkəcək. Amma 2 günə şəhərin mərkəzində bir dənə də olsun bağlı küçə olmayacaq”. 


Xəbər 888 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR