Bu gün neftçilərin peşə bayramıdır

Bu gün neftçilərin peşə bayramıdır

Bu gün, sentyabrın 20-də Azərbaycanın neft-qaz sənayesi işçilərinin peşə bayramı - "Neftçilər günü" qeyd edilir.

Aktual.az xəbər verir ki, bu tarixin "Əsrin müqaviləsi" ilə üst-üstə düşməsi təsadüfi deyil. Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə 20 sentyabr hər il Azərbaycanda Neftçilər günü peşə bayramı kimi qeyd edilir. Bu günün neftçilərin peşə bayramı günü kimi qeyd olunması 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanması ilə bağlıdır. Məhz bu müqavilə ölkənin neft-qaz sənayesinin dirçəlməsinə və Azərbaycanın gələcək rifahına və çiçəklənməsinə başlanğıc olub. Respublikanın enerji sektorunun inkişafı iqtisadiyyatın qeyri-neft sahəsinin fəal artımına gətirib çıxarıb.
"Əsrin müqaviləsi"nin əhəmiyyəti respublikanın neft satışından əldə etdiyi vəsaitlərin həcmi ilə kifayətlənmir. Bu sazişin imzalanması Azərbaycanı ölkə iqtisadiyyatına müxtəlif layihələrin həyata keçirilməsinə və çoxmilyardlı investisiyaların qoyuluşu üçün etibarlı tərəfdaş kimi təsdiq edib. Məhz bu saziş ölkəyə inamı artırdı ki, bu da həm respublika daxilində, həm də ondan kənarda müxtəlif layihələrin həyata keçirilməsinə gətirib çıxardı.

İndi Azərbaycan neft ixtacından əldə edilən vəsaitlər alıcısından, ölkə xaricində iqtisadiyyatın müxtəlif sahələrinə investisiyalar yatıran investora çevrilib. Neft gəlirləri ölkə qarşısında Gürcüstan, Türkiyə və digər ölkələrdə layihələrin həyata keçirilməsinə imkanlar açıb.
Bu il isə Azərbaycanın neft sənayesi üçün daha bir əlamətdar hadisə ilə yadda qalıb. Belə ki, sentyabrın 14-də "Azəri”, "Çıraq” yataqları və "Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) 2050-ci ilə qədər birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalanıb. Yeni saziş Azərbaycan Prezidenti İlham Əliyevin və bir qrup yüksək səviyyəli xarici hökumət və dövlət rəsmilərinin iştirak etdiyi tədbirdə Azərbaycan hökuməti adından SOCAR-ın prezidenti Rövnəq Abdullayev və tərəfdaş şirkətlərin - SOCAR, "BP”, "Chevron”, "Inpex”, "Statoil”, "ExxonMobil”, "TP”, "Itochu” və "ONGC Videsh” nümayəndələri tərəfindən imzalanıb. Yeni saziş Azərbaycan Milli Məclisi tərəfindən ratifikasiya olunmalıdır. Saziş təsdiqləndikdən sonra AÇG-də tərəfdaşların yeni iştirak payları bu nisbətdə olacaq: BP - 30,37%, AzACG (SOCAR) - 25,00%, "Chevron" - 9,57%, "Inpex" - 9,31%, "Statoil" - 7,27%, "ExxonMobil" - 6,79%, TP - 5,73%, "Itochu" - 3,65% və "ONGC Videsh Ltd." (OVL) - 2,31%.
İmzalanma mərasimində çıxışı zamanı Prezident İlham Əliyev yeni müqavilənin Azərbaycanın inkişafı üçün çox böyük əhəmiyyəti olduğunu vurğulayıb.
 
Aktual.az
Xəbər 877 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR