Bu gün ilk çərşənbə qeyd olunur

Bu gün ilk çərşənbə qeyd olunur

Bu gün Azərbaycanda ilk çərşənbə - Su çərşənbəsi qeyd olunur.

Novruz bayramına 4 həftə qalmış insanlar həyat üçün vacib dörd ünsür - su, od, yel və torpaqla bağlı çərşənbələri təntənəli şəkildə qeyd edirlər.

El arasında bunlara "boz ayın çərşənbələri" də deyilir. Novruz bayramının ilk çərşənbəsi - Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. İlk çərşənbə ərəfəsində ev-eşiklər sahmana salınır, bağ-bağçalarda ağacların, gül kollarının dibi bellənir. Hər çərşənbənin öz təamı, öz xonçası var. Su çərşənbəsinin xonçasında pak, təmiz su mütləq olmalıdır. Suyun ətrafına quru meyvə, rəngli şamlar, ləbləbi - kişmiş, çətənəli, küncüdlü, fındıqlı-qozlu qovurğa qoyulur.

Su çərşənbəsində yaşlılar üçün qovurğadan qovut çəkir, üstünə bəkməz və ya bal tökürlər. Xalq inancına görə, birinci çərşənbə günü su və su mənbələri təzələnir, hərəkətə gəlir. Su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər. Ümumiyyətlə, saflıq, təmizlik rəmzi olan su hər zaman müqəddəs hesab edilib. Su çərşənbəsi axşamı süfrəyə təmiz su qoymaq lazımdır və hamı həmin sudan içməlidir. 

Su çərşənbəsi "əzəl çərşənbə" və ya "Sular Novruzu" da adlanır.
 
 
Aktual.az
Xəbər 692 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR