“Belə davam etsə, müharibə qaçılmaz olacaq”

“Belə davam etsə, müharibə qaçılmaz olacaq”

Fevralın 24-dən 25-nə keçən gecə təmas xəttində vəziyyətin gərginləşməsi böyük müharibənin başlana biləcəyi ilə bağlı ehtimallara yol açıb. 

Maraqlıdır, düşmənlə təmas xəttində baş verənlər irimiqyaslı əməliyyatların alovlanmasına rəvac verə bilərmi? İkinci Qarabağ savaşının başlaması mümkündürmü? 

 

Moderator.az-ın mövzu ilə bağlı suallarına millət vəkili Elşən Musayev aydınlıq gətirib.

 

E.Musayev öncə Ermənistanın cəbhə xəttində vəziyyəti gərginlik törətməsinin səbəblərini açıqlayıb:

 

"Ermənistanın son günlər təmas xəttində törətdiyi təxribatlar əslində bir çox məqamlara hesablanıb. Əvvəla, onlar keçən ilki "aprel döyüşləri”ndən sonra çox ciddi məğlubiyyət kompleksinə giriblər. Bu səbəbdən hər addımlarında, hər həmlələrində sanki özünütəsdiq elementləri axtarırlar. Və haqqında danışdığım kompleks həmin döyüşlərin il ərəfəsində daha da qabarıb.

 

Digər səbəblərdən biri Azərbaycanın diplomatik sferada mövcud problemin həlli ilə bağlı daha da irəliləməsidir. Artıq Avropanın bəzi "açar” dövlətləri Ermənistandan imtina edib, bu işğalçı dövləti dəstəkləməkdən vaz keçib, artıq xristian faktoru qlobal arenada Ermənistanın lehinə çıxış eləmir, artıq bütün Beynəlxalq Təşkilatlar birmənalı şəkildə öz mövqeyini ortalığa qoyub, artıq Sarkisyan fərqindədir ki, Dağlıq Qarabağ fonunda imitasiya etmədən növbəti seçkilərdə öz hakimiyyətini qoruyub saxlaya bilməyəcək. Ona görə Ermənistanın hazırki rejimi eyforiyadadır. Qıcıq və qorxu içindədir. Atəşkəs şərtlərinə, Beynəlxalq Konvensiyaların müddəalarına zidd xətt yürüdürlər. Ən əsası da, müharibə anonsu verirlər".

 

Millət vəkili insidentin məhz Xocalı Soyqırımı ərəfəsində baş verməsinə də diqqəti çəkib:

 

Diqqət edin: ilk hücum nə zaman oldu? Xocalı soyqırımının il dönümü ərəfəsində. Təbii, bu bir simvolik göstərgi idi. Bəlkə də aprel döyüşlərinin bir illik tamamı ilə bağlı mesaj verilirdi. Ki, qisas almağı düşünürük. Yaxşı bəs niyə anidən? Çünki, Ermənistan İlham Əliyevin keçən ay reallaşan son dərəcə uğurlu Avropa İttifaqı səfərindən sonra ciddi basqı altına alınıb, Avropa Şurasında, ATƏT-də, BMT-də artıq düşmən dövlətin nümayəndələrinə, təmsilçilərinə "üzdəniraq” kimi baxırlar və təbii, onlar da mövcud durumu öz rəhbərlərinə məruzə etməmiş deyillər. Yəni, diplomatik yöntəm, estafet kuliminasiya nöqtəsinə qədər irəliləyib. Situasiya son dalana dirənib. Və Ermənistan qarışıq hər kəs bunun fərqindədir. Belə bir məqamda isə düşmən dövlətin eyforiyaya qapılmasını təbii qarşılamaq lazımdır. Ermənistan tərəfi anlayır ki, ya torpaqlar azad olunmalıdır ya da böyük itkilərlə müşahidə olunan müharibə başlayacaq. Ona görə baş qatmaq, fikir yayındırmaq, ələlxüsus da zaman qazanmaq üçün "vəhşi köpək” taktikasına kökləniblər”.

 

Deputat daha sonra "İkinci Qarabağ savaşının başlaması mümkündürmü?” sualımızı cavablandırıb: 

 

"Bu suala bəlkə də 2 il əvvəl cavab vermək daha çətin olardı. Fəqət, aprel döyüşlərindən sonra ölkə daxilində milli ruh, döyüş əhval-ruhiyyəsi elə bir səviyyəyə qədər yüksəlib ki, artıq kimsə müharibənin başlamasından ehtiyat etmir və nigaran deyil. Ali Baş Komandan hansı qərarı versə xalq onu dəstəkləyəcək. Ayrıca, hər kəsə tövsiyyəm budur ki, cənab Prezidentin son səfərlərini diqqətlə izləsinlər. Ələlxüsus da Pakistan səfərini. Kimdir Pakistan? Dağlıq Qarabağ cəbhəsində Azərbaycan tərəfdən 100 minlik ordusu ilə döyüşməyə hazır olan qardaş dövlət. Və sizcə məhz indiki ərəfədə ölkə başçısının səfəri özündə hansı mahiyyəti, məramı, anlamı ehtiva edir?

Məncə, sualın cavabı gün kimi aydındır: "İstənilən fors-majora hazırıq! Həm də tərəfdaşlarımızla və yüksək döyüş əzmimizlə”. 

Ermənistan öz təxribatlarına davam etsə, müharibə qaçılmaz olacaq. Bu dəqiqdir”. 

Xəbər 2067 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR