"Başına balta ilə vurdum, gördüm barmağı kəsilib yerə düşüb" — QAN DONDURAN İFADƏ


Siyəzəndə qardaşını öldürməyə cəhddə təqsirləndirilən Vüsal Əskərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

lent.az xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovun icraatında araşdırılır.

İstintaqla müəyyən edilib ki, Vüsal Əskərov keçən il oktyabrın 21-də axşam saatlarında başqa bir şəxsə borcunu qaytarmaq üçün atasından 15 manat pul istədiyinə görə qardaşı Zəka Əsgərovla mübahisə edib. Qardaşı onun ünvanına nalayiq söyüşlər söyüb.  Bir neçə gün ərzində bunu həzm edən bilməyən Vüsal Əskərov qardaşını öldürmək qərarına gəlib. Oktyabr 24-də, gecə saat 5 radələrində  sərxoş vəziyyətdə ailə üzvlərinin yatmasını gözləyərək, balta ilə qardaşının sifətinə zərbələr endirib.  Yaralı xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.
 
Vüsal Əskərov da könüllü şəkildə polisə təslim olub.
 
Ona Cinayət Məcəlləsinin 29.120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürməyə cəhd) maddəsi ittiham verilib.
 
İttiham üzrə özünü təqsirli bilən Vüsal Əskərov istintaqa ifadəsində bildirib ki, avtoyuma məntəqəsində işləyib ailəsini dolandırıb: "2010-cu ildən atam, anam, qardaşım Zəka və arvad-uşaqla eyni evdə yaşamışıq. Ailə üzvləri ilə münasibətim həmişə yaxşı olub. Lakin son 5-6 ildir ki, qardaşım Zəka ilə yola getmirdik. Aramızda söz-söhbət, dava-dalaş olub. Zəka evdə mütəmadi olaraq səbəbsiz yerə dava salırdı, nalayiq sözlər deyirdi, hətta yaşlı atamı təhqir edirdi. Anam öləndən sonra Zəka başladı ki, yaşadığımız ev ona çatacaq. Hətta evə müştəri gətirirdi ki, satıb Rusiyaya gedəcəkdi. Zəka ilə münasibətlərimiz pisləşmişdi. Qazandığı pulu da özünə xərcləyirdi, evə bir qəpik xeyri yox idi. Hətta evin bəzi əşyalarını da satıb xərcləyirdi. Evdə özünü pis aparır, arvad-uşağımın yanında mənə söyürdü".
 
Vüsal Əskərov qeyd edib ki, hadisə baş verməzdən 2-3 gün əvvəl evdə atası və qardaşı Zəka ilə yeyib-içiblər: "Araq içirdik. Mənim bir nəfərə borcum vardı. Atama dedim ki, 15 manat ver, camaatın pulunu verim. Zəka isə buna etiraz etdi. Atama dedi ki, pulu vermə. Dedim, sənin nə işinə qalıb?! Aramızda yenə mübahisə düşdü. Məni söyməyə başladı. Həmin gündən bir-birimizdən küsdük. Nə danışdıq, nə də münasibət saxladıq. Ayın 23-ü idi. Yağış yağmışdı, "moyka"da iş yox idi. Ona görə bütün günü evdə oturdum. Evdə bütün günü Zəkanın elədiklərini götür-qoy elədim. Axırda onu öldürmək qərarına gəldim. Gecənin düşməyini gözlədim ki, hamı yatandan sonra Zəkanı öldürüm. Oturdum televizora baxdım. Hava da soyumuşdu. Üşüdüyümdən yarım litr araq alıb içdim. İçə-içə onu necə öldürəcəyim haqqında düşünürdüm. Bıçaqla vuracağım təqdirdə ölməmək ehtimalını ağlımdan keçirdim. 5-6 ildir başıma açdığı oyunlara görə Zəkanı ağrı yetirməklə öldürmək üçün balta ilə vurmağa qərar verdim. Həyətdən baltanı götürdüm, Zəka yatan otağa girdim. Üzü divar tərəfə idi. Zəkanı çağırdım ki, bilim yatıb-yatmayıb. Həmin vaxt Zəka başını çevirərək mənə "hə" dedi. Bu zaman bildim ki, oyaqdır. Özüm də istəyirdim ki, oyaq olsun, bilsin ki, mən öldürmüşəm. Balta ilə Zəkanın başına zərbələr vurmağa başladım. Neçə zərbə vurduğumu xatırlamıram. Həmin vaxt Zəka qışqıraraq onu vurmamağımı xahiş etdi. Buna məhəl qoymayaraq Zəkanın əlinin üstündən başına zərbələr vurdum. Bu vaxt Zəka çarpayıdan yerə yıxıldı. Səs-küyə atam və yoldaşım gəldi. Atam baltanı əlimdən aldı. Zəkanın bir neçə barmağı balta ilə kəsilərək sallanmışdı. Sonradan bir barmağının kəsilib yerə düşdüyünü gördüm. Fikirləşdim ki, bu zərbələrdən sonra Zəka öləcək. Atam təcili yardım çağırdı. Mən də evdən çıxıb polisə gedib, qardaşımı vurduğumu etiraf etdim".
 
İstintaqda danışan Zəka Əsgərov da qardaşı ilə münasibətlərinin 3-4 il əvvəl pozulduğunu deyib: "Vüsal son illər həddən çox içki içir, sərxoşluq edirdi. İçəndən sonra özünü idarə edə bilmirdi, ailə üzvlərini döyürdü, hətta xəstə anama da əl qaldırıb. Səbəbsiz yerə evə dava-dalaş salırdı. Dəfələrlə onu tənbeh edərək sərxoşluq eləməməsini tapşırmışdım. Gördüm, mənə məhəl qoymur. Pul qazananda hamısını kafedə qoyurdu. Evdə onun əlindən məişət əşyası qalmırdı. Hamısını satıb araq alırdı. Vüsala deyəndə ki, içmə, məni söyürdü. Əsəbiləşib, mən də onu söymüşəm. Amma arvadı Səfurəyə heç vaxt heç nə deməmişəm. Evdə bütün günü dava idi. Atam da bunun əlindən gedib polisə şikayət yazmışdı".
 
Zəka Əsgərov bildirib ki, Vüsala işə getməyini desə də, o işə gəlməyib: "Hadisədən bir-neçə gün  əvvəl yuxudan durub işə gedirdim. Vüsala dedim ki, dur işə gedək. Mənə dedi, sən get, mən sonra gələcəm. Həmin günü işə gəlmədi. Axşam saatlarında evə gəldim, Vüsaldan işə niyə gəlmədiyini soruşdum. Mənə dedi, işim vardı. Hiss elədim ki, yenə içib.  Bir söz demədim, otağıma keçib uzandım. Gecə yatmışdım. Birdən sifətimə balta zərbəsi gəldi. O zaman yuxudan oyandım.  Zərbənin gücündən çarpayıdan yerə yıxıldım.  Qışqırdım. Vüsaldan xahiş elədim ki, məni vurmasın. O, buna məhəl qoymadı. Əlimin üstündən balta ilə başıma zərbələr vurdu. Əlimin üstündən balta ilə vuranda bir neçə barmağımı kəsdi. Səs-küyə atam və arvadı gəldi. Atam baltanı əlindən aldı. Sonra həkimlər gəldi. Sonrasını xatırlamıram. Lakin o, məni vurmamışdan qabaq səsləməyib, yatdığım yerdə vurub".
 
Aktual.az
Xəbər 613 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR