Bakıdakı otellərin sahibləri haralıdı?

Bakıdakı otellərin sahibləri haralıdı?

Tural Səfərov yazır: ""Genetik kodun dəyişdirilməsi ilə bir millətin varlığına son qoymaq olar, ona görə də..."     


Musiqi insana ən yaxın olan incəsənət növüdür. Sözlə ifadə etmək mümkün olmayan hiss-həyəcanı musiqi ifadə edir. Musiqinin insanlara təsir gücü barədə müxtəlif mənbələrdə, xüsusilə də qədim yunan əfsanələrində kifayət qədər məlumatlar vardır. Həmin əfsanələrin birində qeyd olunur ki, Orfey öz məlahətli səsi ilə allahları ram edir, beləliklə, qarşısında olan maneələri aradan qaldırırdı.
  
Musiqinin insan həyatına təsirlərindən biri də onun sağlamlığımızda mühüm rol oynamasıdır. Hələ Antik dövrlərdə musiqinin köməyi ilə insanların bir sıra ağır xəstəliklərdən şəfa tapması barədə faktlar vardır. 
 Tarixdən bizə o da məlumdur ki, Hippokrat və Pifaqor öz xəstələrini musiqi ilə müalicə edərək onları sağlamlıqlarına qovuşdurublar. 
  
XX əsrin ortalarında görkəmli alim, professor İbrahim Topçubaşov Azərbaycanda musterapiya adlı tibbi müalicə sisteminin əsasını qoymuşdu. Ağır xəstələr musiqinin müşaiyəti ilə əməliyyat edilirdi və yaxşı nəticələr əldə olunurdu. 
  
Dövrümüzdə  elm sübuta yetirib ki, musiqi insanın fiziki və emosional vəziyyətinə müsbət təsir göstərir. Musiqi stresi azaldır, ona ağrıkəsici vasitə kimi təsir edir, ürək-damar sistemi xəstəliklərinin qarşısını alır, beyin hüceyrələrini stimullaşdırır, iş qabiliyyətini yüksəldir, immuniteti gücləndirir.
Hazırda musiqidən ağrını, qorxunu, gərginliyi azaltmaq, orqanizmin tonusunu yüksəltmək, depressiyanı aradan götürmək üçün istifadə olunur. Musiqini dinləyən adamın diqqəti artır, əmək qabiliyyəti yaxşılaşır. Beyin neqativ emosiyalara enerji sərfini dayandırır, insanın ümumi ovqatı tədricən sabitləşir və o, rahatlıq tapır. 
 
İnsan psixologiyasına təsir göstərən amillərdən biri də musiqidir. Mütəxəssilər bildirir ki, bugünkü gənclərdə eqoizmin, aqressivliyin olmasında onların dinlədikləri musiqi janrının da payı var. Məlumdur ki, onların əksəriyyəti rep, meyxana, rok janrlarında olan nümunələrə qulaq asırlar. İnsan eyni mahnıya dəfələrlə qulaq asırsa, həmin mahnının sözlərindən bir ssenari qurub onu öz beynində canlandırır və ən acınacaqlı obrazda isə özünü təsəvvür edir. Şüuraltında yaranan təlqin nəticəsində isə həmin insan bir müddət sonra düşündüyünü gerçək həyatda da yaşayır. İnsan özünü nəyə inandırsa, o da olur. 
Araşdırmalara görə musiqi ilə maraqlanan şagirdlər dərslərində daha müvəffəqiyyətlidir. Hiperaktiv uşaqların sakitləşdirilməsində və tərbiyəsində musiqinin təsiri barədə son illər dünyada geniş araşdırmalar aparılıb.
  
"Harvard" və "Oxford" universitetlərinin birlikdə apardığı bir araşdırma nəticəsində məlum olub ki, musiqi ilə maraqlanan və musiqi bacarığı olan şagirdlər həyatlarında daha çox uğur qazanırlar.
  Bir neçə il əvvəl Yaponiyada maraqlı eksperiment keçirilib. 120 nəfər südəmər uşağın anasını 2 dəstəyə bölüblər. 1-ci qrupa Qərb klassik musiqisi, 2-yə isə caz, rok və pop musiqisi dinlədilib. Müəyyən edilib ki, klassik musiqini dinləyən anaların südü 80-100 faiz artıb. Caz, rok və pop musiqisi dinləyən anaların südü isə 20-50 faiz azalıb.
   
Tamamilə sübuta yetirilmiş reallıq odur ki, musiqi  təkcə bədii zövq və yaradıcılıq təxəyyülü tərbiyə etmir, həm də həyat sevgisi, yurdsevərlik duyğuları aşılayır. Deməli, musiqi tərbiyəsi, hər şeydən əvvəl, insan tərbiyəsidir. İnsan təbiətin, mənəvi münasibətlərin, əməyin gözəlliyini musiqi vasitəsilə görür, duyur. İnsanda ətraf mühitdəki və özündəki ucalıq, əzəmət, gözəllik haqqında təsəvvür musiqi sayəsində yaranır. Musiqinin milli kimliyin formalaşmasında da mühüm rolu vardır. Bir çox cəmiyyətlər dinləri və dillərini itirsələr də, musiqiləri sayəsində milli kimliklərini qoruyub saxlayıblar.
  
Bunları yazmaqda məqsədimiz oxucunu yormaq deyil. Bəlkə də oxucularımızın çoxu yuxarıda qeyd etdiklərimizi bilirlər. Məqsədimiz müxtəlif xəstəliklərin sağalmasına, insanların psixologiyasının dəyişilməsinə kömək edən musiqinin genetik koda təsiri haqqında fikir irəli sürməkdir. 
Əvvəla onu deyək ki, müasir elm genetik kodun dəyişdirilməsinin mümkünlüyünü artıq sübuta yetirib. Təqribən 1-2 il bundan əvvəl Türkiyə mətbuatında bir elm adamının bununla bağlı yazısını oxumuşdum. Həmin yazıdan yadımda qalan odur ki, alın yazımızın çoxu genetikamızda kodlaşıb. Alim yazırdı ki, insanın həyatda qazanacaqları və itirəcəkləri onun genlərində kodlaşmış gen xəritəsinə yazılıb. İnsanı genləri idarə edir və o, genlərin əmr etdiyi bir həyat tərzi yaşayır. Qidalarımızda olan kimyəvi maddələr genlərimizin quruluşunu poza bilir. Genetik kodun dəyişdirilməsi ilə bir millətin varlığına son qoymaq, o cəmiyyəti istədiyin kimi idarə etmək olar.
 
Fikrimizcə, əgər ətraf aləm, qidalar genetik kodu dəyişdirə bilirsə, deməli insanın ruhu ilə bağlı olan musiqi də bu kodları dəyişdirmək gücündədir. Bizim genetik kodlarımızda musiqinin də öz yeri var. Bu kodlar insanların xarakterini formalaşdırır və bizi bir millət olaraq ayaqda saxlayır. Genimizdəki musiqi kodları bizim qorxmaz, mübariz və vətənpərvər olmağımızın səbəblərindən biridir. Cəngi sədaları altında döyüşə gedib məğlub qayıdan bir igidimiz ola bilməz. Bir sıra xalq mahnıları xalqımızın övladlarını dözümlü, qayğıkeş, humanist, tolerant olmağa sövq edib. 
Odur ki, uşaq, yeniyetmə və gənclərə əsrlərin sınağından çıxmış, ulu babalarımızın qulaq asıb da ziyan görmədiyi, bizim vətənpərvər xalq kimi formalaşmağımıza təsir göstərən milli musiqilərimizi dinlətməliyik.
  
Bəs biz nə edirik? Təəssüf ki, biz milli musiqimizdən xeyli uzaqlaşmışıq. İndiki gənclərimiz xarici mahnılara, musiqilərə qulaq asmağı bir prestij kimi qəbul edirlər. Nə qədər acı olsa da deməliyik ki, milli musiqilərimizin səsləndirildiyi yerlərdə ağız büzənlərin sayı getdikcə daha da artır. Narahatlıq yaradan məqamlardan biri də odur ki, insanların kütləvi getdiyi yerlərdə, ticarət mərkəzlərində, otellərdə milli musiqi və mahnılar, demək olar ki, səsləndirilmir. Belə yerlərdə səsləndirilən xarici musiqilərin isə insanların genetik koduna təsiri barədə bir az əvvəl məlumat verdik.
 
Maraqlıdır ki, bizim milli musiqi alətlərimiz də sanki yuxarıda qeyd etdiyimiz keyfiyyətlərin formalaşması üçün yaradılıb. Ölkəmizin tibb tarixçilərindən biri, professor Fərid Ələkbərlinin "Şərq təbabətinin sirləri” kitabında Azərbaycanın qədim çalğı alətlərinin və musiqi janrlarının xəstəliklərin müalicəsinə və insan psixologiyasına  təsirləri əks olunub.
Fərid Ələkbərlinin tədqiqtlarına görə, sazda ifa edilən musiqi sinir sistemini fəallaşdırır, insanı gümrah edir, əhval-ruhiyyəni yüksəldir, mübariz ruh yaradır. Zurnanın səsi ruh düşkünlüyünü, laqeydliyi aradan qaldırır, qan təzyiqini artırır. Nağara insanlardan qəm-qüssəni uzaqlaşdırır, əqli və fiziki yorğunluğa, qan təzyiqinə qarşı mübarizə etməyə kömək edir.
Tarda çalınan musiqi baş ağrısı, yuxusuzluq, əsəb və əzələ spazmalarını aradan qaldırır, kamança isə əsəbləri sakitləşdirir, hal-əhvalı yaxşılaşdırır, qəm-qüssəyə qarşı nikbinlik yaradır. Ney, balaban, tütəyin səsi əsəbləri sakitləşdirir, gərginliyi və yorğunluğu alır.  
Milli musiqi alətlərimizdə ifa olunan milli musiqi və mahnıları dinləyərək həm sağlamlığımızı, həm də genetik kodumuzu qoruya bilərik. Hər ikisi isə bir millət kimi mövcudiyyətimiz üçün çox önəmlidir. 
   
Fərid Ələkbərli həmin kitabında yazır ki, klassik musiqidən fərqli olaraq pop musiqisi insanlarda ülvi hisslər oyatmır, onları səmalara ucaldıb Tanrıya ulaşdırmır, əksinə, maddiyata, bu dünyanın nеmətlərinə bağlayır, kеfə və əyləncələrə istiqamətləndirir. Pop musiqisi büsbütün insan maddiyatına, bəşər övladının bataqlıq kimi dərin, lakin bəsit hissiyat dünyasına bağlıdır. 
   
Bizim ruhumuzu oxşayan, gözəl mahnı və musiqilərimiz ola-ola görəsən nəyə görə insanlarımızı xidmət müəssisələrində - ticarət mərkəzlərində, restoranlarda, kafelərdə, otellərdə zorla xarici musiqilərə qulaq asmağa məcbur edirlər. Təqribən 20 gün belə xidmət obyektlərində araşdırma apardıq. Bir dəfə də olsun Azərbaycanın milli musiqi və mahnılarını eşitmədik. Yoldaşlar, axı bura Azərbaycanın paytaxtı  Bakıdır.
  
Hörmətli oxucular! Kiçik bir haşiyəyə çıxıb bununla da yazımızı yekunlaşdıracağıq. Ötən il Türkiyənin Trabzon şəhərində qaldığım bir oteldə Azərbaycan musiqi və mahnılarını səsləndirirdilər. Düşündüm ki, yəqin, müştərilərin dinləməsi üçün seçmə mahnıların sırasında Azərbaycan mahnıları da vardır. Ancaq yox, bu belə deyildi. Artıq 40 dəqiqə idi ki,  otelin lobbisində Azərbaycan musiqilərinə qulaq asırdım. Maraq məni bürüdü və otelin işçilərindən bunun səbəbini soruşdum. Aydın oldu ki, bu otelin sahibkarı Türkiyədə yaşayan bir azərbaycanlı iş adamıdır. O, öz otelində yalnız Azərbaycan mahnılarının səsləndirilməsini məsləhət bilib. Bu, mənə görə vətənpərvərliyin çox gözəl bir nümunəsidir. 
  
Görəsən, Bakı şəhərindəki otellərin, ticarət mərkəzlərinin, restoranların sahibkarları haralıdır?
Xəbər 4855 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR