Bakı metrosunda daha bir yarımstansiya istismara verildi

Bakı metrosunda daha bir yarımstansiya istismara verildi

Bakı metropolitenində daha bir yarımstansiya yenidən qurularaq istismara verilib.

"Bakı Metropoliteni" QSC-dən Aktual.az-a verilən məlumata görə, 1967-ci ildə istismara verilmiş "Gənclik" stansiyasında yerləşən alçaldıcı yarımstansiya həmin vaxtdan sonra ilk dəfə idi tamamilə yeniləşdirilirdi. Ötən illərdə yarımstansiyada yalnız cari təmir və yeniləşmə işləri aparılıb. Ən böyük yenilik isə bir neçə il əvvəl yeni tipli akkumulyatorların tətbiqi olub.

"Bakı Metropoliteni" QSC yaradıldıqdan sonra metropolitendə elektrik təchizatı sisteminin yenilənməsi məsələsinə daha geniş miqyasda baxılmasına başlanılıb. Bu isə mövcud yarımstansiyaların yeniləşməsini daha səmərəli və qənaətli şəkildə həyata keçirməyə imkan verir.

Yarımstansiyada müasir dövrün tələblərinə cavab verməyən avadanlıqların hamısı tamamilə yenilənib, yeni texnika və texnologiyaların tətbiqi nəticəsində stansiyanın elektrik enerjisi ilə təmin olunmasının dayanıqlı və fasiləsiz olmasına nail olunub. Burada 6 kV kompleks paylayıcı quruluşların tətbiqi ilə köhnə yağ açarları "Evolis" tipli vakuum analoqları ilə əvəzlənib. Paylayıcı qurğularda 380 V və 220 V gərginlik yeni tipli avtomatik açarlarla idarə olunur. Bu isə məsafədən idarəetməyə imkan verir. Bununla da mərkəzi dispetçer məntəqəsindən yarımstansiyanın işinin idarə olunmasına şərait yaranıb. Həmçinin yarımstansiyada avtomatik iş yerləri yenidən qurularaq müasir texnologiyaların və dispetçer idarəetməsinin tam funksionallığı ilə tətbiq edilməsinə şərait yaradılıb.

Bundan əlavə, qatarların hərəkətinin avtomatik tənzimlənməsi sisteminin qidalanması və sabit cərəyən elektrik lövhələri tamamilə yenidən qurulub. Eləcə də istismar müddətini başa vurmuş 4 ədəd transformator yeni analoqları ilə əvəzlənib. Yarımstansiyada "Siemens" şirkətinin 630 və 400 kVA gücündə müasir tipli transformatorları quraşdırılıb. Əməyin mühafizəsi və təhlükəsizlik texnikasının tələbləri tam təmin olunub. Müasir havalandırma və soyutma sistemləri yeniləşmiş yarımstansiyanın fəaliyyətini daha da etibarlı edəcək.

Təmir tədbirləri çərçivəsində otaqlarda əsaslı işlər aparılaraq, müasir iş şəraiti yaradılıb.
Son illərdə "D-2", "Koroğlu", "Elmlər Akademiyası" və "Sahil" yarımstansiyalarında analoji işlər aparılıb. "Nərimanov" elektrik deposunda iş həcminin artması, yeni istehsalat, fəaliyyət və təmir-bərpa sahələrinin yaradılması ərazidəki "Depo-2" yarımstansiyasının yenidən qurulmasını zəruri edir. Bu məqsədlə yeni ikimərtəbəli bina inşa edilib, yeni kabel kollektoru çəkilib. May ayında isə sahədə yeni avadanlıqların quraşdırılmasına başlanılacaq.
 
Aktual.az
Xəbər 31 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR