Bağışla məni, Qadın! - ETİRAF

Bağışla məni, Qadın! - ETİRAF

Aydın Canıyev

Bağışla məni, Qadın,
işə saldım səni...
mən bütün xoş olanları,
əzizləmələri, oxşamaları
sənə qədər deyib urvatdan salmışam.
indi səninlə görüşəndə, danışanda, sevişəndə
sənə deyə bilmirəm
- canım;
- ürəyim, gözüm;
- əzizim;
- əziz-təbərrikim;
- ürəyimin içi;
- ömrüm;
- həyatım;
- gözəlim;
- bir dənəm;
- şirinim;
- şəkərim;
- dadlım;
- mələyim;
- xilaskarım;
- sevdiyim;
- sevgilim;
- ömrümün qadını,
(hələ rusca, talışca variantları da var)
əlqərəz, sözlərin ən gözəlini
pay-püş etdim... fahişələrə!
Sənə naz üçün dildə söz, 
canda tab qalmadı.
Yaman bədxərclik etdim,
Ömrün illəri də getdi, sözləri də.

Bağışla məni, Qadın,
səni oyuna saldım
yanına içiboş, ruhu sərxoş gəldim.
Gəldim ki, deyəm:
bütün qadınlara - 
məndən "sevirəm" uman...
hər kəsə "sevirəm" dedim.
Yalan demirəm, yalandan demirəm:
istədikləri hər şeyi verdim,
istədikləri hər şeyi aldılar...
bircə ürəyimdən başqa!
"Mən səninlə xoşbəxtəm"
dedikləri anda bitdi xoşbəxtlikləri!

Bağışla məni, Qadın,
səni əzaba saldım,
mənə inanmağın çətin:
sevirəm dediklərimin üstünə dəhrə-yabayla getdim,
el-aləm içində baş qaxınclarına döndüm,
etdiklərimi burunlarından gətirdim,
polis şöbələri, məhkəmə, türməm də əskik olmadı!

Bağışla məni, Qadın,
tərpətdim içini, oynatdım duyğularını,
sənə qədər dedim hər gördüyüm fahişəyə:
- ömür payım!
- ruh əkizim!
- sən hardaydın?
- "cənazə namazını qıldım bütün qadınların"
- bilsəydim sənə rast gələcəm, indiyəcən heç kimi sevməzdim.

Həə, dedim mən, əclafcasına səmimiyyətlə dedim!
Sonra parazitə, həşərata döndüm həyatlarında!

Bağışla məni, Qadın
mən sözlə sevdim, sözlə oynadım!
Səni oynatmağa, sevməyə sözüm yox!

Bağışla məni Qadın,
anlaya bilsən, xoşbəxt olaram:
mən qarşıma çıxan qadınların günahlarının cəzasıyam!

Sən hardan gəldin?
Sənin günahın nəydi?
İnanaqmı, aldanaqmı:
Mən sənin saflığının mükafatıyam,
yoxsa sən mənim əzablarımın?
Bəlkə sən də günahkarsan,
bu da növbəti faciə?

Bağışla məni Qadın,
sənin üçün ancaq gözlərim qalıb,
bax gözlərimə...
bir də heç kimə vermədiyim ürəyimə!
Bəs etmədisə...
ömrümün qalanını da götür qoy üstünə
apar tulla zibil yeşiyinə.
...Səndən ayrılıb durub getməyə ünvanım yox.
Dünya bir qadın qədər kiçik,
dünya bir qadın qədər böyük!

Bağışla məni, Qadın...
qoy heç olmasa cəsarətin
kabusuna döndüyüm
qadınların qisası olsun!

Bağışla məni, Qadın,
ya sevgilim ol, ya qatil!

Bağışla məni, Qadın...
səni tək qoymaq istəmədim!
 

Xəbər 5556 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR