Azyaşlı qız üçün Bakıdan Şəkiyə getdi və etmədiyi ŞEY QALMADI - ŞOK TƏFƏRRÜAT

Azyaşlı qız üçün Bakıdan Şəkiyə getdi və etmədiyi ŞEY QALMADI - ŞOK TƏFƏRRÜAT

Adam oğurluğunda ittiham olunan Rusiya Federasiyasının Amur vilayətinin İvanov rayonunda anadan olmuş 1990-cı il təvəllüdlü Rəşad Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Publika.az xəbər verir ki, Rəşad Hacıyev evlənmək məqsədilə 2001-ci il təvəllüdlü Nazənin Babayevanı (ad və soyad şərti verilib – red.) qaçırıb.

Hadisə 2015-ci il sentyabrın 28-də, gecə, saat 02-də qeydə alınıb. Rəşad Hacıyev Nazənini yaşadığı Şəki rayonunun Aran kəndindən özünün yaşadığı qonşu Cəfərabad kəndinə aparıb. Orada bir gecə onunla birlikdə çöllük sahədə qalıb.

Ertəsi gün isə Rəşad Hacıyev qızı həmin kənddə yaşayan əmisi Cavanşir Hacıyevin evinə aparıb. Nəhayət, polis əməkdaşlarının onları axtarmasını görüb və Nazəninlə birlikdə evin pəncərəsindən qaçıb.

"O qızı yas mərasimində gördüm”

Rəşad Hacıyev Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu yetkinlik yaşına çatmayan şəxsin barəsində törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham edilib.

Onun barəsində olan cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Şirvan Məmmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Məhkəmədə ifadə verən Rəşad Hacıyev bildirib ki, Nazənin Babayevanı ilk dəfə hadisədən iki il qabaq dostu Sərxanın atasının ildönümü ilə bağlı keçirilmiş yas mərasimində görüb: "Həmin qızdan xoşum gəldiyi üçün ona yanaşdım və onun kim olması ilə maraqlandım. Bildim ki, həmin qız dostum Sərxanın baldızıdır”.

"Elçi göndərməyimi məsləhət bildi”

Rəşad Hacıyevin sözlərinə görə, bundan sonra istifadəsində olan mobil nömrəsini Nazəninə verib: "Təxminən bir ay sonra Nazənin qardaşı İbrahimin nömrəsi ilə mənə zəng vurdu. Həmin ərəfədə Nazənini sevdiyimi və onunla gələcəkdə evlənmək istədiyimi dostum Sərxana bildirdim. Sərxan isə mənə elçi göndərməyimi məsləhət bildi. Sonrakı vaxtlarda bir dəfə Sərxanla birlikdə Nazəningilə getmişəm. Son hadisədən təxminən bir ay qabaq mobil telefonla danışan zaman Nazənini dedi ki, məni sənə verməyəcəklər, məni Gəncə şəhərində olan başqa qohumlarıma vermək istəyirlər, mən səndən başqa heç kəslə ailə həyatı qurmaq istəmirəm. Nazənin məndən onu qaçırmağımı istədi. Mən isə Nazənini bu təklifi ilə razılaşmadım. Ona yaşının hələ az olduğunu və onu qaçıracağım halda mənim üçün problem olacağını izah etməyə çalışdım”.

"Gecə qaçıracağımı dedim”

Rəşad Hacıyev bildirib ki, 27 sentyabr 2015-ci il tarixdə Nazəninlə mobil telefonla danışıb: "Bu zaman Nazənin dedi ki, məni başqasına vermək istəyirlər, başqasını görmək istəmirəm. Nazənin onu qaçırmağımı yenə də istədi. Buna görə də onunla razılaşdım. Həmin gecə onu qaçıracağımı bildirdim. Saat 20 radələrində Bakı şəhərində taksiyə mindim və Şəki şəhərinə, oradan isə rayonun Cəfərabad kəndinə gəldim. Mənə avtomobil lazım olduğunu düşündüm. Tanışım olan taksi sürücüsü Elşadın mobil telefonuna zəng vurdum və məni rayonun el arasında "Beş Evlər” kimi deyilən Aran kəndinə aparmasını təklif etdim. Elşad mənim çağırışımla gəldi və məni Aran kəndinə apardı”.

"Dedi məni sahədə gözlə”

Rəşad Hacıyevin sözlərinə görə, kəndin girəcəyində avtomobildən düşüb və əvvəlcədən Nazəninlə razılaşdığı kimi, onların evlərinin aşağısında olan sahənin yaxınlığına gedib: "Orada Nazəninə zəng etdim. Lakin ona zəng çatmadı. Bundan sonra həmin yerdə Nazənini gözlədim. Sentyabrın 28-nə keçən gecə saat 02 radələrində Nazəninin telefonundan mənə zəng gəldi. O dedi ki, hamı yatdı, evdən çıxıram, sahədə məni gözlə. Bir az sonra Nazənin həmin sahəyə gəldi. Biz birlikdə oradan çıxdıq. Bu zaman Elşada zəng vurdum və onun Suçma kəndinə gəlməsini istədim. Elşad isə kafenin yaxınlığında olduğunu bildirdi. Biz birlikdə avtomobilə mindik və Elşada maşını Sərxangilə sürməyi dedim. Cəfərabad kəndinin ortasında, Nazəninin bacısı Güllügilin evlərinin yaxınlığında maşından düşdük. Oradan çöllük sahəyə getdik və səhərədək orada qaldıq”.

"Dedim ki, istədiyim qızdır, qaçırmışam”

Rəşad Hacıyev qeyd edib ki, ertəsi gün isə günorta saatlarında Nazənini həmin kənddə yaşayan əmisinin evinə aparıb: "Bizi əmim arvadı Şərafət qarşıladı. Əmim arvadı məndən həmin qızın kim olduğunu soruşdu. Dedim ki, istədiyim qızdır, qaçırmışam. Təxminən 15-20 dəqiqə ərzində əmimgildə olduq. Birdən evin qarşısına polis maşınının gəldiyini gördük. Bu an biz evin pəncərəsindən küçəyə tullandıq və üzü sahəyə doğru qaçdıq. Birlikdə Kolaxlı kəndinin içərisindən keçdik və "Dörd göz” adlanan gölə kimi yol getdik. Təxminən 3-4 saat orada oturduq, aranın sakitləşməsini gözlədik. Lakin sonra geri döndük. Nazəninə isə evlərinə qayıtmağı məsləhət bildim. Nazənini çətinliklə razı saldım. Geriyə qayıdan vaxt biz Nazənini bacısı Güllü və onun əri Sərxanla qarşılaşdıq. Nazəninə heç bir təsir göstərməmişəm və onu zorla qaçırmamışam”.

"Yaşı tamam olana qədər onu gözləyəcəm”

Rəşad Hacıyevin sözlərinə görə, Nazəninlə birlikdə olduğu həmin müddət ərzində ona qarşı heç bir seksual xarakterli zorakılıq hərəkətləri etməyib: "Həmçinin onu özümlə cinsi əlaqəyə girməyə və ya seksual xarakterli digər hərəkətlərə məcbur etməmişəm. Nazəninin özünə xəsarət yetirəcəyindən ehtiyatlanaraq belə hərəkət etmişəm. Çöldə olarkən Nazəninə izah etməyə çalışdım ki, yaşı çatana qədər gözləmək lazımdır. Biz indi də bir-birimizi istəyirik. Yaşı tamam olana qədər onu gözləyəcəm”.

"Yasda ona razılıq verdim”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Nazənin Babayeva bildirib ki, Rəşadı ilk dəfə bacısı Güllünün qayınatasının yas mərasimində görüb: "Rəşad yas mərasimində mənə yaxınlaşdı, salam verdi, məndən xoşu gəldiyini və məni sevdiyini bildirdi. Mən isə Rəşada "fikirləşib bir söz deyərəm” cavabını verdim. Mənim Rəşaddan xoşum gəlmişdi. Bundan bir neçə gün sonra elə yas yerində ona razılıq verdim. Bundan başqa, Rəşadı ara-sıra bacımgildə görmüşəm. Rəşadın mənim 14 yaşım olmasından məlumatı olub. Ona bu barədə həm özüm, həm də Sərxan deyib. Rəşad bizim sevgi münasibətlərimizi bacıma və bacımın əri Sərxana da danışıb. Rəşad 18 yaşım tamam olanadək məni gözləyəcəyinə söz verdi”.

"Məni qaçıracağına söz verdi”

Zərərçəkmişin sözlərinə görə, bundan bir neçə gün sonra anasına Rəşadla bir-birlərini istədiklərini danışıb: "Anam dedi ki, hələ yaşın azdır. Bir gün anamın Gəncə şəhərində yaşayan qohumlarından biri bizə qonaq gəldi. Anamın qonaqla söhbətindən belə anladım ki, anam məni gələcəkdə həmin qohumlarından birinin oğluna ərə vermək fikrindədir. Bundan qorxuya düşdüm, bir neçə dəfə Rəşadla telefonla danışdım. Hər dəfə Rəşaddan məni qaçırmağı istədim. Rəşad isə yaşım az olduğu üçün buna razı olmadı. Sentyabrın 27-də Rəşadla telefonla danışarkən, ona məni özü ilə aparmasını istədim. Rəşad mənimlə razılaşdı. Ancaq hazırda Bakı şəhərində olduğunu və Şəki rayonuna gələrək məni qaçıracağına söz verdi”.

"Onunla ailə qurmaq arzusundayam”

Nazənin Babayeva bildirib ki, sentyabrın 28-də, gecə Rəşada qoşularaq qaçıb: "Biz Bakı şəhərində molla yanında kəbin kəsdirəcəyimiz barədə əvvəlcədən birgə razılığa gəldik. Bunun üçün evdən çıxmağa hazırlaşarkən doğum haqqında şəhadətnaməmi özümlə götürdüm. Bu planımdan ailə üzvlərimin xəbəri olmayıb”.

Zərərçəkmiş ifadəsinini sonunda polis əməkdaşlarının onları polis şöbəsinə aparmalarından danışıb: "Rəşadla birlikdə olduğum həmin müddət ərzində mənə qarşı heç bir seksual xarakterli zorakılıq hərəkətləri etməyib. Həmçinin məni özü ilə cinsi əlaqəyə girməyə və ya seksual xarakterli digər hərəkətlərə məcbur etməyib. Rəşadı sevdiyim üçün könüllü olaraq ona qoşularaq qaçmışam. Rəşadın bu işdə heç bir təqsiri olmayıb. Rəşada qarşı heç bir şikayətim yoxdur. Əksinə onu indi də sevirəm və gələcəkdə onunla ailə qurmaq arzusundayam”.

Məhkəmə kollegiyası hökm qəbul edən zaman Rəşad Hacıyevin günahsız olması nəticəsinə gəlib. Bu səbəbdən onun barəsində bəraət hökmü çıxarıb.

Məhkəmənin qərarı ilə Rəşad Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Bu hökmdən prokurorluq narazı qalıb. Prokurorluq apelyasiya protestində Rəşad Hacıyevin həbs edilməsini və onun barəsində ittihamedici hökm çıxarılmasını tələb edib.

Prokurorluğun şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya protesti hakim Rafail Əliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

Hakim heyəti prokurorluğun protestini təmin etməyib və birinci məhkəmə instansiyasının hökmünü qüvvədə saxlayıb.

 

 
Aktual.az
Xəbər 6244 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR