“Azərbaycanın müxalifət liderlərinin Baxçalıdan öyrənə biləcəyi çox şey var”

“Azərbaycanın müxalifət liderlərinin Baxçalıdan öyrənə biləcəyi çox şey var”

Bildiyiniz kimi, aprelin 17-də MHP-nin qrup toplantısında çıxış edən Dövlət Baxçalı bəyan etdi ki, Türkiyəni sistem mübahisələri ilə boğmaq istəyən qüvvələr var və seçkilərin normal təqvimi, yəni 2019-cu ilin 3 noyabrına qədər ölkənin sabitliyini qorumaq hər gün daha da çətinləşir. Bu səbəbdən də MHP lideri parlament və prezident seçkilərinin erkən keçirilməsini təklif etdi. Təqvim olaraq da bu il avqustun 26-nı, yəni tarixi Malazgirt savaşının ildönüm gününü göstərdi.

Onun bu addımı bomba kimi partladı. İndi bütün Türkiyə, bütün dünya D.Baxçalının bu jesti barədə danışır. Ərdoğan və komandası da D.Baxçalının bu açıqlamasına operativ reaksiya verdi, təklifi isti qarşıladı. Hər şey çox sürətlə getdi və səhərisi günü, aprelin 18-də prezident Ərdoğan Dövlət Baxçalı ilə görüşdü və bu görüşdən sonra bəyan etdi ki, bəli, biz erkən seçkilər keçirməyə qərar verdiik, amma avqustda deyil, iki ay sonra, iyunun 24-də.
Dövlət Baxçalının vaxtilə qatı rəqibi hesab etdiyi və barışmaz mübarizə apardığı prezident Rəcəb Tayyib Ərdoğana bu cür dəstək verməsi ilk belə hal deyil. Bundan öncə də D.Baxçalı kritik məqamlarda, həlledici anlarda hər daim R.T.Ərdoğana açıq və birmənalı surətdə dəstək nümayiş etdirib. Və bu yaxınlarda da o, qarşıdan gələn prezident seçkilərində Ərdoğanı dəstəkləyəcəyi ilə bağlı bəyanat verərək demişdi ki, 2019-cu ildə keçiriləcək prezident seçkilərində özü namizəd olmayacaq, Ərdoğanın namizədliyini dəstəkləyəcək. Lakin indi isə Dövlət Baxçalı bir qədər də irəli gedərək növbədənkənar seçkilərin keçirilməsini təklif etdi və təklifi də hakim partiya tərəfindən dərhal dəyərləndirilib, qəbul olundu. Bəs, Baxçalının bu addımlarının arxasında hansı məqsədlər dayanır? O, bu addımının hazırki Türkiyə cəmiyyətinin radikal milliyətçi və dinçi kəsimi tərəfindən kəskin etirazlarla qarşılana biləcəyini öncədən də gördüyü, bildiyi halda nədən buna getdi?
Əlbəttə, Baxçalının bu addımı birmənalı qarşılanmadı və hər kəs Baxçalının bu təklifinə öz arşınıyla qiymət verməyə çalışdı. Şübhəsiz ki, bu hesablamalar və dəyərləndirmələrin bir çoxu subyektiv xarakter daşıyır və bu da ilk növbədə siyasi qısqanclıqdan, məhəlli çərçivədə düşünməkdən irəli gəlir. Lakin Baxçalının dünənki son növbədənkənar seçkilər çağırışı da daxil olmaqla, indiyə qədərki bütün bu kimi fəaliyyətlərinin və Ərdoğanı dəstəkləməsinin yalnız bir əsas arqumenti olub: Dövlətin marağı, dövlətçiliyin gələcəyi. O hər şeyi məhz bu anlayışdan yola çıxaraq icra edir. Yəni bu adam ön planda dövləti qoyub və bütün addımları da məhz dövlətçiliyin qorunmasına hesablanıb. Yeri gəlmişkən, onun sələfi, mərhum Başbuğ, bütün milliyətçilərin əfsanəvi lideri Alparslan Türkeş də daim məhz bu mövqeni sərgiləyirdi. O da birinciləri yönətən ikincilər olmaq baxımından mahir bir oyunçu və siyasət qrossmeyestri idi. İndi Baxçalı da iqtidara gəlmədən dövlətin maraqlarını güdmək xəttini yürüdür. Onunçün öz şəxsi siyasi ambisiyaları, siyasətin (deməli, həm də hakimiyyətin) zirvəsinə yüksəlmək istəyi elə də önəmli deyil. O bu kimi məsələlərdə peşəkar və praqmatik siyasətçi kimi, müasir Makiavelli kimi yox, müdrik dövlət xadimi kimi, Dövlət baba kimi çıxış edir.
Yeri gəlmişkən, Dövlət Baxçalının bu addımı bizim Azərbaycanda da böyük marağa səbəb olub. Onun Ərdoğanın namizədliyini bu cür açıq şəkildə dəstəkləməsi bizim yerli mətbuat və siyasi müşahidəçilər tərəfindən qızğın müzakirə edilməkdədir. Azərbaycanda Baxçalının bu addımını təqdir edənlər çoxdur. Amma onu tənqid edənlər də az deyil. Lakin məni isə bu məqamda daha çox məsələnin başqa tərəfi maraqlandırır: görəsən, eyni addım Azərbaycanda da atıla bilərmi? Məsələn, radikal müxalifətin liderləri (Əli Kərimli, Cəmil Həsənli və b.) də özlərində cəsarət və himmət tapıb "mənim namizədim İlham Əliyevdir" sözünü dilə gətirərmi? Onlar da eynən Baxçalı kimi, millətin və dövlətin maraqlarından çıxış edərək və siyasi müdriklik nümunəsi göstərərək İlham Əliyevin əlini sıxmaq, birlik və bərabərlik nümayiş etdirmək istəyərlərmi? Yoxsa, onlar bundan sonra da əvvəlki inkarçılq və inadkarlıqlarını davam etdirərək, İlham Əliyevin də dünən prezidentin andiçmə mərasimindəki çıxışında qeyd etdiyi kimi, tarixin zibilxanasında qalmaq yolunu davam etdirəcəklər? Hər iki variant mümkündür. Amma son nəticəni zaman göstərəcək. Məncə, Azərbaycanın müxalifət liderlərinin Dövlət Baxçalıdan öyrənə biləcəyi çox şey var.

Əlisahib Hüseynov 
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri

Xəbər 1879 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR