Azərbaycanın karbohidrogen ehtiyatları 10 milyard tona çatıb

Azərbaycanın karbohidrogen ehtiyatları 10 milyard tona çatıb

"Hazırda neft hasilatının əsas hissəsi "Əsrin müqaviləsi" çərçivəsində işlənən "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun payına düşür. İşlənmənin əvvəlindən, yəni, 1997-ci ildən 2018-cı ilin aprelin 1-nə kimi AÇG-dən 452,6 milyon ton neft və 143,5 milyard kubmetr səmt qazı hasil olunub".


Aktual.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev  "Azərbaycan" qəzetində dərc olunan "Ulu öndər Heydər Əliyevin yeni neft strategiyası Azərbaycanın davamlı inkişafının təməlini qoymuşdur" başlıqlı məqaləsində yazıb.

R. Abdullayev qeyd edib ki, AÇG layihəsindən Azərbaycanın payına düşən mənfəət neftinin həcmi ilbəil artır: "Karbohidrogenlərin qəbulu, saxlanılması və nəqli məqsədi ilə geniş-miqyaslı müasir infrastruktur layihələri həyata keçirilib. Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyəti yalnız ölkəmizə gətirdiyi nəhəng maliyyə dividendləri ilə yox, həm də "Əsrin müqaviləsi" çərçivəsində reallaşdırılmış 30-dan artıq infrastruktur layihəsinin qeyri-neft sektorunun inkişafına verdiyi töhfələrlə zəngindir. Ötən müddətdə AÇG layihəsinə 4 minə yaxın yerli müəssisə və şirkət cəlb olunub".

SOCAR prezidenti bildirib ki, "Əsrin müqaviləsi" eyni zamanda, son onilliklərdə ölkəmizdə həyata keçirilən regional və qlobal əhəmiyyətli digər layihələr üçün yol açıb: "Axtarış-kəşfiyyat işlərinin intensivləşdirilməsi, yeni yataqların kəşf edilməsi və hesablanmanın daha müasir və dəqiq texnologiyalar əsasında yenidən aparılması nəticəsində Azərbaycanın karbohidrogen ehtiyatları şərti yanacaqla 10 milyard tona çatdırılıb. AÇG yataqlar bloku bu gün də neft-qaz ehtiyatları ilə kifayət qədər zəngindir. Ötən il layihənin 2050-ci ilədək uzadılmasını nəzərdə tutan yeni müqavilə imzalanıb. Daha əlverşli şərtlərlə imzalanmış və iqtisadi cəhətdən daha səmərəli olan bu yeni müqavilə xarici tərəfdaşlarımızın Azərbaycan dövlətinə və SOCAR-a olan etimadını bir daha bütün dünyaya nümayiş etdirib. Prezident İlham Əliyev bu müqaviləni "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsində yeni dövrün başlanğıcı kimi qiymətləndirib. Bu ilin ilk üç ayı ərzində "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda 5 hasilat quyusu qazılaraq, təhvil verilib. Ümumilikdə 2018-ci ildə AÇG-də 12 hasilat və 4 suvurucu quyunun təhvili planlaşdırılır".

Xəbər 631 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR