“Azərbaycanın bu məsələdə doğru qərar verəcəyinə əminəm” – Əhməd Şahidov ÜAK-ın ləğvi ilə bağlı danışdı

“Azərbaycanın bu məsələdə doğru qərar verəcəyinə əminəm” – Əhməd Şahidov ÜAK-ın ləğvi ilə bağlı danışdı

Ümumrusiya Azərbaycanlıları Konqresinin bağlanması ilə bağlı qərarı şərh edən Rusiya Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunu, hüquq müdafiəçisi Əhməd Şahidov bütün imkanların səfərbər edilməsini zəruri sayır

 – Əhməd bəy, Rusiya Federasiyasının Ədliyyə Nazirliyi ÜAK-ın ləğvi barədə qərar qəbul etdi. Bunu necə dəyərləndirirsiniz? 

Ümumrusiya Azərbaycanlıları Konqresinin bağlanması ilə bağlı qərar mənimçün də bir qədər gözlənilməz oldu. Rəsmi qurumların açıqladığı səbəblər inandırıcı görünmür. Düşünürəm ki, real səbəblərin nə olmasından asılı olmayaraq, bu istiqamətdə intensiv işlər görülməlidir. Həm Moskvadakı səfirliyimiz, həm diaspor təşkilatlarımız, həm də Rusiyada yaşayan fəallarımız bu məsələ ilə yaxından maraqlanmalıdırlar.

Mən 5 il Rusiya Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Hüquq təhsili almışam və qrup yoldaşlarımın əksəriyyəti bugün də Rusiyada yüksək vəzifələrdə çalışırlar. Çalışacam ki, onlarla da bu məsələ ətrafında fikir mübadiləsi aparım.

 – ÜAK-ın qeydiyyatının ləğvi Azərbaycan və Rusiya arasında münasibətlərə necə təsir göstərə bilər?

Düşünmürəm ki, bu qərar iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərəcək. Daha doğrusu, istəməzdim ki, bu məsələ Rusiya və Azərbaycan münasibətlərinə ciddi təsir göstərsin. Rusiya Federasiyası böyük ölkədir, orada çoxlu sayda millətlər yaşayır. Onlardan 3 milyonu azərbaycanlılardır. Bu qərardan sonra Bakının analoji addımlar atması münasibətləri gərginləşdirə bilər. Gərək, məsələni müsbət məcrada həll etməyə yönəlik addımlar ataq və iki ölkə arasındakı mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinə xələl gətirə biləcək hər hansı qərarlardan çəkinək. Düşünürəm ki, Azərbaycan dövləti özünün müdrik siyasətini bu məsələdə də göstərəcək və bu narahatçılıq xoş sonluqla bitəcək.

 – Ümumiyyətlə, bu qərarı birbaşa Kremlin Azərbaycana olan münasibəti kimi dəyərləndirmək olarmı?

Xeyr. Düşünmürəm ki, rəsmi Moskva bucür xırda addımlara getsin. ÜAK sadəcə bir QHT-dir, onun ləğvi ilə Azərbaycana ciddi zərər gələcəyinə inanmıram. Müxtəlif adlarla yeni-yeni təşkilatlar yarana bilər və daha güclü fəaliyyət göstərə bilər. Yenə deyirəm ki, məsələnin məğzini araşdırmaqda fayda var. Qətiyyən yol vermək olmaz ki, bu məsələ siyasiləşsin və iki ölkə arasındakı münasibətlərə xələl gəlsin. Azərbaycanı istəməyən qüvvələr, xüsusən də erməni diasporu də elə məhz buna çalışır.

 – Sizcə, belə bir qərarın qəbulundə Rusiyadakı erməni lobbisi və anti-Azərbaycan qüvvələrin nə dərəcədə rolu var? 

Mümkün variantdır. Bilirsiniz ki, erməni lobbisi dünyada güclüdür və hər vəchlə Azərbaycana qarşı təxribat xarakterli addımlar atmağa çalışır. Biz bunu Avropada mütəmadi olaraq müşahidə edirik. Rusiyada da erməni diasporu xeyli gücə malikdir. ÜAK-ın ləğvi qərarı da aşağı səviyyədə həyata keçirilmiş təxribat aktı ola bilər. İstənilən halda Azərbaycan və azərbaycanlılar bu təxribata getməməli və Rusiya ilə münasibətləri gərginləşdirməməliyik.

 – Bəs, Azərbaycan bu qərara qarşı hansı adekvat addımlar ata bilər?

İlk növbədə bu qərarın yaranma səbəbləri araşdırılmalıdır. Əgər həqiqətən də, rəsmi qurumların dediyi kimi texniki səhvlər varsa, həmin səbəblər aradan qaldırılmalıdır. Digər məqamlar üzərində intensiv iş aparılmalıdır. Azərbaycanda anti-Rusiya meyllərinin və populist fikirlərin güclənməsi problemi daha da dərinləşdirə bilər. Odur ki, Azərbaycandakı ictimai-siyasi dairələrin, xüsusən də siyasi partiya, ictimai təşkilatlar və ayrı-ayrı şəxslərin rəsmi Moskvanın əleyhinə tələsik fikirlərinə yer vermək olmaz. Çünki, Azərbaycan və Rusiya dost və qonşu ölkələrdir. Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında Rusiyanın özünəməxsus mövqeyi var və bunu təkzib etmək olmaz. Rusiyada 3 milyona yaxın azərbaycanlı yaşayır və onları da zərbə altında qoymaq yolverilməzdir. Bu kimi məsələləri göz önünə gətirib, doğru qərarlar vermək lazımdır. Düşünürəm ki, elə də olacaq. Mən Azərbaycan Dövlətinin bu məsələdə doğru qərar verəcəyinə tam əminəm.
Xəbər 1871 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR