Azərbaycanda sosial şəbəkələrin fəaliyyəti qanunla tənzimlənməlidirmi?

Azərbaycanda sosial şəbəkələrin fəaliyyəti qanunla tənzimlənməlidirmi?

"Hazırda Azərbaycan interneti və Kütləvi İnformasiya Vasitəsi (KİV) hüquqi cəhətdən bərabərləşdirilib. Belə ki, mövcud Kütləvi İnformasiya Vasitəsi haqqında qanunda internet KİV-in bir qolu kimi qəbul edilib. 

Burdan isə belə nəticəyə gəlmək olar ki, KİV-də tənzimləmələr ilə bağlı yetərincə müddəalar var və onu internetə də şamil etmək olar”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz ölkədə internet, bloggerlik fəaliyyətinin tənzimlənməsinə dair əlavə qanunun qəbulu məsələsini şərh edərkən deyib.  

Onun sözlərinə görə, hazırda internetdə bəzi hüquq pozuntuları ilə bağlı işlər olub ki, onlar bu gün məhkəmənin predmetidir. 

O.Gündüzün qeyd edib ki, internetdə fəaliyyətin tənzimlənməsi ilə bağlı məsələlər KİV haqqında qanun ilə yanaşı, son dəyişilikliklər qəbul edilmiş Cinayət Məcəlləsində də yer alır:

"Məsələn, bu gün internet və sosial mediada anonim resurslar vasitəsi ilə təhqir, böhtana yol verən şəxslər Cinayət Məcəlləsinin müvafiq müddəalarına əsasən, məsuliyyətə cəlb edilə və cərimə oluna bilər”.

Mütəxəssis bir daha vurğulayıb ki, əlavə bir qanunun qəbuluna ehtiyac yoxdur:

"Düşünürəm ki, son dövrlər bu istiqamətdə yetərincə qanunvericilikdə addımlar atılıb. Buna görə də, ayrıca internet və bloggerlik fəaliyyətinin tənzimlənməsinə dair yeni bir qanunun qəbuluna ehtiyac yoxdur. 

Dünyanın bir çox inkişaf etmiş demokratik ölkələrində bu cür qanunvericiliyə rast gəlməmişəm. Bu, insan hüquqları ilə bağlı mürəkkəb məsələ olduğuna görə, qanunun qəbuluna lüzum görmürəm”.

Formun prezidenti qeyd edib ki, sosial mediada olan məsələrin hüquq müstəvisinə gətirilməsi üçün də elə bir ciddi səbəb yoxdur:

"Konkret hansısa bir məsələ olsa idi, o zaman başqa bir yanaşma ortaya qoymaq olardı”, - deyə o, sözlərinə əlavə edib. 

Öz növbəsində, bəzi müstəqil ekspertlər isə başqa bir yanaşma ortaya qoyurlar. Onların sözlərinə görə, müəyyən səbəblərə görə, hüquqi müstəvidə müəyyən tənzimləmələrə ehtiyac var:

"Bu gün kibercinayətkarlıqla mübarizə, nifrət nitqinin qarşısının alınmasına ehtiyac var. Ona görə də, qanunvericilikdə müəyyən tənzimləmələr edilə bilər”.

Belə bir qanunun qəbul edilməsinin tərəfdarı olan müstəqil ekspertlər, eyni zamanda, qeyd edirlər ki, yeni qanun insanların ifadə azadlığını məhdudlaşdıracaq tərzdə də olmamalıdır:

"Həssas balansı qorumaq lazımdır. Təbii ki, mövcud istiqamətdə qanun layihəsinin detalları ətraflı ortaya çıxandan sonra daha yetkin fikir söyləmək olar”.

Qeyd edək ki, Azərbaycanda internet resursları, o cümlədən sosial şəbəkələri, bloggerlərin fəaliyyətini tənzimləyən qanun layihəsinin hazırlanması təklif olunur.

Bu təşəbbüslə Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, Mətbuat Şurasının sədri Əflatun Amaşov komitənin iclasında çıxış edib.

O qeyd edib ki, bu gün dünyada bloggerlərin fəaliyyəti başqa cür dəyərləndirilsə də, Azərbaycanda buna yanaşmada fərqli baxış var və onun fəaliyyətinin sərhədləri müəyyən edilməyib:

"Ona görə də, bu sahənin fəaliyyətini tənzimləyən yeni qanuna ehtiyac var”.

Milli Məclisin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin sektor müdiri Sarvan Sadıqov da bu təşəbbüsü dəstələyib: 

"Kim nə istəyirsə, onu da yazır. Odur ki, bu sahədə bir xaos hökm sürür. Ona görə də, bu sahənin qanunla tənzimlənməsinə ciddi ehtiyac var”.
 
Aktual.az
Xəbər 530 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR