Azərbaycanda "qızıl qayda"nın tətbiqi nəzərdə tutulur

Azərbaycanda

Azərbaycanda əsas makroiqtisadi göstəricilərin, xüsusilə də dövlət büdcəsinin neft gəlirlərindəki volatillikdən asılılığını aradan qaldırmaq üçün "qızıl qayda"nın tətbiqi nəzərdə tutulur.

Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə deyilir.

Qeyd olunur ki, bu yolla akkumulyasiya olunmuş neft gəlirlərinin nəsillər arasında ədalətli bölgüsü təmin ediləcək və ARDNF-dən dövlət büdcəsinə transfertlərin həcmi dayanıqlı iqtisadi inkişaf ehtiyacları ilə uzlaşdırılacaq. Pul siyasəti nəticəsində qiymət sabitliyi milli valyutaya etimadı artıracaq, intizamlı fiskal siyasətin formalaşdırılmasına xidmət edəcək və iqtisadi artıma müsbət təsir göstərəcək. Bir sözlə, monetar siyasət məqsədləri, fiskal çərçivə və iqtisadi artım hədəfləri qarşılıqlı şəkildə bir-birini dəstəkləyəcək.

Maliyyə bazarlarının dərinliyi, həmçinin xidmətlərin çeşidi, keyfiyyəti və əlverişliliyi artırılacaq. 2016-2020-ci illərdə Strateji Yol Xəritəsinin həyata keçirilməsi zamanı sosial təsirlər qiymətləndiriləcək, iş yerlərinin yaradılması ilə yanaşı, mənzil təminatının yaxşılaşdırılması, müasir tələblərə uyğun təhsil və səhiyyə xidmətlərinin göstərilməsinə dəstək verən sistemin inkişafı, kommunal xidmətlərin təkmilləşdirilməsi və ünvanlı sosial yardım sistemindən reabilitasiyaya keçidin təmin edilməsi yolu ilə yoxsulluğun azaldılmasına səylər göstəriləcək.

Yol xəritəsində bildirilir ki, qeyri-ticari sahədə gəlirlərin azalması məşğulluğun əvvəlki səviyyədə təmin edilməsində problem yaratdığından, eləcə də azərbaycanlı miqrantların cəmləşdiyi qonşu ölkələrdəki iqtisadi geriləmə səbəbindən ölkədə yeni iş yerlərinin yaradılmasına ehtiyac var. İnfrastrukturun inkişafı və biznes mühitinin təkmilləşdirilməsi imkan verəcək ki, daxili və xarici mənbələr hesabına ölkə iqtisadiyyatına daha çox investisiya cəlb edilsin və bir sıra ticari mal vəxidmətsektorunda yeni iş yerləri yaradılsın. Bu zaman işçi qüvvəsinin peşəkarlığının yüksəldilməsinə və yeni iqtisadi çağırışlara uyğunlaşdırılmasına xüsusi diqqət yetiriləcək.

2020-ci il üçün strateji baxış həm də bazarlara çıxış imkanının daha da genişləndirilməsini ehtiva edir. Ticarət infrastrukturunun yaxşılaşdırılması və ticarət açıqlığının gücləndirilməsi daxili bazarların qorunması siyasəti ilə elə uzlaşdırılmalıdır ki, nəticədə təbii ehtiyatlardan daha səmərəli istifadə əsasında daha çox dəyər ölkədə qalsın və ədalətli bölüşdürülsün. İnkişafın davamlılığının artırılması üçün ölkə iqtisadiyyatının, dövlət büdcəsinin və məzənnənin neftdən asılılığı azaldılmalıdır.

Neftdən əldə edilmiş vəsait mal və xidmətlərə olan yerli tələbata əhəmiyyətli dərəcədə təsir göstərdiyi üçün neftin qiymətində baş verən dəyişiklik ölkə iqtisadiyyatında sabitliyi pozur. Məsələn, 2004-2014-cü illərdə illik artım tempinin orta hesabla 11,5 faiz dərəcəsi dəyişməsi nəticəsində şirkətlərin planlaşdırma imkanları məhdudlaşdı və özəl sektora qoyulan investisiyalar azaldı. Bundan başqa, neftdən əldə edilən gəlirlər xarici valyutanın əsas mənbəyi olduğu üçün neftin qiymətində baş verən dəyişikliklər ölkənin milli valyutasının dəyər itirməsinə səbəb olur.
 
Aktual.az
Xəbər 928 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR