Azərbaycanda ətin bahalaşma səbəbi açıqlandı

Azərbaycanda ətin bahalaşma səbəbi açıqlandı

Azərbaycan Dövlət Statistika Komitəsi son illərdə ilk dəfə ölkədə heyvandarlıq sahəsində tənəzzülün yaşandığını təsdiqləyən rəqəmlər açıqlayıb

Komitənin təqdim etdiyi rəqəmlərə görə bu ilin 3 ayında əvvəlki ilin eyni dövrünə nisbətən iribuynuzlu mal-qara 12.8 min baş, qoyun və keçilər isə 42.5 min baş azalıb. Ekspertlər isə azalmanın daha çox olduğunu deyirlər.

Dövlət Statistika Komitəsinə görə, aprel ayının əvvəlinə ölkədə 2 milyon 706.8 min baş iribuynuzlu mal-qara var. Bunun 1.3 milyon başı inək və camışlardır. Qoyun və keçilərin sayı isə 8 milyon 785.5 min başdır. Üç ayda 115.4 min ton ət (diri çəkidə) istehsal olunub.

DSK həm də ilin əvvəlindən ət məhsullarının 10 faizdən çox bahalandığını, ət istehsalının isə 3.2% artdığını açıqlayıb. Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov "Azadlıq” radiosuna açıqlamasında deyir ki, heyvandarlıq sahəsində geriləmə 2013-cü ildən bəri müşahidə olunur. Bunun əsas səbəbləri mal-qara yeminin bahalaşması və örüş sahələri kimi istifadə olunan torpaqların təyinatının dəyişdirilməsi üçün görülən işlərdir.

«Apardığımız monitorinqlər göstərirdi ki, qaramalın sayında azalma baş verir. Xüsusən, iribuynuzlu mal-qaranın və davarın sürətlə kəsimə verildiyi haqda məlumatlar alınırdı. Azalmanın səbəblərinə gəlincə, bir tərəfdən yetərincə yem istehsal olunmur, digər tərəfdən isə təbii otlaq və biçənək sahələri heyvandarlardan alınır”-ekspert deyir.

İndiyə qədər örüş sahələri kimi icarəyə verilən torpaqların təyinatının dəyişdirilməsi ölkədə kənd təsərrüfatının ixracyönümlü sahələrinin inkişafına dair dövlət strategiyasının tərkib hissəsidir. Belə ki, ölkədə postneft dövrü iqtisadiyyatının inkişafı üçün kənd təsərrüfatının valyuta gətirmək qabiliyyəti olan seqmentlərinin inkişafı vəzifəsi qoyulub. Bunlar pambıqçılıq, tütünçülük və digər sahələrdir.

Azərbaycanda isə örüş üçün yararlı torpaq sahələri onsuz da məhdud idi. Ölkənin heyvandarlıq üçün münbit ərazilərinin böyük bir qismi işğal altındadır. Nəticədə kənd təsərrüfatının valyutayönümlü sahələrini inkişaf etdirmək üçün örüş sahələrinin təyinatının dəyişdirilməsi qaçılmaz olub. Bu isə heyvandarlıqla məşğul olan  kiçik və orta fermer təsərrüfatlarının faktiki sıradan çıxması deməkdir.

Lakin bu, heç də heyvandarlıqda tənəzzül hesabına baş verə bilməz. Prezident İlham Əliyev Nazirlər Kabinetinin yığıncağındakı çıxışlarında dəfələrlə bildirib ki, heyvandarlıq bundan sonra əsasən qapalı fermalarda inkişaf etdirilməlidir. Bu isə cins mal-qaranın yetişdirildiyi iri, müasir ferma komplekslərinin yaradılması deməkdir ki, artıq bir çox bölgələrdə iri holdinqlər belə layihələr həyata keçirirlər.

Bununla belə, heyvandarlığın qapalı fermalarda müasir üsullarla inkişaf etdirilməsi iri kapital tələb etməklə yanaşı müəyyən vaxt tələb edən işdir. Bu baxımdan açıq sahələrdə mal-qara yetişdirilməsinin məhdudlaşması baş versə də heyvandarlıqda azalmanın yerinin yeni yaradılacaq heyvandarlıq komplekslərində istehsal hesabına doldurulması yaxın 2-3 ildən tez baş verməyəcək. Bir şərtlə ki, müasir heyvandarlıq komplekslərinin yaradılmasına yönəldilən subsidiyalar və kreditlər effektiv istifadə olunsun, eyni zamanda bu sahəyə xarici kapital cəlb edilsin.
 
Aktual.az
Xəbər 112 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR