"Azərbaycan xalqı torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq" - Polad Bülbüloğlu (Foto)


İndiki siyasi vəziyyətdə Azərbaycanın Silahlı Qüvvələri Günü ölkəmizin vətəndaşları üçün xüsusi əhəmiyyət daşıyır.

Aktual.az  Azərtac-a istinadən xəbər verir ki, bu fikri səfir Polad Bülbüloğlu Azərbaycanın Rusiyadakı səfirliyinin Azərbaycan Ordusunun 99-cu ildönümü münasibətilə təşkil etdiyi təntənəli tədbirdə səsləndirib.

"1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradılıb. Azərbaycan Ordusunun tarixi həmin gündən başlayır. Sovet dövründə C.Naxçıvanski adına hərbi məktəb açılıb, hərbi quruculuğa həmişə böyük diqqət ayrılıb”, - deyə P.Bülbüloğlu bildirib.

Səfir xüsusilə vurğulayıb ki, SSRİ-nin tərkibində olan 15 respublika arasında Azərbaycanın müstəqilliyi ona olduqca baha başa gəlib: həm Qara Yanvar, həm Qarabağ müharibəsi, həm Xocalı faciəsi və bir çox digər hadisələr. Bu səbəbdən də Azərbaycan üçün ölkənin suverenliyini, sərhədlərini qoruya biləcək güclü ordu zəruri idi. Ona görə də belə güclü ordu yaradılıb.

Diplomat qeyd edib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən, ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra ciddi ordu quruculuğuna başlanılıb. Bu gün isə Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyev ordumuzun möhkəmlənməsinə və texniki təchizatına xüsusi diqqət ayırır. "Azərbaycan Ordusu dünyanın 50 ən qüdrətli ordusu sırasına daxildir. Biz bununla qürur duyuruq”, - deyə səfir vurğulayıb.

Təntənəli tədbirdə Moskvada akkreditə olunmuş xarici ölkələrin səfirliklərinin hərbi attaşeləri iştirak ediblər. P.Bülbüloğlu onlara müraciətlə deyib: "Azərbaycan hərbi təcavüzə məruz qalıb, ərazimizin 20 faizi işğal edilib. Mən bir səfir kimi, sizə demək istəyirəm ki, ölkələrinizə çatdırın ki, Azərbaycan xalqı öz torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq. Əlbəttə, biz bu məsələni dinc yolla həll etmək istəyirik. Lakin necə deyərlər, "Sülh istəyirsənsə, müharibəyə hazır ol”. Bu gün bizim ordumuz Ali Baş Komandanın istənilən əmrini yerinə yetirməyə qadirdir. Lakin Azərbaycan yenə də Dağlıq Qarabağ münaqişəsini dinc yolla həll etmək istəyir”.
 





Xəbər 354 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR