“Azərbaycan xalqı münaqişə tərəfdarı deyil, sülh istəyir” - Duqin

“Azərbaycan xalqı münaqişə tərəfdarı deyil, sülh istəyir” - Duqin

"Müəyyən qüvvələr iki xalq arasında vəziyyəti daim gərgin saxlamaqda maraqlıdır"

"İvanovkadakı ruslar kompakt və rahat şəkildə yaşadıqlarını, azsaylı xalq kimi millətlərarası heç bir ayrı-seçkiliklə, konfliktlə üzləşmədiklərini, kollektiv şəkildə işləyərək mehriban həyat sürdüklərini mənə dedilər və buna görə çox sevindim”.
 
APA-nın yerli bürosunun xəbərinə görə, bu sözləri mayın 3-də İsmayıllı rayonunun İvanovka kəndinə səfər edən Rusiyanın tanınmış ictimai-siyasi xadimi, filosof, politoloq, tərcüməçi, Lomonosov adına Moskva Dövlət Universitetinin professoru Aleksandr Duqin deyib.
 
A. Duqin İvanovkaya səfərin onda rus icması barədə xoş təəssüratlar yaratdığını söyləyib: "Dövlətin hər zaman qayğısını hiss etdiklərini dilə gətirən İvanovka sakinləri mənə bildirdilər ki, dünyanın heç yerində Azərbaycandakı kimi sakitlik yoxdur, onlar hətta gecələr öz uşaqlarını küçəyə sərbəst buraxdıqlarına görə narahat olmadıqlarını dedilər. Mən dünyanın bir çox ölkəsinə səfər etmişəm və deyərdim ki, İvanovka kəndində olan bu cür yüksək həyat tərzi heç böyük şəhərlərdə yoxdur”.
 
Qonaq qeyd edib ki, Azərbaycanın inkişafı ilə bağlı eşitdikləri və mətbuatdan oxuduqlarının səfər zamanı şahidi olub: "Mən insanlarla söhbətlərim və müşahidələrim zamanı görürəm ki, Azərbaycanda kompakt şəkildə yaşayan ruslar Cənubi Qafqazın digər ölkələrindən fərqli olaraq, buradan köçüb getmək istəmirlər, onlar bu barədə heç düşünmürlər, əksinə, vaxtilə buradan başqa ölkələrə gedənlər yenidən Azərbaycana qayıdır. Ruslar bu gün bir çox üstünlüklərə görə Azərbaycanı yaşamaq üçün ən əlverişli yer hesab edirlər”.
 
Polioloq Ermənistan-Azərbaycan münaqişəsinə də toxunub: "Bakıda və İsmayıllıda keçirdiyim görüşlər zamanı mənə bir daha aydın oldu ki, Azərbaycan xalqı Dağlıq Qarabağ məsələsində münaqişə tərəfdarı deyil və sülh istəyir. Azərbaycan xalqı sadə ermənilərlə düşmənçilik aparmır, yalnız işğal altındakı torpaqların sülh yolu ilə azad olunmasını istəyir. Lakin müəyyən qüvvələr iki xalq arasında vəziyyəti daim gərgin saxlamaqda maraqlıdır. Rusiya bu münaqişənin tezliklə həll olunmasına kömək etmək istəyir”.
 
Aktual.az
Xəbər 246 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR