Azərbaycan və Türkiyə gəncləri İstanbulda bir araya gəldilər – Respublika Günü qeyd edildi

Azərbaycan və Türkiyə gəncləri İstanbulda bir araya gəldilər – Respublika Günü qeyd edildi

May ayının 27-də İstanbul Yeni Yüzyıl Univeritetində "İslahatçı Gənclər İctimai Birliyi” və Gənc Mavera Fondunun birgə təşkilatçılığı ilə Azərbaycan Demokratik Respublikasının yaranmasının 99-cu ildönümünə həsr edilmiş "Azərbaycan-Türkiyə arasındakı tarixi dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətləri gənclərin gözü ilə” mövzusunda konfrans keçirilib. Konfransda Azərbaycan və Türkiyədən tanınmış gənc siyasətçilər, QHT rəhbərləri, media nümayəndələri və universitet təmsilçiləri iştirak ediblər.

Konfransı giriş sözü ilə açan "İslahatçı Gənclər İctimai Birliyinin” sədri Fərid Şahbazlı ADR-in tarixindən söz açaraq, o dönəmdə baş vermiş önəmli hadisələrlə bağlı məruzə edib. İGİB sədri bildirib ki, bugünkü güclü və müstəqil Azərbaycan Respublikası ADR-in layiqli varisidir. Fərid Şahbazlı eyni zamanda deyib ki, Azərbaycan-Türkiyə münasibətləri tarixi dostluq, qardaşlıq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanır və bu iki ölkə bütün zamanlarda bir-birinə həyati əhəmiyyət kəsb edən dəstəyi göstəriblər: "Bu əlaqələr Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq, bugün də ən yüksək səviyyədə davam etməkdədir.”

İGİB sədrinin Türkiyə üzrə müşaviri İsmayıl Hakkı Şenerdə öz çıxışında Azərbaycan və Türkiyə Cümhuriyyətləri arasındakı tarixi münasibətlərin bugün də davam etdiyini və iki ölkə xalqları, dövlətləri və rəhbər şəxsləri arasında mehriban münasibətlərin qürurverici olduğunu diqqətə çatdırıb.

İstanbul Aydın Universitetinin Beynəlxalq Əlaqələr üzrə direktoru Selman Arslanbaş ADR-in yaranmasının 99-cu ildönümü ilə bağlı səmimi təbriklərini çatdırıb və iki ölkə arasındakı diplomatik, iqtisadi və mədəni münasibətlərlə yanaşı, elm-təhsil sahəsindəki mövcud əlaqələri də yüksək qiymətləndirib və bu əlaqələrin daha da inkişaf etdirilməsində təmsil etdiyi İstanbul Aydın Universitetinin silsilə layihələr həyata keçirdiyini deyib.

Konfransda çıxış edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov iki ölkə arasındakı diplomatik münasibətlərin dünəni və bugünü barədə çıxış edib. Beynəlxalq tədbir və konfranslarda Azərbaycan və Türkiyə diplomatlarının bir-birinə dəstək verdiyini xüsusi vurğulayan hüquq müdafiəçisi ATƏT, Avropa Şurası, BMT və digər beynəlxalq qurumlarda rəsmi Bakı və Ankaranın koordinasiyalı şəkildə fəaliyyət göstərdiyini deyib. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin bir sıra beynəlxalq tədbirlərdə Türkiyəyə yönəlmiş qərəzli çıxışlara sərt reaksiya verdiyini diqqətə çatdıran Əhməd Şahidov Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı və digər önəmli məsələlərdə daima Türkiyənin dəstəyini hiss etdiklərini bildirib.

Daha sonra çıxış edən TGRT Televiziyasının tanınmış aparıcısı Meltem Günay, "Yeni Çag” qəzetinin baş redaktoru Aqil Ələsgər, Kanal 24 Televiziyasının əməkdaşı Adəm Hançer, Space Televiziyasının Türkiyə təmsilçisi Vüsalə Abbasova, İstanbul Rumeli Universitetinin İdarə Heyətinin üzvü Fatih Aktaş və digərləri ADR-in tarixindən söz açaraq, Azərbaycan-Türkiyə münasibətlərinin hər ötən gün genişlənməsinə və möhkəmlənməsinə diqqət çəkiblər.

Konfransın sonunda təhsil, media və gənclər siyasəti sahəsində fərqlənən bir qrup şəxsə İslahatçı Gənclər İctimai Birliyinin Fəxri Diplomları təqdim olunub.

Qeyd edək ki, konfransın işi Türkiyənin TRT, TGRT, Kanal 24 televiziyaları və İhlas Xəbər Agentliyi tərəfindən işıqlandırılıb.

Xəbər 1304 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR