“Biz bu yaz yola çıxdıq...”

“Biz bu yaz yola çıxdıq...”


Bu gün il-axır çərşənbədir. Hər birimizi bahara qovuşduran, bahar ovqatına kökləyən çərşənbə... Qış bahara təslim oldu, şaxta istiyə... Təbiət oyandı..

Torpağın ürkək-ürkək çiçəklədiyi, ağacların tumurcuqladığı, səmənilərin evlərə bahar müjdəsi gətirdiyi, süfrələrimizin bayram nemətləri ilə bəzəndiyi bir vaxtda sanki gördüyümüz hər şey səs-səsə verib: ”Yenə yaz gəldi, yaz gəldi”, - deyir.

Novruz - bu bayramı sevən, müqəddəs sayan bütün millətlərin, xalqların birlik, bərabərlik bayramıdır. İnsanları sevgiyə, saflığa çağıran, duyğuları, düşüncələri, lap elə əməllləri də paklaşdıran, durulaşdıran bahar! Sənin qüdrətindən, çal-çağırından, bərəkətindən hamıya pay düşür. Elə bizə də...

Novruz - Yeni gün deməkdir... Hər şeyin təzələndiyi, təzəcə yaranmağa başladığı bir gün... Bu gün bizim üçün ikiqat əlamətdardır. Başqa sözlə desək, bu yaz bir başqa yazdır... Çünki biz məhz belə bir müqəddəs gündə Siz oxucuların görüşünə gəlməyə qərar verdik. Biz informasiya bolluğuna da, bu bolluqda seçilməyin, önə çıxmağın da nə demək olduğunu yaxşı dərk edirik. Amma inamımız böyükdür. 

Azərbaycanın müstəqilliyini heç nəyə dəyişməmək, dolğun, obyektiv, qərəzsiz informasiya yaymaq, hər bir insanın şərəf və ləyaqətini qorumaq, sizə vicdanla xidmət etmək məramımıza və Sizin dəstəyinizə güvənirik. Biz bu yola axır çərşənbədə çıxdıq. Sözümüzü də bu başdan dedik. Beləliklə, ilin-ayın axır çərşənbəsində Azərbaycanın yeni bir media portalı “aktual.az” Sizi salamlayır: Çərşənbəniz mübarək!

Xəbər 302 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR