Azərbaycan məhsulları ilk dəfə Dubayda keçirilən “Gulfood 2017” sərgisində nümayiş olunub

Azərbaycan məhsulları ilk dəfə Dubayda keçirilən “Gulfood 2017” sərgisində nümayiş olunub

Azərbaycan məhsulları ilk dəfə olaraq, Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində keçirilən "Gulfood 2017” sərgisində "Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunub.

"Report” xəbər verir ki, dünyanın ən iri qida sərgilərindən olan "Gulfood 2017” sərgisində xüsusi tərtibatda hazırlanan 128 kvadrat metrlik Azərbaycan stendində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun ("Azprom”) təşkilatçılığı ilə Azərbaycan istehsalı olan meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz, süd və süd məhsulları, çay, fındıq, konservləşdirilən qida məhsulları təqdim edilib.
Nazirlik tərəfindən Dubayda baş tutan bu sərgidə iştirak edən şirkətlərin seçilməsi üçün müsabiqə keçirilib və 24 şirkət sərgidə iştirak etmək hüququ qazanıb.
"Baku Business Factory”nin dəstək göstərdiyi xalis bal satışı ilə məşğul olan "Kercom” şirkətinin ("MR BEE” brendi) rəhbəri Cavid Kərimov "Report”a açıqlamasında bildirib ki, "Gulfood 2017" sərgisində "Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunan Azərbaycan məhsulları ziyarətçilər tərəfindən maraqla qarşılanıb.

Onun sözlərinə görə, sərgi müddətində "Kercom” 170-dən artıq şirkətlə görüşlər keçirib: "Sərgi çərçivəsində 4 gün ərzində biz hər gün orta hesabla ən az 40-dan çox şirkətin nümayəndəsi ilə görüş keçirmişik. Bu şirkətlər əsasən Körfəz ölkələrində (Qətər, Küveyt, İraq, İran, Əfqanistan, Oman, İordaniya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri) fəaliyyət göstərən müəssisələrdir. Bu sərgi çox məşhur olduğu üçün burada həmçinin digər xarici şirkətlərin də distribütorları və nümayəndələri iştirak edirdilər. Bunlar əsasən ixrac əməliyyatı ilə əlaqədar olan görüşlər idi. Bu məqamda artıq məhsulun satış əməliyyatlarının komponentləri artır. Eyni zamanda, sərgidə Körfəz ölkələrindən başqa Honqkonq, Çin, Hindistan, Pakistan, Yaponiya, Cənubi Koreya, ABŞ və Kanada bazarlarına çıxış imkanları olan şirkətlərin təmsilçiləri ilə də görüşdük. Məlum olduğu kimi ərəb ölkələrində hava şəraiti ilə əlaqədar olaraq kənd təsərrüfatı məhsullarının istehsalı sahəsi bir o qədər də inkişaf etməyib. Sərgidə keyfiyyət baxımından bizim məhsulu çox bəyəndilər”.

C.Kərimov vurğulayıb ki, görüş keçirilən 170 şirkətdən artıq 20-sinə "MR BEE” brendinin məhsul nümunələri təqdim edilib: "Hazırda bu şirkətlərlə müzakirələr aparılır. Bu müzakirələrin müsbət nəticələnməsi ölkədən 100 tonlarla məhsulun ixrac edilməsi deməkdir. Bu həm şirkət, həm də dövlət müstəvisində olan bir layihəyə çevrilə bilər. Bununla yanaşı, sərgi çərçivəsində əlaqə qurduğumuz iri həcmli təchizatçılarla da hazırda danışıqlar aparırıq. Ümumiyyətlə, sərgidə "MR BEE” "Made in Azerbaijan” brendi adı altında təqdim olunurdu. Biznes danışıqlarında çox çevik olmaq lazımdır. İxracın zəif olması dəyər zəncirində hər hansı bir problemin olması deməkdir. Bu səbəbdən bir çox istiqamətdə görüləsi işlərimiz var”.
Qeyd edək ki, "Gulfood 2017” sərgisində "Made in Azerbaijan” vahid ölkə stendi Azərbaycan Prezidenti İlham Əliyevin 5 oktyabr 2016-cı il tarixli "Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, "Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydasının təsdiq olunması haqqında” fərmanına uyğun olaraq yaradılıb. Stendin təşkili xərcləri dövlət tərəfindən qarşılanır.






Xəbər 413 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR