“Azərbaycan iqtisadiyyatı neftsiz də inkişaf edəcək” – Fikrət Yusifov

“Azərbaycan iqtisadiyyatı neftsiz də inkişaf edəcək” –   Fikrət Yusifov

Neft qiymətindəki ucuzlaşmanın heç bir iqtisadi əsası yoxdur”

“Sentyabrın 9-da keçirilmiş müşavirədə Azərbaycan Prezidenti dünya bazarlarında neftin qiymətləri ətrafında baş verən proseslərin siyasi sifariş olduğunu istisna etmədi. Bəli, bu məsələnin məhz siyasi motivlərə söykəndiyini biz də mətbuata verdiyimiz açıqlamalarda dəfələrlə bildirmişik. Lakin bunun siyasi oyun olduğunu onu təşkil edənlər heç vaxt etiraf etməyəcək və öz təbliğat maşınları vasitəsilə neftin dünya bazarlarında qiymətlərinin aşağı düşməsinin yalnız iqtisadi proseslərlə əlaqədar olduğunu sübut etməyə cəhd edəcəklər”.

Bunu “Ekonomiks” Beynəlxalq İqtisadi Aarşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov dünya bazarlarında neftin kəskin ucuzlaşması prosesinin arxasında siyasi motivlərin dayandığına dair fikirlərini açıqlayarkən deyib. Professor qeyd edib ki, neftin qiymətlərində müşahidə olunan kəskin dəyişikliyin heç bir iqtisadi əsası yoxdur: “Məsələnin kökündə Qərbin Rusiyanı  tamamilə çökdürmək marağı dayanır. “Gəlin çox da uzağa getmədən, necə deyərlər, dünənki tarixə nəzər salaq. Krımın ilhaqı - fevral-mart 2014-cü il;  Ukraynanın şərqində hərbi əməliyyatların başlanğıcı - aprel 2014-cü il; Neftin dünya bazarlarında qiymətlərinin bir barrel üçün 110 dollardan aşağı düşməsinin başlanğıcı - 2014-cü ilin iyul ayının əvvəli... Bu tarixlər bizə nə deyir? Krımın ilhaqı və Ukraynanın şərqində gedən hərbi əməliyyatlarla bağlı Rusiyaya qarşı irəli sürülən tələblər yerinə yetirilmədiyindən Qərb ölkələri iqtisadi sanksiyaları işə salmaq qərarı verdi. Paralel şəkildə isə dünya bazarlarında neftin qiymətlərində ucuzlaşmanın təməli qoyuldu və bu, bütün sanksiyaların cəminin verə biləcəyi nəticədən daha artıq effekt verdi. Nəticələr göz qabağındadır. Bu müddət ərzində rublun dollara nisbətən məzənnəsi dünya bazarlarında neftin qiymətləri qədər - yəni iki dəfə aşağı düşdü. Qərb hələ istədiyinə tam nail ola bilməyib. Bu səbəbdən də neftin qiymətləri ətrafında baş verən oyunlar hələ uzun müddət davam edə bilər. Bu günlərdə mətbuat səhifələrində bununla bağlı səsləndirdiyim bir fikri təkrar etmək yerinə düşərdi.  İllərdir Qərbin İrana münasibəti göz qabağındadır. Ancaq Qərb qəfildən İranla “dil tapa bildi”. Burada bütün oyunlar Rusiya ətrafındadır. Qərbin məqsədi Rusiya iqtisadiyyatını çökdürməkdir. İrana “sevgi” də bu istəkdən qaynaqlanır. Bu gün ABŞ-dan başqa neftin qiymətlərinin yaxın gələcəkdə necə dəyişəcəyini və bu prosesin nə qədər davam edəcəyini heç kəs söyləyə bilməz. Bu oyunu onlar oynayırlar və nə vaxt harada dayanacaqlarını da özləri bilirlər. Təbii ki, bu kimi məsələləri Azərbaycan Prezidenti hamıdan yaxşı bilir və elə bu səbəbdəndir ki, üç gün öncə keçirilən müşavirədə neftin qiymətlərinin dünya bazarlarında kəskin aşağı düşməsinə münasibət bildirərkən, “Mütəxəssislər, təhlilçilər bunun səbəblərini araşdırmalıdırlar. Ancaq istisna edilmir ki, bu da siyasi sifarişin nəticəsidir” fikirlərini səsləndirdi”.

Dünya iqtisadi məkanında baş verənlərin Azərbaycana təsirinə gəlincə, F.Yusifov qeyd edib ki, ölkəmiz heç bir halda bu proseslərdən uzaqda dayana bilməzdi: “Unutmamalıyıq ki, neftin qiymətləri ətrafında son bir ildə baş verən dəyişikliklər iqtsadi cəhətdən inkişaf etmiş və iqtisadiyyatı neftlə bilavasitə bağlı olmayan ölkələrə də təsir göstərib. Həmin ölkələrin bəzisində milli valyutalar bu və ya digər dərəcədə devalvasiyaya uğrayıblar. Bu isə onu göstərir ki, haqqında bəhs etdiyimiz proses təkcə neft hasil edən ölkələri əhatə etmir”.

F.Yusifov hesab edir ki, Azərbaycan hökumətinin apardığı düşünülmüş iqtisadi siyasət bu proseslərin az ağrılı keçməsinin təminatçısıdır: “Neftin qiymətlərinin iki dəfədən də çox aşağı düşməsinə baxmayaraq ölkədə bütün sosial proqramlar icra olunur. Beynəlxalq maliyyə qurumları Azərbaycandakı iqtisadi durumu lazımınca dəyərləndirirlər. Prezidentin dediyi kimi, bizim bütün uğurlarımızın yalnız neftdən qaynaqlandığını deyən bədxahlar indi heç olmasa gözlərini açıb görsünlər ki, neftin qiymətlərinin dünya bazarlarında iki dəfədən çox aşağı düşməsinə və onun ölkə daxilində hasilatının azalmasına baxmayaraq, Azərbaycan iqtisadiyyatı özünün inkişaf tempini qoruyub saxlayır. Heç kəsin şübhəsi olmasın, Azərbaycan iqtisadiyyatı neftsiz də inkişaf edəcək. Beynəlxalq təşkilatların Azərbaycanın neftsiz iqtisadi inkişafına verdiyi qiymətdən sonra xaricdəki bədxahların və onların Azərbaycandakı əlaltılarının nə düşündüyü və ya danışdığı heç bir əhəmiyyət kəsb etmir. Bu gün dünyada baş verən iqtisadi və siyasi proseslər fonunda bir çox ölkələrdə yaranmış dözülməz vəziyyət, qanlı toqquşmalar və bunun nəticəsi olaraq milyonlarla insanın qaçqın kimi özünə sığınacaq axtarması, qoy hər kəsi düşündürsün. Bu gün Azərbaycandakı iqtisadi, siyasi sabitliyin, əminamanlığın nə demək olduğunu hər kəs dərk etməlidir. Dəfələrlə demişik, bir daha təkrar edirik. Qərb Azərbaycanı öz təsiri altında görmək istəyir. Baxın, ABŞ öz istəklərini reallaşdırmaq xatirinə son illər ərzində yaxın Şərqin bir neçə olkəsini qan çanağına döndərdi. İndi bu ölkələrdə hər gün yüzlərlə insan müxtəlif toqquşmaların, terrorun qurbanına çevrilir. Qərb öz istəyini reallaşdırmaq naminə Azərbaycanı da məmuniyyətlə İraqın, Misirin, Əfqanstanın gününə salmağa hazırdır. Əlləri çatmır, iddiallarını reallaşdıra bilmirlər deyə, Azərbaycanda guya insan haqlarının qorunmadığına, söz azadlığının olmadığına dair əsassız bəyanatlar verir, hesabatlar yayırlar. Azərbaycanda söz azadlığının olmadığını deyənlər bircə dəfə “Azadlıq” qəzetini açıb oxusunlar, onda görərlər ki, nə qədər ədalətsiz və qərəzlidirlər”.

Xəbər 929 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR