Azərbaycan-Gürcüstan sərhədində atəş səsləri

Azərbaycan-Gürcüstan sərhədində atəş səsləri

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları tərəfindən külli miqdarda qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

DSX-nin mətbuat mərkəzindən bildirilib ki, Qazax rayonunun Babakər yüksəkliyi istiqamətində yerləşən sərhəd zastavasının xidməti sahəsindən Gürcüstandan Azərbaycana qaçaqmalın keçirilməsi barədə məlumat daxil olub.

Dövlət sərhəd xəttinin yaxınlığında dövlət nömrə nişanı 35 BH 057 olan “KamAZ” markalı nəqliyyat vasitəsinə 5-6 nəfər tərəfindən iribuynuzlu mal-qaranın və müxtəlif ölçülü bağlamaların yüklənməsi aşkarlanıb.

Axtarış qrupu tərəfindən yaxalanarkən havanın qaranlıq və dumanlı olmasından istifadə edən sərhəd pozucuları qaçaqmalı hadisə yerində qoyaraq Gürcüstan istiqamətində geri qaçmağa müvəffəq olublar.

Avtomobilin sürücüsü sərhədçilərin havaya xəbərdarlıq atəşinə məhəl qoymayıb, avtomobili yüksək sürətlə hərbi qulluq­çuların üzərinə sürərək onların həyat və sağlamlığı üçün ciddi təhlükə yaradaraq hadisə yerindən uzaqlaşmağa çalışıb.

Sərhədçilər tərəfindən məlumatlandırılmış DYP əməkdaşlarının saxlama tələbinə tabe olmayan nəqliyyat vasitəsinin sürücüsü qurulmuş maneəni vurub keçib, avtomobilin yük yerindəki qaçaqmalı yerə salaraq onu təqib edənlər üçün maneə yaratmaqla qaçmağa cəhd göstərib.

Həyata keçirilmiş tədbirlər nəticəsində “KamAZ” markalı nəqliyyat vasitəsi Ağstafa rayonunun Poylu kəndi ərazisində saxlanılıb. Avtomobilin sürücüsünün Qazax rayonu Daş Salahlı kənd sakini, 1980-ci il təvəllüdlü Süleymanov Samir Siyavuş oğlu olduğu müəyyənləşib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində 6 baş at, 30 baş buzov və 12 bağlamada 90 adda 44 374 ədəd müxtəlif dərman preparatlarından ibarət qaçaqmal aşkarlanıb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər 549 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR