Azərbaycan bu il Cənub Qaz Dəhlizinə 1,3 mlrd. dollar xərcləyəcək

Azərbaycan bu il Cənub Qaz Dəhlizinə 1,3 mlrd. dollar xərcləyəcək

Bu il üçün "Cənub Qaz Dəhlizi” QSC tərəfindən Cənub Qaz Dəhlizi layihəsində Azərbaycanın payının maliyyələşdirilməsinə təqribən 1,3 mlrd. ABŞ dolları həcmdə vəsaitin ayrılması proqnozlaşdırılır

Bu barədə "Report”a "Cənub Qaz Dəhlizi” QSC-nin baş direktoru Əfqan İsayev bildirib.

Ə.İsayev qeyd edib ki, bu il "Şahdəniz” layihəsinə (mövcud "Şahdəniz 1” layihəsi daxil olmaqla) 232 mln. dollar, Cənubi Qafqaz Boru Kəməri/Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsinə 144 mln. dollar, TANAP layihəsinə 728 mln. dollar və TAP layihəsinə 182 mln. dolların xərclənməsi nəzərdə tutulur.
Qeyd edək ki, "Cənub Qaz Dəhlizi” QSC Azərbaycan Prezidentinin "Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 2014-cü il 25 fevral tarixli sərəncamı əsasında yaradılmış və səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.
Cənub Qaz Dəhlizi layihəsi Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil ediləcək qazın boru kəmərləri ilə Türkiyə və Avropaya nəqlini nəzərdə tutur. "Şahdəniz-2” layihəsi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, Türkiyə ərazisində inşa olunan Trans-Anadolu Boru Kəməri (TANAP), Yunanıstan, Albaniya və Adriatik dənizinin dibi ilə Cənubi İtaliyaya qədər uzanacaq Trans-Adriatik Boru Kəməri (TAP) Cənub Qaz Dəhlizinin əsas komponentləridir.
Cənub Qaz Dəhlizi layihəsinin dəyəri 41,5 mlrd. dollar həcmində qiymətləndirilir.
 
Aktual.az
Xəbər 337 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR