AZAL-ın yeni “Biznes-lüks” xidməti - Araşdırma/FOTO

AZAL-ın yeni “Biznes-lüks” xidməti -   Araşdırma/FOTO

Azərbaycan Hava Yolları şirkəti (AZAL) iyulun 10-dan etibarən sərnişinlər üçün yeni xidmət sinfi istifadəyə verib. "Biznes-lüks" adlanan yeni sinif "Ekonom" sinifdən yüksək olan "Biznes-klass" sinfindən daha yüksək sayılır və hələki üç istiqamətdə Bakı-New York - Bakı, Bakı-London - Bakı, Bakı - Pekin - Bakı reyslərində tətbiq olunacaq. 

Aktual.az Report-a istinadən xəbər verir ki, yeni əlavə olunan sinfin qiymətləri və üstünlüklərini araşdırıb. Məsələn, avqustun 3-dən 10-na qədər reallaşacaq Bakı-NyuYork-Bakı reysində “Biznes-klass” biletləri 2 801 manat, "Biznes-lüks" isə 4 362 manat təşkil edir. Avqustun 4-dən 11-nə qədər olan Bakı-London-Bakı reysində "Biznes-klass" üzrə biletin qiyməti 1 284 manat, "Biznes-lüks"da isə 3 316 manatdır. Yeni sinfin tətbiq olunduğu Bakı-Pekin-Bakı reysində isə avqustun 4-dən 11-nə qədər həyata keçəcək uçuşun "Biznes-klass" sinfi üzrə bilet qiyməti 1 196 manat, "Biznes-lüks"da isə 2 364 manatdır.

AZAL-dan verilən məlumata görə, yeni "Biznes-lüks" sinfi aviasiya xidməti sahəsində müasir texnologiyalar və nailiyyətlərin istifadəsi nəticəsində təyyarələrdə daha yüksək xidmət standartları nəzərdə tutur. Yeni xidmət sinfini seçən sərnişinlər üçün ənənəvi “Biznes-klass” xidmətləri ilə yanaşı, əsas yemək, sərinləşdirici və spirtli içkilərin geniş seçim menyusu, xüsusi səyahət dəstləri, uzun məsafəli uçuşlarda pijama, uşaqlar üçün hədiyyələr nəzərdə tutulub. 

Beləliklə, "Biznes-lüks" bileti alan şərnişinlər pijama, uşaqlar üçün hədiyyələr, bəzi fərqli çeşiddə sərinləşdirici və spirtli içkilərə görə Bakı-NyuYork-Bakı reysində 1 561 manat, Bakı-London-Bakı reysində 2 032 manat, Bakı-Pekin-Bakı reysində isə 1 168 manat əlavə pul ödəməli olacaq.

İki biznes sinif arasındakı, eyni zamanda ekonom siniflə biznes siniflər arasındakı qiymət fərqləri və əlavə xidmətlərlə bağlı yeniliyi iqtisadçı-ekspert Samir Əliyev “Report” üçün şərh edib: “AZAL-da müəyyən üstünlüklər təbii ki var, pilotları çox peşəkardır. Bu özünü təyyarənin rahat endirilib, qaldırılmasında göstərir. Bununla yanaşı, AZAL-ın yeməklərdə üstünlüyü var, dadlı və çeşidləri yaxşıdır, amma AZAL-da xidmət hələ arzuolunan səviyyədə deyil. Əvvəla "dress kod" (vahid geyim) məsələsində böyük problemlər var. AZAL-ın loqosu ilə onların geyimi arasında demək olar heç bir əlaqə yoxdur. "Türk Hava Yolları", "Qatar Airways" və sair aviaşirkətlərə baxsaq bu uyğunluğu görmək olar, amma AZAL-ın loqosu və stüardessaların formasının rəngi fərqlənir - biri mavi, digəri narıncı rəngdədir".

İqtisadçı ekspert deyir ki, “Ekonom” əhalinin sosial səviyyəsinə təsir göstərən sinifdir, “Biznes”in isə əhalinin böyük hissəsi ilə çox əlaqəsi yoxdur - kimin imkanı var, çox pul ödəyə bilərsə, “Biznes” alır: "Təbii ki, uzunmüddətli uçuşlar bezdirici olur, burada məqsəd komfort yaratmaq olur ki, insanlar digər aviaşirkətlərə üz tutmasınlar. Bunu normal qəbul eləmək olar, çünki maksimum yüksək keyfiyyətli xidmət göstərmək lazımdır, amma xidməti və keyfiyyəti yüksək qiymət hesabına artırmaq düzgün deyil".

Samir Əliyevin sözlərinə görə, "Biznes-klass”la “Ekonom-klass” arasında xidmətdə həmişə fərq olub, üstəgəl əlavə bir biznes klasın da özünün ikiyə bölünməsi təyyarə personalının daha çox iş bölgüsü etməsinə gətirib çıxara bilər: "Burada əsas diqqət yeni xidmət olan "Biznes-lüks"a yönələ bilər, daha sonra "Biznes klass"a və ən sonda ekonom sinfə. "Ekonom klass"a diqqətin azalması narahatlıq yarada bilər. Bu xidmət sinfinin istifadəyə verilməsinin digər bir səbəbi “Ekonom klass”da qiymət azalmasını kompensasiya etmək üçün əlavə olaraq “Biznes-lüks” sinfini istifadəyə verilməsini göstərmək olar. Yəni, çalışılır ki, yüksək qiymət hesabına itkiləri müəyyən qədər bərpa etsinlər".

Burada qeyri-adi bir nüans olmadığını qeyd edən Samir Əliyev, vəziyyətin normal dəyərləndirilə biləcəyini, əsas məsələ qiymətə adekvat xidmətin olmasının vacibliyini bildirib: "Çünki nəzərə alınsa ki, burada iki-üç dəfə və daha artıq qiymət fərqindən söhbət gedir, aviaşirkət çalışmalıdır ki, reputasiyasına xələl gətirməsin. Burda "Ekonom klass"la bağlı dəyişiklik olsaydı, düzgün olub olmaması ilə bağlı münasibət bildirmək olardı, amma Biznes sinifində elə bir xidmət istifadəyə verə bilərlər ki, sərnişin pilot kabinində də gedə bilər. Əsas odur ki, əhalinin əsas hissəsinə xidmət edən “Ekonom klass”la bağlı qiymətlər aşağı olsun".

AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məsələyə aydınlıq gətirərək "Report"a bildirib ki, yeni xidmət sinfi tətbiq olunan reyslərdə işçi bölünməsindən söhbət gedə bilməz, yerlərin sayı və işçi sayı eynidir. Sadəcə mövcud yerlərdən yeni sinif üçün xüsusi yerlər ayrılacaq və yeni sinfə xidmət edəcək personal “Biznes klass”a xidmət edənlər olacaq. Yəni həmin personal hər iki Bizness sinfinə xidmət edəcək, “Ekonom”un xidmətində hər hansı dəyişiklik olmayacaq.

 
Xəbər 987 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR