Aydın Canıyev: “Babam ölümüylə mənə yaxşılıq etdi...” – MƏKTƏB İLLƏRİ

Aydın Canıyev: “Babam ölümüylə mənə yaxşılıq etdi...” – MƏKTƏB İLLƏRİ

"Məktəbə bir neçə ay gec getmişəm. Qonşu kəndə atamın dostugilə qonaq getmişdik. O qədər yaxşı baxmışdılar ki, evə qayıtmaq istəmirdim. Bir müddət sonra aldadıb gətirdilər. O vaxt hazırlıq sinifləri vardı. Hazırlıqdan sonra birinci sinfə gedirdik. Dərsə gec getməyimə baxmayaraq, çox yaxşı oxuyurdum. Birinci sinifdən ta sona qədər sinif nümayəndəsi oldum”.

Bunu tanınmış jurnalist Aydın Canıyev məktəb illəri haqda xatirələrini Lent.az-a danışarkən deyib.

Canıyev məktəbə 1975-ci ildə Lənkəranın Kərgəlan kəndində gedib.

- İbtidai sinif müəllimim İbrahim Məmmədov olub. Çox yaxşı müəllim idi. Həm elmli, həm də helmli insan idi. Həyatı anlayan. Həyatı bilən insan idi.

- Adətən ibtidai sinif müəllimləri qadın olur. Uşaqlar onları anası ilə müqayisə edirlər.

- Əslində ibtidai sinif müəllimləri kişilər olmalıdır. Pedaqogikanı bilən yaşlı kişilər. İbtidai sinif müəllimliyini adətən qızlar oxuyur. Axı özü qayğıya, diqqətə, sevgiyə möhtac qız uşağı nadinc, qayğı, diqqət istəyən uşağa nə öyrədə bilər? İki uşaq bir-birini necə öyrədə bilər? Nə olsun ki, birinin 20, digərinin 5 yaşı var?! 4 il İbrahim müəllim dərs keçdi, sonra oğlu Malikəjdər müəllim. Bu iki insanın həyatımda müstəsna rolu olub. Malik müəllim ədəbiyyat dərsi keçirdi. Mahir İbrahimov indiki BDU-nun kimya, Etibar Qasımov mexanika-riyaziyyat fakültəsini, Əsli xanım Rus dili və Ədəbiyyatı İnstitutunu qızıl medalla bitirib gəlmişdilər. Tarix müəllimimiz də həmçinin. Onlar bizim kəndə gələndən sonra hər il hər sinifdən 5-6 nəfər ali məktəbə qəbul olunmağa başladı. Söhbət 80-ci illərdən - rüşvətin tüğyan etdiyi bir dövrdən gedir. Məndən başqa bütün sinif yoldaşlarım rüşvətsiz qəbul oldular. İnstituta qəbul olunan məzunlarla məktəbdə görüş keçirilirdi. 1986-cı ilin yanvarında məktəbə dəvət etdilər. Orada belə çıxış etmişdim: "Malikəjdər müəllim məni qızıl medallı müəllimlərin əlindən aldı, ədəbiyyata verdi". Fizika, kimya, həndəsə, coğrafiyanı çox yaxşı oxuyurdum. Amma 9-cu sinfə keçəndə jurnalistikanı seçmişdim deyə humanitar fənlərə kökləndim. Riyaziyyat müəllimim Etibar Qasımov dedi ki, Aydın, jurnalistikaya qəbul olmaq çətindir. Onsuz da cəbrdən, həndəsədən əla qiymət alırsan. İstəyərəm humanitar fənlərə daha çox vaxt ayırasan. Amma bir şərtlə. İngilis dilində mətni oxuyub tərcümə edirsən, razı qalsam, mən sənə hər rüb riyaziyyatdan "5” yazacağam. Jurnalistikaya qəbul olunandan sonra XIX əsr Azərbaycan ədəbiyyatını keçəndə mənə çətin olmadı. Çünki onların hamısını orta məktəbdə Malikəjdər müəllim mənə oxutdurmuşdu. Şəxsi kitabxanasından gətirib verirdi kitabları, şəhər kitabxanasına göndərirdi oxumağa. Təmənnasız repetitorluq edirdi. Mənim belə gözəl müəllimlərim olub.

- Məktəbimizdə elə kişi müəllimləri vardımı ki, şagirdlər onları heç saymırdılar?

- Hə, elə müəllimlər var, onlar müəllimlik dövründə təsir güclərini itirirlər. Bizdə də vardı elələri. İndi orta məktəb şagirdlərini vurmaqla qorxutmaq olur ki?! Söhbət o vaxtdan gedir. Sinif rəhbərimiz bizim sinifdə də, o biri siniflərdə də elə olurdu ki, sinfə girirdi, nadinclik edən uşaqları təpiklə döyürdü. Hərdən feysbuka baxanda düşünürəm ki, bunların heç vaxt Mahir müəllimi olmayıb. Mahir müəllimi feysbuka buraxasan, nə qədər təpiklənəsi adam var, bilirsənmi?! Bəzi adamlar özlərini idarə edə bilmirlər. Bunun səbəbi də məktəbdir. Təəssüf... Mən sizə nəinki öz müəllimlərimdən, tanıdığım və haqlarında yazdığım müəllimlərdən danışmaq istəyirəm. Lənkəranda bir Qəzənfər müəllim olub. Əliyev. Stadionun böyründən keçəndə futbol oyunu dayanırdı ki, qoy Müəllim keçsin, birdən top gedib ona dəyər! Sizə Əfruz müəllimdən danışım. 55 il öz kəndində dərs keçib. Bir qardaşı nazir müavini olub, o biri qardaşı Sumqayıt Universitetində İngilis dili kafedrasının müdiri, ayrı bir qardaşı APİ-də dekan olub. Öz dostu Mehdi Məmmədov təhsil naziri olub. Bu adam heç bir vəzifə istəməyib və kəndindən heç hara getməyib. Riyaziyyatçıdır və elmlər doktoru olan şagirdləri var. Adamda müəllimlik peşəsinə olan eşqə, həvəsə bax! 30 il jurnalistlik etmişəm. 5 il işləyəndən sonra düşünmüşəm ki, ə, bu adamlar üçün yazı yazarlar?! Təsəvvür edin, 55 ildə onun qarşısına nə qədər dana gəlib, Əfruz müəllim onları adam edib.

- Məktəb illərində parta yoldaşınız kim olub?

(Bura qədər üzündə neytral emosiya vardı. Sevincli, ya kədərli olduğu hiss olunmurdu. Bu sualı eşidincə üzünə təbəssüm yayıldı).

- Sinifdə kim vardı, hamısı. Hər uşaq bir müddət oturub. İlk parta yoldaşım anamın və atamın dayısı oğlu Tariyel olub. Valideynlərim xala oğlu-xala qızıdır. Əlimin əsməyi də bu səbəbdəndir. Araq içməyə, siqaret çəkməyə hərbi xidmətdə başlamışam. Amma universitetə qəbul olunanda artıq əllərim əsirdi.

Məktəb illərinə dair xatirəsini paylaşır.

- Müəllim səhər tezdən oyanır, səhər yeməyini yeyir, ailəsinə yemək hazırlayır, uşaqları məktəbə yola salır, üstəlik də şəhərdən kəndə məktəbə gəlir. Dərsə vaxtında çatmaq üçün sübh 5-dən oyanmalıdır. Dərsə gecikən uşağa nifrət etmişəm. Müəllim gəlib, sən hələ yatırsan? İşə arvad, ya ər yola salmırsan, uşaqların yoxdu, hələ bir yatıb qalırsan da? Oxuduğum 10 ildə yalnız xəstəxanada yatdığım vaxtlarda dərsə getməmişəm. Ayağımı kəsmişəm, getmişəm. Əlimi kəsmişəm, getmişəm. Paltarım olmayıb, yamaq vurdurub getmişəm. Amma bir şeyi də deyim, dərsə gəlməyən müəllimlə də dalaşmışam. 6-cı sinidə oxuyanda məktəb direktoru bizə Azərbaycan dili dərsi keçirdi, amma dərsə gəlmirdi. Gah başqa siniflə birləşdirirdi, gah başqa müəllim əvəz edirdi. Bir dəfə dərsə gəldi, uşaqlardan soruşdu ki, keçən dərsimiz nə olub? Kimsə əlini qaldırmadı. Adam 1 aydı dərs keçmir, kim nə bilsin axırıncı dərsimiz nə olub? Amma mən hər gün gündəlik dərslərimi oxuyurdum. Müəllim öyrətsə də, öyrətməsə də. Soruşdu və heç kim əl qaldırmadı məndən başqa, başladı bizi təhqir etməyə: "Görürsünüz, hamınız "tupoy”sunuz, eşşəksiniz, qoyunsunuz!”

O müəllim ümumiyyətlə, kəndimizə həqarətlə baxırdı. Özü şəhərdə yaşayırdı, kəndə işə gəlirdi. Əlimi qaldırdım. Əlim də əsir. O biri əlimlə dəstək olmuşam ki, az əssin.

- Hə, mənim balam, cavab ver görüm keçən dərsimiz nə olub?

- Sərdar müəllim, keçən dərs olmayıb.

- (Tutuldu). Yox, ondan əvvəlki dərs...

- Ondan əvvəlki dərs də olmayıb.

- Ondan da əvvəlki?

- Ondan da əvvəlki dərs olmayıb.

- Biz dərs keçməmişik?

- Beş dərs əvvəl təyini keçmişik.

- Sən nə demək istəyirsən?

- Sizin nəzərinizə çatdırıram ki, siz 5 dərsdir dərsə gəlmirsiniz. Niyə?

Yenicə "ə köppək...” demək istəyirdi ki, dedim, xahiş edirəm, məni təhqir eləməyin. Dedi, ə, dur, rədd ol! Dedim, rədd olmuram, birbaşa maarif şöbəsinə və raykoma gedirəm. Dedi, hara gedirsən get! Dedim, mən getdiyim yerdə sizə "sağ ol” deməyəcəklər. Gördü gedirəm, arxamca qışqırdı. Rəhman müəllim vardı, ona böyük hörmətim vardı. Böyük kişilərdən, böyük pedaqoqlardan idi. Soruşdu, hara gedirsən? Dedim, bir aydı dərsə gəlmir. Şikayətə gedirəm. Qulağıma dedi: "Bu əclaf atanı incidəcək. Qayıt”. Sonra qulağımdan tutub uca səslə:

- Ədə, sən Sərdar müəllimə etiraz edirsən?

Qaytardı məni sinfə. Demək istədiyim nədir? Sinif yoldaşlarına, müəlliminə hörmətsizlik edən adamı çox pis söyürəm. Eyni zamanda şagirdə elm öyrətməyən, onun həyatında boşluq yaradan müəllimə də...

- Məktəb illərində dostunuz kim olub?

- Zöhrab Əhmədov. Məktəb illərindən ta bu günə qədər dostluq edirik. Arada küsüb-barışırıq. O mənim toyuma gəlib, mən onun toyuna bilə-bilə getməmişəm. Amma o yenə küsməyib. Zöhrab da məktəbə gec gəlib. Yanmışdı deyə 1 il dərsə gec gəldi. Bir ara küsmüşdük. Əlimdə bel oynadırdım. Belin ucu onun çənəsini kəsdi. O məni ata-anasına şikayət etmədi. Evin sonbeşiyi idi, ailədə hamı onu çox istəyirdi. Böyük qardaşları da vardı. Gəlin, sizə onunla necə dostlaşdığımızı danışım. Sinif nümayəndəsi idim. İbrahim müəllim jurnalı mənə tapşırırdı. Baxırdım, Əhmədov Zöhrab Əhməd oğlunun qarşısında qaiblər var. Soruşdum niyə gəlmir, dedilər, yanıb. Evdən icazə alıb öz təşəbbüsümlə getdim Zöhrabı evində ziyarət etməyə. Atam mənə 1 manat pul vermişdi. Zöhrabın balışının altına həmin manatı qoydum, bir də ona məktəbdə yediyimiz bulkalardan aparmışdım. Bu illər ərzində Zöhraba etdiyim ən böyük hədiyyə bəlkə də elə o 1 manat olub. Amma Zöhrab bəlkə minlərlə manatdan artıq yaxşılıqlar edib. Biz iki qardaş Bakıda oxuyanda ata-anama oğul əvəzi olub. Odun doğrayıb, həyəti şumlayıb, otu dama yükləyib. İndi Lənkəran Şəhər Bələdiyyəsində baş mühasib işləyir. Martın 1-də mənim doğum günümdür, 4-də onun. Ad günümdə axtarıb nömrəmi tapa bilməyib. Moskvadakı sinif yoldaşlarıma kimi zəng edib. Ayın 4-də mən zəng elədim ki, əclaf, mən səndən tez gəlmişəm dünyaya, ağsaqqala hörmət filan-zad... Deyir, əfəndim, sənə zəng çatmır. Zarafatla deyirəm, ay Zöhrab, o əvvəllər idi e, nömrəni, telefonu, arvadı tez-tez dəyişirdim. 3 ildi eyni nömrə işlədirəm, yalan demə!

Deyir, məktəb illərində ilk məhəbbəti olmayıb. Bütün qızları sevib.

- Gözəlliyi sevirdim. Sadalasam, 7-8 qız sevmişəm. Öz kəndimizdən tutmuş qonşu kəndə qədər. 7-ci sinifdən başlayaraq üzüm səpməyə başladı. Sevdiyim qız mənə baxıb dedi, nə gündəsən e! Deyirəm, onsuz da sevmirsən, nədi, öpmək istəyirdin? Yəni bu qədər həyasız və hazırcavab olmuşam. Sərhədsiz adam olmuşam. Sərhədsiz olmağım mənə ləzzət edib. Allah insanı faili-muxtar yaradıb. Mənə verilən ağıl, hesab edirəm ki, az verilib. Az ağlımla sərhədsizliyin ləzzətini yaşamışam. Heç vaxt kimdənsə asılı olmamışam, asılı vəziyyətə salmamışam özümü. Yaxşı iş təklifləri olub. Bunun üçün nə lazım idi? Savad? Savadım olub. Giley edə bilmərəm ki, məni qiymətləndirməyiblər. Qiymətləndiriblər. Amma bu işlərin sonu belədir: "Bəli, müəllim! Baş üstə, müəllim!" Mən "bəli, baş üstə" deyəcək adam deyiləm. Sərhədsizlik mənə bu xoşbəxtliyi verib. Vəzifə xətrinə "baş üstə" deyib əskilə bilmərəm. Mən əmr adamı deyiləm.

- Döyülmüsünüz?

- O qədər!!! Bir dəfə İbrahim müəllimin dərsində güldüm, o da məni döydü. Dodaqlarım keyimişdi. Amma dərsdən çıxıb evə gedəndə gəlib öpdü məni, unutdum. Sinif yoldaşlarım və başqaları tərəfindən çox döyülmüşəm. 6-cı sinfə qədər zəif olmuşam. Çox döyülmüşəm. Sonra gücləndim, mən də hamısını döydüm. Borcum qalmayıb. Düşünürəm ki, insan döyməkdən və döyülməkdən qorxmamalıdır.

- Adətən oğlanlar döyülür.

- Mən qız da döymüşəm. İstədiyim qıza demişdim ki, filan oğlanla oturma. Demişdi, baş ütsə. Dərs vaxtı müəllimdən icazə alıb getdim onların sinfinə. Qapını açıb baxdım ki, həmin oğlanla oturub. Qapını örtüb gəldim sinfə. İkisinin də rəngi qaçmışdı. Dərsdən çıxmaqlarını gözlədim. Dərs bitdi, oğlana qəşəng bir şapalaq ilişdirib qızın dalınca getmək istəyirdim ki, atam qabağıma çıxdı. Soruşdu, hara gedirsən? Yalandan dedim, babamgilə. Onda da babam ağır xəstə idi. Atamın qorxusundan dala qayıda bilmədim. Bibimgilin həyətindən qonşunun həyətinə keçib çıxdım asfalt yola. Qız qabaqda gedir. Qaçsam, hamının diqqətini cəlb edəcəm. Qaçmasam, qıza çata bilməyəcəm. Gördüm avtobus gəlir. Mindim avtobusa, qızı keçdim. Düşüb qıza çatan kimi döyüb, paltarlarını cırdım. Çox abırlı ailə idilər, tutdura bilərdilər hətta və mən çətin qəbula gəlib hələ bir jurnalist də olaydım! Və məni tutdurmadılar. Niyə? Sabahı gün babam rəhmətə getdi. Bunu həmişə deyirəm, babam ölümüylə də mənə yaxşılıq etdi. Babamın yasında əza pulunu mən yazırdım. Həmin qızın atasının adını hüzr dəftərinə bəzəkli yazmışdım, özü də gördü...

Son zəng

- Sinif rəhbərim kimya müəllimi idi. Mahir müəllim. Mənimlə yola getmirdi. Xoşlamırdı məni. Buna baxmayaraq, son zəng günü çıxış edəndən sonra yaxınlaşıb məni təbrik elədi. 3 il mənimlə sərt davrandı, acıladı. O biri şagirdlərlə çox mehriban idi.








Xəbər 1228 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR