"AXI NİYƏ HÜCUMA KEÇMİRİK?" DEYƏNLƏRƏ CAVAB


Biz Rusiyada, Azərbaycanda və Ermənistanda keçirilən seçkilərdən sonra Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların intensiv şəkildə bərpasını gözləyirdik.
 
Lakin siyasət və geopolitika müstəvisində hər an ağılasığmaz, öncədən proqnoz edilməsi mümkün olmayan sürpriz hallar yaşana bilir. Ermənistanda yaşanan son hadisələr də bunun əyani sübutudur. Təəssüf ki, hal-hazırda Ermənistanda elə bir ictimai-siyasi dalan vəziyyəti yaranıb ki, indi bu ölkə ilə danışıqların aparılması heç cürə mümkün deyil. Çünki İrəvanda yaşanan hakimiyyət böhranı buna mane olur. Necə deyərlər, axı danışıq aparılası düz-əməlli bir siyasi fiqurları da yoxdur, kimlə danışıq aparasan?
Bu mənada, bu gün Ermənistanda cərəyan edən ziddiyyətli proseslər və "məxməri inqilab" Qarabağ münaqişəsinin həlli məsələsini həm çətinləşdirir, həm də gecikdirir. Son günlərə kimi ermənilər özləri də psixoloji olaraq buna köklənmişdilər ki, rəsmi Bakı Azərbaycandakı və Ermənistandakı seçkilərdən sonra həm danışıqlar masasında, həm də ön cəbhədə düşmənə ciddi təzyiqlər göstərməyə başlayacaq. Lakin bu baş vermədi. Səbəbini isə az öncə də qeyd etdik. Son 10 gündə Ermənistanda baş verən olaylar istər sülh danışıqları üçün, istərsə də hərbi əməliyyatlara başlamağımız üçün çox ciddi əngəllər yaratdı.
Bəzən həm mediada, həm də sosial şəbəkələrdə belə bir ritorik suala da rast gəlirik ki, indi Qarabağı işğaldan azad etmək üçün əlverişli fürsət yaranıb, çünki ermənilərin başı mitinqlərə-falana qarışıb, axı niyə hücuma keçmirik? Mən əminəm ki, bu cür düşünənlər sadəlövh insanlardır və onlar hissə qapılırlar. Çünki onlar bir şeyi nəzərdən qaçırırlar ki, ermənilər hal-hazırda siyasi ayıq-sayıqlığı və özünənəzarəti itirsələr də, amma Rusiya və digər dünya gücləri bu ölkə üzərində nəzarəti əsla itirməyiblər və onlar Qarabağ məsələsini də hər an nəzarətdə saxlayırlar. Hazırda Kreml bu son günlərdə ipini bir qədər boş buraxdığı Ermənistanda yenidən proseslərə nəzarət etməyə başlayıb. Rusiyanın İrəvana ezam etdiyi yüksək çinli diplomatlar N.Peşinyanla preventiv danışıqlar aparırlar. Əgər Peşinyan Rusiyanın tələblərinə razı olmasa, bu ona baha başa gələ bilər. Hadisələrin bu cür mürəkkəb fonunda müvəqqəti baş nazir funksiyalarını yerinə yetirən K.Karapetyan isə ölkəsində iğitaşaşları dayandırmaq və etirazçıların da cilovunu yığmaq üçün üçün hər an cəbhədə təxribata əl ata bilər. Təbii ki, bu yalnız rəsmi Moskvanın diktəsi və "xeyir-dua"sı ilə baş verə bilər. Lakin onlar hələlik bu addıma getmirlər. Çünki bu olduqca riskli addımdır. Həm Moskvadakı, həm də ki, İrəvandakı strateqlər Azərbaycanın da sakit durmayacağını və təsirli əks-zərbə endirməyə hər an hazır olduğunu yaxşı bilirlər. Odur ki, Putinin dünən Ermənistan prezidenti Armen Sərkisyanla telefon vasitəsilə danışıqlar aparması güman edirəm ki, İrəvandakı isti başları özlərinə gəlməyə və soyuq ağılla düşünməyə vadar edəcək. Əks təqdirdə isə (yəni ki, hazırda Ermənistanı inqilab bataqlığına sürükləyən Qərbyönümlü siyasətçilər Moskvanın tələbləri ilə razılaşmadığı təqdirdə) Putin Azərbaycanın təcili surətdə hərbi əməliyyatlara başlamasına sadəcə göz yuma bilər. Və bu da bizim yubanmadan antiterror əməliyyatlarına başlamağımız üçün ən əlverişli şəraitin yaranması kimi başa düşülməlidir. Odur ki, hal-hazırda Ermənistanda baş verən hadisələr müəyyən mənada Azərbaycanın xeyrinə işləyir.
Azərbaycan isə bu əsnada bəzilərinin düşündüyü və iddia etdiyi kimi heç də boş oturmayıb və gözləmə mövqeyində də deyil. Rəsmi Bakı bir tərəfdən Rusiya ilə Qarabağ münaqişəsinin həlli yollarını mütəmadi olaraq müzakirə edir, digər tərəfdən isə qardaş Türkiyə ilə ortaq fəaliyyət planlarını cızır. Prezident İlham Əliyevin Türkiyəyə son səfəri Ermənistanda baş verən siyasi təlatümlər fonunda olduqca səfər kimi dəyərləndirilməlidir. Heç şübhəsiz ki, iki qardaş ölkənin liderləri düşmən ölkədə cərəyan edən son hadisələri və özəlliklə Qarabağ məsələsini də çox ciddi surətdə müzakirə ediblər, birgə yol xəritəsi cızıblar. Bu mənada, Rəcəb Tayyib Ərdoğanın "Türkiyə hər zamankı kimi bundan sonra da daim Azərbaycanın yanında olacaq" mesajı təkcə biz azərbaycanlılara verilən mesaj deyildi. Bu mesaj həm də Ermənistan siyasilərinə və onlara havadarlıq edən xarici güclərə verilmiş xəbərdarlıq kimi dəyərləndirilməlidir.

Əlisahib Hüseynov 
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri

Xəbər 486 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR