Avtobus özbaşınalıqları ilə bağlı məsələyə aydınlıq gətirildi — hər ay "Xaliq Faiqoğlu"nun 150 avtobusuna cərimə gəlir

Avtobus özbaşınalıqları ilə bağlı məsələyə aydınlıq gətirildi — hər ay

"Xaliq Faiqoğlu" şirkətinin avtobusları yol hərəkəti qaydalarını bir çox hallarda kobud şəkildə pozaraq sərnişinlərin həyatını təhlükəyə atırlar.

"Ölkə.Az” xəbər verir ki, bu barədə daxil olan şikayətlərdə bildirilir. Qeyd edilir ki, şirkətin tabeliyində olan avtobusların sürücüləri çox vaxt yol hərəkəti qaydalarına əməl etmirlər. Sürücülər sərnişinlərlə kobud rəftar edirlər. Maraqlısı budur ki, şirkətin sürücülərinə həm DYP əməkdaşları, həm şirkətin nəzarətçiləri, həm də Bakı Nəqliyyat Agentliyi tərəfindən göz yumulur.
Səslənən ittihamlara aydınlıq gətirmək üçün ilk əvvəl "Xaliq Faiqoğlu" şirkətilə əlaqə saxladıq. Şirkətin istismar şöbəsinin rəisi İbrahim Quliyev "Ölkə.Az”a açıqlamasında bildirdi ki, əgər avtobus sürücüləri yol hərəkəti qaydalarını pozur, işıqforun qırmızı işığına məhəl qoymadan keçirlərsə, mütləq cəzalandırılırlar. Onun sözlərinə görə, dövlət qurumlarının bu əməllərə göz yumması barədə səslənən ittihamlar doğru deyil.
"Əlimdə xeyli sayda qayda pozuntularına görə ödədiyimiz cərimələrin protokolları var. Gün ərzində şirkətimizin nəzarətində olan 300 avtobus şəhərdə fırlanır. Bir ay ərzində bizim 300 avtobusdan 150-sinə cərimə gəlir. Cərimələrin hamısını da ödəyirik. 10 avtobusu olan nəqliyyatçıya baxanda bizim sürücülərə gələn cərimələr çox görünə bilər. Lakin avtobus sayına böləndə, bizim sürücülər ən az qayda pozurlar. Yəni bir maşına düşən cərimələrlə hesablasaq, elə ən az cərimə "Xaliq Faiqoğlu" şirkətinə gəlmiş olar. Qayda pozan sürücülərin heç birinə güzəşt edilmir. İş olan yerdə həmişə söz də olub. Bu gün Bakı şəhərində sərnişinlərin 30 faizini daşıyırıqsa, demək problemlərin və söz-söhbətin çoxu da bizim şirkət barədə səslənəcək”, - deyə İ. Quliyev bildirib.
Şöbə rəisi deyir ki, sürücülərin yol verdiyi nöqsanlara görə şirkətə dövlət qurumları, eləcə də, Bakı Nəqliyyat Agentliyi tərəfindən iradlar bildirilir:
"İzahatlar alınır. Sürücülərimizin sərnişinlərlə kobud rəftarı olub və buna görə cəzalandırılıblar. Qüsura təkrar yol verən sürücülərimiz işdən uzaqlaşdırılıb”. 
Məsələ ilə əlaqədar Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev də "Ölkə.Az”a açıqlamasında bildirib ki, səslənən ittihamlar həqiqəti əks etdirmir.
"İstənilən daşıyıcılarla bağlı bizə daxil olan şikayətlər dərhal araşdırılır və günahkar şəxslər barəsində tədbirlər görülür. Baxmayaraq ki, Bakı Nəqliyyat Agentliyinin cəzalandırma və cərimə mexanizmləri yoxdur, lakin səlahiyyətimiz çərçivəsində müəyyən tədbirlər həyata keçirilir. Sürücülərin yol hərəkəti qaydalarına əməl etməməsinə isə BNA yox, digər qurumlar nəzarət edir.
"Xaliq Faiqoğlu" şirkətilə bağlı daxil olan şikayətlərə göz yumulması barədə səslənən bütün iddialar əsassızdır. İstər "141 Çağrı Mərkəzi”nə, istər BNA-nın "Facebook”dakı rəsmi səhifəsinə və istərsə də quruma edilən birbaşa şikayətlərə baxılır. Məsələ tam şəkildə araşdırılır və cavablandırılır. Qoyulan tələblərə əməl etməyən istənilən daşıyıcı və sürücü haqqında səlahiyyətimiz çərçivəsində tədbirlər görülür”, - deyə M. Ağayev bildirib.
Bakı şəhər Dövlət Yol Polis İdarəsi tərəfindən isə bildirdilər ki, müşahidə kameraları vasitəsilə qeydə alınan bütün qayda pozuntuları barədə protokol tərtib olunur. Protokol əsasında qayda pozan sürücü və onun çalışdığı şirkətə məlumat verilir. Şirkətdən asılı olmayaraq, qayda pozuntusuna görə, protokola əsasən sürücü və cavabdeh məsuliyyət daşıyır.

Aktual.az

Xəbər 1903 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR