Avropa Parlamentinin növbəti blefi

Avropa Parlamentinin növbəti blefi

Azərbaycana qarşı növbəti qərəz, haqsızlığa start verildi. Yenə də dəyişməz ünvan və dəyişməz ssenari. Əlbəttə ki, söhbət Avropa Parlamentinin Azərbaycanda insan haqlarının vəziyyətilə bağlı keçirdiyi müzakirə və həmin müzakirənin yekunu olaraq qəbul edilən qərəzli qətnamədən gedir.

Qətnamədə yenə ənənəvi olaraq Azərbaycan insan hüquq və azadlıqlarını pozmaqda əsassız olaraq ittiham olunur. Bunun ağ yalan olduğunu sübuta yetirmək üçün elə son günlərdə Avropada yaşananları diqqətə çatdırmaq yetərlidir. Bu gün Azərbaycanı insan hüquq və azadlıqlarını pozmaqda ittiham edən Avropa özü bu hüquqlara zərrə qədər hörmət etmir. Əgər bu qitəyə üz tutan miqrantlara qarşı ayrı-ayrı Avropa ölkələri sərt tədbirlər görürlərsə, hətta avropalı siyasətçilər onları silahla qətlə yetirmək barədə təkliflərlə çıxış edirlərsə, o halda Avropa hansı haqla insan hüquq və azadlıqlarından danışır? Ancaq Avropadan fərqli olaraq Azərbaycanda insan hüquq və azadlıqları hər zaman ən üst səviyyədə qorunub. Azərbaycan hakimiyyəti, dövlət başçısı vətəndaşlarının hüquqlarının qorunmasına ciddi diqqət ayırıb.

Düzdür, Azərbaycanın 1 milyona yaxın qaçqın və məcburi köçkününün hüquq və azadlıqları hələ də bərpa edilməyib. Ancaq bu məsələdə Azərbaycan hakimiyyəti deyil, məhz Avropa, dünya birliyi günahkardır. Əgər Avropa doğrudan da insan hüquq və azadlıqlarına önəm verirsə ilk növbədə azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpası istiqamətində hərəkətə keçsin.


Qətnamədə jurnalist Xədicə İsmayıl və həbsdə olan digər fəallar, hüquqşünas və hüquq müdafiəçilərinin dərhal və heç bir şərtsiz azad edilməsi barədə olan çağırış da absurddur. Hər kəsə məlumdur ki, başda Xədicə İsmayıl olmaqla qətnamədə adı keçən şəxslər məhz törətdikləri cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb ediliblər. İndi Avropanın cinayətkara azadlıq tələb etməsi heç bir məntiqə sığmır və bu Azərbaycanın daxili işlərinə müdaxilə deməkdir. Şübhə yoxdur ki, anoloji hadisə hansısa Avropa ölkəsində də olsaydı eyni addım atılar və cinayətkar öz layiqli cəzasını alardı.


Avropa Parlamentinin qətnamədə Avropa Ittifaqına üzv dövlətləri Azərbaycandakı parlament seçkisini müşahidə etməməyə çağırışı da əhəmiyyətsiz bir şeydir. Eyni zamanda bu ölkəmizə qarşı növbəti bir təzyiq üsuludur. Xatırladaq ki, elə bu ilin yayında Bakıda keçirilən Birinci Avropa Oyunları ərəfəsində də bəlli mərkəzdən Avropa ölkələrinə eyni çağırış edildi. Lakin Avropanın tərəqqipərvər, qərəzsiz insanları, həmin çağırışa heç bir məhəl qoymadan Birinci Avropa Oyunlarında yüksək səviyyədə iştirak etdilər. Əminliklə deyə bilərik ki, yenə də eyni proses baş verəcək. Hətta avropalılar parlament seçkilərini müşahidə etməyə gəlməsə belə biz bu seçkiləri hər zamankı kimi yüksək səviyyədə keçirəcəyik. Çünki seçkilərin taleyini Avropa deyil, Azərbaycan xalqı, seçiciləri müəyyənləşdirir. Avropa parlamentinin növbəti qərəzi haqlı olaraq Azərbaycan cəmiyyəti tərəfindən narazılıqla qarşılanıb. Siyasi ekspert Arzu Nağiyev deyib ki, Avropa Parlamentinin belə bir mövqedə olması birinci hal deyil. Onun sözlərinə görə, Birinci Avropa Oyunlarından əvvəl başlayan bir kompaniya hələ də davam edir:

“Təsəvvür edin ki, eyni sözlər təkrarlanır, eyni şəxslər haqqında mülahizələr yürüdülür, eyni tələblər nümayiş etdirilir. Söhbət ancaq və ancaq insan haqlarından gedir. Yəni bu qədərmi bizdə demokratiya yoxdur ki, hər dəfə təkrar qərarlar qəbul edilir? Əlbəttə ki, burada məqsəd bizim ölkənin, dövlətin Qərbin diqtəsinə tabe olmaqdan gedirsə bu baş tutan deyil. Bizin qanla, dava ilə, şəhidlər verməklə qazandığımız bir müstəqilliyimiz var, bu yolda heç kim bizə şərt qoya qoya biməz”.

Ekspert bildirib ki, bu növbəti dəfə Azərbaycana qarşı qərəzli mövqenin nümayişidir:

“Əlbəttə, qərəzçilk də var. Özüdə həddən artıq. Necə olur ki, Ermənistanda siyasi məhbus özünü öldürür, intihar edir, ancaq Avropa susur. Azərbaycanda belə bir hadisə olsaydı bu saat bəyanatlardan kütləvi informasiya vasitələrində yer qalmazdı. Erməni lobbisi öz məkrli siyasətini işə salıb və bizim də antimilli mənbələrimizinin məlumatları təəssüf ki, əsas götürülür”. Qətnamədə jurnalist Xədicə İsmayıl və həbsdə olan digər fəallar, hüquqşünas və hüquq müdafiəçilərinin dərhal və heç bir şərtsiz azad edilməyə olan çağırışa gəlincə Arzu Nağıyev hesab edir ki, adı şəkilən şəxs və şəxslər haqqında məhkəmə qərarları var və həbs qətimkan tədbirləri seçilib: “Onların qeyri-şərtsiz azad edilməsi mümkün deyil. Bu yüksək səviyyədə əfv və ya işə diğər instansiyalarda baxıldıqdan sonra edilə bilər. Məhkəmə qərarının heç bir şərtsiz ləğv edilməsi mümkün deyil və düşünürəm ki, bu Qərbin siyasi ambisiyalarından irəli gələn bir tələbdir”.

Ekspert bildirib ki, qətnamədə Avropa Ittifaqına üzv dövlətləri Azərbaycandakı parlament seçkisini müşahidə etməməyə olan çağırış indidən seçkinin nəticələrini şübhə altına almaq cəhdidir:

“Düşünürəm ki, Avropa Parlamentinin mövqeyi heç də Avropa dövlətlərinin və onun başçılarının mövqeyi deyil. Biz bunun dəfələrlə şahidi olmuşuq. Bu gün verilən hər hansı bir qərar, çağırış asanlıqla dəyişdirilə bilər. Unutmaq lazım deyil ki, Qərb bizimlə iqtisadi portnyor olmaqdan məmnunluq duyur və hazırda bir sıra layihələr həyata keçirilir və palnlaşdırılır. Məhz bu baxımdan siyasi ambisiyalara uyub bizimlə o tərzdə davrana bilməzlər və əlbəttə ki, bu bir blefdir. Avropa Oyunları əvvəli də belə çağırışlar var idi. Zənnimcə seçkilərdə məmuniyyətlə iştirak edəcəklər və Azərbaycanda siyasi və iqtisadi durumun nə yerdə olduğunu hiss edəcəklər”.

Xəbər 554 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR