Ata məhəbbəti

Ata məhəbbəti

Düz on il öncə ATAMIN son ad gününü qeyd etdim.

Bü gün Atamın 80 yaşı tamam oldu.

Ata, on ildir Sənsiz yaşayıram. O on il ki, son arzun idi: daha on il yaşayasan. Ömrüm boyu Sənin arzularını həyata keçirməyə çalışmışam. Bu arzunu həyata keçirə bilmədiyim üçün məni bağışla, Ata.

Ömür Tanrıdan paydır bizə. Bız onu öz məhəbbətimizlə zənginləşdirə bilirik.

Sənin həyatda varın-dövlətin iki qoca anan və iki qadından dünyaya gələn 13 övlad idi. Mən Səni həmişə sevmişəm, Ata! - ac olanda da, tox olanda da, mənə hədiyyə alanda da, almayanda da.

Ömrün ən saf, xoş çağları uşaqlıq illəridir. O vaxtları uşaqlar atalarının aldığı hədiyyə ilə öyünəndə, mən də hind filmlərinə daha çox baxmağımla öyünürdüm - axı... Sən kinomexanik idin, Ata!

Hər bir uşaq öz atasını daha güclü sayır. Fiziki cəhətdən ən zəif atanın uşağı belə. Mən də Səni həmişə güclü saymışam - axı... Sən doğrudan da güclü idin, Ata.

Yeni dərs ili başlayanda hamı təzə paltar alanda, mən də "atam Rusiyadan bizə paltar gətirəcək", - deyə özümə təsəlli verir, Sənə haqq qazandırırdım - axı... biz çox idik, Ata, axı... Sən bizi dolandırmaq üçün Rusiyaya "sezon"a - mövsümi işə gedirdin...

ATA MƏHƏBBƏTİ - uşaqlıq arzularına çatdırıb-çatdırmamağından, hədiyyə alıb-almamasından asılı olmayaraq, Atanı hamıdan güclü sayıb sevməkdir - axı... hamı ATALI olmur! Allah heç körpəni ATAsız qoymasın, amin!

Birtəhər böyüdük, Ata!

Bilirəm, məni çox sevirdin, mənə ümidli idin. Mən Sənə söz vermişdim ki, ali məktəbə daxil olacağam - axı Sən həmişə inşaat muhəndislərinə qibtə edirdin. Budur, 1983-ci il. Sənədlərimi inşaat mühəndisləri institutuna verdim. O vaxtlar ali məktəbə rüşvətsiz, tapşırıqsız qəbul olunmağa az adam inanırdı. Hətta bir kəndçimiz mənə "hec cür mümkün deyil (heç cür mumkun ni, əşi, mümkün ni!)" demişdi.

Məni əvvəl təbrik etdilər. Sonra tələbə bileti verəndə siyahıda adım olmadı. Nə yaxşı ki, Sənə şad xəbər verməmişdim. Nə edəcəyimi bilmirdim - 16 yaşında kənd uşağıydım axı!

Kəndə getməməyə qərara gəlmişdim. Qulağıma kəndçimizin "gördün" (mumkun ni!) səsi gəldi. Az qala bu fikirlə razılaşacaqdım.
Amma dünya xeyirxah adamlarsız da deyil. Bu adamların birinin göstərdiyi yolun dolayısıyla mən anamın "qəhrəman"lığından (10 uşaq dünyaya gətirmişdi) istifadə edib rektorun qəbuluna düşdüm...

Axı... anamdan başqa heç kimim yox idi! 

Axı... Sən "sezon"da idin!

Rektor mənə olan haqsızlığı boşqabın düşüb sınmasına bənzətdi. Mən ona taleyimi boşqabın sınmasına bənzətməyinə iradımı bildirdim. O məni qucaqladı. Beləliklə, mən qiyabi fakultəyə qəbul oldum.
Kəndə qayıtdım tələbə bileti ilə. Məni qəhrəman kimi qəbul etdilər. O kəndçim də məni təbrik etdi.
Artıq mən kasıbların simvolu idim. Sənə teleqram vurmadım. Bir aya qayıdacaqdın. Amma ümidini itirmişdin. Qayıdanda ürəyin dözməyib Bakıda sürücüdən Səni Mirzağa Əliyev, 24 ünvanına (çoxlarının müqəddəs saydığı evə) aparmasını xahiş etmişdin. Orada hansı hissləri keçirdiyini sonradan bilmişəm. Muştuluq əvəzinə Bakı bulvarındakı "Sahil" restoranında qonaqlıq vermişdin.
Axı... Sən, sovet dönəmində önəm verilən, yeyib-içən kişiydin.
Axı... biz Səninlə ilklərə imza atmışıq - mən ilk ali təhsilli oğlun olmuşam.
Axı... Sən həyatda həmişə tək olmusan. Bu fani dünyada heç kəs tək olmasın.

ATA MƏHƏBBƏTİ - xətalarını (Atalar səhv etmir) görməmək, uğurlarını ona həsr etmək, ona qürur hissi yaşatmaqdır.
Bəli, institutu qurtardım. Əlim çörəyə çatan kimi, Səni təqaüdə çıxartdım. Rusiyada böyük biznesim var idi. Artıq 31 yaşında idim.
Mən ilk dəfə idi Sənin istəyini gecikdirirdim. Ona iki səbəb var idi. Biri uğursuz məhəbbətin acısı, ardınca və ən əsası, qardaş itkisi! - özü də necə qardaş! Bu ayrıca mövzüdür.

Sənin istəyinlə evlənməyi qərara aldım. Toy günü idi. Səni heç vaxt belə həyəcanlı görməmişdim. Mənimçün ən maraqlı an Sənin mənə verəcəyin xeyir-dua və ürək sözlərin idi. Baxmayaraq ki, toyu idarə edən dostum və xalq artisti Sənə danışmaq üçün yaxşı giriş verdilər, amma Sən... danışa bilmədin!

Axı... Sən vaxtilə kənd radio qovşağında həvəskar səviyyədə də olsa belə, muğam ifa etmişdin, bir dəfə də olsa belə, toy idarə etmişdin.

Sən heç vaxt mənə olan məhəbbətini gizlədə bilməmisən. Ən cox sevinən də Sən idin, ən cox həyəcan keçirən də. Mən isə Sənə qarşı məhəbbətimi gizli saxlamışam.
ATA MƏHƏBBƏTİ - onun üzərinə düşən yükü öz çiynində gizli daşımaq, onu daim uca tutmaq və ona xüsusi ehtiram göstərməkdir.

SÖZARASI: Hə, əziz dost, mən həmişə Rusiyadan vətənə qayıdanda Atam məni körpə uşaq kimi izləyərdi. Ziyalı yoldaşlarla yığışanda rahat, digərləri ilə narahat olardı. Hətta bizdən arxayın olmaqdan ötrü, hər şeyi öz gözləriilə görməkdən ötrü uzaq Saxalin adalarına kimi gəldi.

 Ata, yaşlı nəslin nümayəndələrindən Sənin nə qədər mərd, qolu qüvvətli olduğunu eşitmişəm. Dostluqda möhkəm olmağını da həmçinin.

 Hər şeyi qış aylarında etdiyin bir zəng dəyişdi. Son vaxtlar mənə vəsiyyətsayağı sözlərin məni narahat edirdi. Yadımdadır: "o kəs ki, atasının yeddisinə gəlib çixarsa, gəlməməsi daha yaxşıdır, o kəsin ki atasi dilənçi kimi ölərsə, onun milyonçu oğlu kimə lazımdır ki?", - deyərdin. "Məni torpaqa özün tapşırarsan".

 Ata, həkim Səni müayinə edəndə, ağır xəstə olduğunu bilirdim. Sənə heç vaxt bildirmədim. Həkimdən Sənin son günlərinin ağrısız keçməsini xahiş etdim. Mənim üçün biznes, var-dövlət dalınca qaçmaq bitdi. Nə qədər ki əllərin çiynimin üstündə idi, mən də uğur qazanırdım. Ömrünün son iki-üç ilini Səninlə oldum.

Axı... Sən mənim çiynimə şərəfli yük qoymuşdun və mən o yükü daşımağa hazır idim.

... Son gecə mənə "yaxşı yol", - deyib əllərini əllərimdən ayırıb "özüm gedərəm" söyləyərək ölümün gözünə düz baxa-baxa bu dünyanı tərk etdin.

Ata məhəbbəti - son anında yanında olmaq, son arzularını həyata keçirmək, son mənzilə şərəflə yola salmaq və ömür boyu əməlləri ilə rəhmət qazanmaqdır.

Ata, Sən vəfat edəndə mən ilk dəfə idi oruc tuturdum. Bir il əvvəl bir dostum bütün ailə üzvlərini itirəndə haram işlərdən əl çəkdim.
Ata, çoxlu müqəddəs yerləri görmək mənə nəsib oldu: Məşhəd, Kərbəla, Şam, Mədinə, Məkkə... harda oldumsa, Sənin ruhuna dualar etdim! Sənə olan məhəbbətim heç zaman sönməz.

 YADDAŞ ÜÇÜN: O kəs ki xəstə atasının ayaqlarını yumağı özünə şərəf bilmədi, bulanmiş alt paltrını, bədənini yumaqdan iyrəndisə, o kəsin qəlbində ata məhəbbəti ola bilməz.

YADDAŞA ƏLAVƏ: Ata əvəzi böyük qardaşdır. Atanın bütün yükü böyük oğulun çiyninə düşür, boyük qardaşın məqamı Ata Məqamı qədərdir.

 p.s Bu yazını səhər saat 12-dən başlayıb axşam 9-da bitirdim. Çapa verəndə, orijinal itdi. Elə bildim, atamla bağlı bütün xatirələrimi itirdim. Atama olan məhəbbətim mənə bu yazını təzədən - 21.00-dan 00.40-ə qədər yazmağa kömək oldu.

p.p.s. Sevin ataları - Tanrı sizi sevər!

p.p.p.s. Atalar - "papa"lar, "dədə"lər, "lələ"lər, "qəqə"lər, "dadaş"lar bizim yer üzündəki tanrılarımızdır!

 

 Əlihüseyn Ağayev

Xəbər 4938 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR