AMEA büdcənin gəlirlər hissəsində payını artırmaq istəyir

AMEA büdcənin gəlirlər hissəsində payını artırmaq istəyir

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) dövlət büdcəsinin gəlirlər hissəsində payını artırmaq istəyir.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu AMEA Rəyasət Heyəti Aparatının İnnovasiya şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev deyib.

Onun sözlərinə görə, AMEA rəhbərliyi milli iqtisadiyyata, xüsusilə qeyri-neft sektorunun inkişafına töhfə vermək, o cümlədən büdcədən asılılığını azaltmaq məqsədilə addımlar atır: “AMEA-nın layihələrindən həmişə iqtisadi faydalar qazanılıb. Lakin bu proses indiyədək məhdud səviyyədə, məhdud çərçivə daxilində mümkün olub. Bundan sonra isə məqsədimiz daha mütəşəkkil formada bu fəaliyyəti həyata keçirərək idxalın əvəz edilməsi, rəqabətqabiliyyətli ixrac potensialının artırılması və nəticə etibarilə AMEA-nın özünün də gəlir əldə edərək dövlət büdcəsinin gəlirlər hissəsində payını artırmaqdır. Əminik ki, dövlət, biznes və elmin birgə, qarşılıqlı faydalı əməkdaşlığı Azərbaycan iqtisadiyyatının daha da gücləndirilməsinə xidmət edəcək”.

V.Babayev əlavə edib ki, AMEA-nın hazırda icrası üzərində çalışdığı innovativ layihələr əsasən kimya, biologiya, geologiya, kənd təsərrüfatı, İKT və müdafiə sistemləri üzrə cəmləşib. Lakin AMEA-nın potensial olaraq bütün dəqiq elmlər və aqrar elm bölmələri üzrə yeni, faydalı və rəqabətqabiliyyətli layihələr reallaşdırmaq imkanı da var: “Hazırda ilkin təcrübə-sınaq mərhələsində icrasına başladığımız layihələrin sayı təxminən 10 olsa da, AMEA-nın Təcrübə-Sənaye Zavodunda 30-dan artıq adda innovativ məhsulların istehsalı həyata keçirilir”.

V.Babayev qeyd edib ki, innovativ layihələrdə əsas maraqlı ola bilən tərəf biznes strukturlarıdır.

Onun sözlərinə görə, ölkəmizdə biznes strukturlarının Azərbaycan elminə, onun potensialına münasibəti son illərdə müsbətə doğru dəyişməkdədir: “Xarici hazır texnologiyaların idxalı daxili bazarda yaradılan alternativ texnologiyalardan istifadə ilə müqayisədə iqtisadi baxımdan müəssisələrimiz üçün xərc predmeti kimi əlavə yük hesab edilə bilər. Belə anlayışı və yanaşması olan iri biznes strukturları son zamanlar AMEA-nın alim və mütəxəssislərinin inkişaf etdirə biləcəyi innovativ texnologiyalara maraq göstərirlər. Bunlar əsasən dağ-mədən, geologiya, kimya, tibb və əczaçılıq, maşınqayırma, elektronika, kənd təsərrüfatı və İKT sektorları üzrə xüsusi hiss edilir”.

V.Babayev qeyd edib ki, dünya təcrübəsində olduğu kimi, Azərbaycanda da elm və texnologiya parkının yaradılması, texnologiyaların transferi və biznes-inkubator mərkəzlərinin çoxalması zərurəti hiss edilir. Bu baxımdan AMEA Təcrübə-Sənaye Zavodunun bazasında sənaye və aqrar yönümlü layihələrdən başlayaraq Elm və Texnologiya Parkının yaradılması istiqamətində ilkin addımlar atılır: “Biz burada biznes strukturlarının tələbini də nəzərə alaraq, onlarla birlikdə yeni layihələrin həyata keçirilməsi üçün bütün lazımi infrastrukturu yaratmışıq. İnnovasiya fəaliyyəti istiqamətində Elm Parkları və İnnosiya Əraziləri üzrə Beynəlxalq Assosiasiyaya (IASP - red.) assosiativ üzv olmaqla beynəlxalq səviyyədə də innovativ təkliflərimizin tanıdılması üçün əlavə imkanlar qazanmışıq”.

Xəbər 354 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR