Ali Attestasiya Komissiyasının sədri məhkəməyə verildi

Ali Attestasiya Komissiyasının sədri məhkəməyə verildi

Bu gün 1 saylı Bakı İnzibati - İqtisad Məhkəməsində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) İnformasiya və Analitik Təhqiqatlar Şöbəsinin müdir müavini Səadət Zeynalovanın komissiyanın sədr əvəzi Vəli Hüseynova qarşı iddiası üzrə məhkəmə prosesi başlayıb.

APA-nın xəbərinə görə, hakim Miminat Hacıbəyovanın sədrliyi ilə keçirilən prosesdə S. Zeynalovanın vəkili Qubadəli Rzayev V. Hüseynovun hüquqi yardım göstərdiyi şəxs barəsində qanunsuz əmrlər verdiyini deyib.
Onun sözlərinə görə, sədr əvəzi əsassız olaraq professor Səadət Zeynalovanın iş yerini dəyişdirib və ona töhmət verib: "Ona qarşı qərəzli olaraq ittiham irəli sürüb ki, guya Səadət xanım Vəli Hüseynovun tapşırdığı işləri vaxtında yerinə yetirməyib. Struktur dəyişikliyi adı ilə onu elmi şöbədən texniki şöbəyə keçirib. Harada ki, texniki işçilər oturub. Guya bu yolla onu cəzalandırmaq istəyib".
Vəkil vəsatət qaldıraraq komissiyanın Humanitar və İctimai Elmlər Şöbəsinin və İnformasiya və Analitik Təhqiqatlar şöbəsinin səlahiyyətlərini təsdiq edən əsasnamənin məhkəməyə təqdim olunması istəyib.
AAK-ın nümayəndəsi Fazil Nəsibov isə verilən vəsatətin təmin olunmamasını istəyib.
Məhkəmə verilən vəsatəti təmin edib. Hakim bildirib ki, bununla bağlı AAK-a sorğu göndəriləcək.
Sonra iddiaçı S. Zeynalova çıxış edib: "Vəli Hüseynovun mənə qərəzli münasibəti AAK-ın müvafiq şöbəsinə daxil olan saxta jurnallarla bağlıdır. Mən bunları aşkar edib ona göstərdikdən sonra mənə qarşı münasibəti dəyişdi. Halbuki, mənə söz verdi ki, bununla bağlı aidiyyatı orqanlara məlumat verəcək. Ancaq sonradan mənim işlədiyim şöbəni dəyişdirdi və məni AAK-dan kənarlaşdırmağa çalışdı. Mənim barəmdə özümdən xəbərsiz əmrlər verib, heç biri ilə tanış etməyib. Bununla yalnız məhkəmə iclasında tanış olmuşam və dəhşətə gəlmişəm. İştirakım olmadan haqqımda qərarlar qəbul edib. Ona görə ki, onun saxta işlərində iştirak etmirəm. Mən professoram, aliməm, Avropa ölkələrinin nüfuzlu universitetlərində işləmişəm. Uzun illər xalqıma və dövlətimə xidmət etmişəm. Cənab hakim, sizdən xahiş edirəm ki, bu məsələ ilə bağlı doğru qərar qəbul edəsiniz və barəmdə verilən əmrlərin qanunsuz sayılmasını təmin edəsiniz".
O qeyd edib ki, AAK-da baş verən hadisələrlə bağlı Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevaya ərizə ilə müraciət edib: "Müraciətimdə Vəli Hüseynovun özbaşınalığı, vəzifəsindən sui-istifadə etməsi və saxtakarlığı haqqında məlumat vermişəm. Eyni zamanda 30 saxta jurnalın siyahısını müraciətimə əlavə etmişəm. İnanıram ki, hörmətli Mehriban xanım Əliyeva bu barədə tədbir görəcək".
Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Xəbər 207 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR