Ağlatmayın uşaqları! - millət vəkili

Ağlatmayın uşaqları! - millət vəkili

Elşən Musayev/millət vəkili
 
Avropada valideynlər dalaşanda, sözləri çəp gələndə belə öz mübahisələrini övlad yanında eləmirlər. Boşananda, ayrılanda da elə bir xətt seçirlər ki, uşaq maksimum az ziyan görsün, az stres yaşasın, az sarsıntı ilə prosesi adlasın. Hətta ata-ana növbəti dəfə ailə qurursa, yenə həftə, ay içində konkret  günlər müəyyən olunur, hərənin öz ayrı həyatının olmasına rəğmən balalarını götürüb nahara, şam yeməyinə gedirlər. Ki, uşaq valideynlərini dost kimi də olsa bir arada görüb rahatlansın, baş verən olayların - ona olan sevgiyə, onun övlad statusuna heç bir təsir etmədiyini anlasın.... 

***

Uşaqlar müxtəlif cür ağlayır. Tay-tuşu ilə dalaşaraq, yıxılaraq, dərsindən "2" alaraq, danlanaraq, ərköyünlük edərək...
Bu ağlamalar qorxulu deyil...

Amma bir də... uşaqların böyük kimi, adamın bağrını çatladan ağlamağı var. Hiçqırıb ağlayırlar, titrəyib ağlayırlar...

Baxırsan, 4 yaşındadır, amma 40 ilin kədərinə bürünüb. Qorxu və iztirab bəbəyinin içinə qədər hopub. Unudub oyuncaq, paltar, ayaqqabı, dondurma sevincini. Həyatda tək arzusu atanın evə içib gəlməməsidir, bu gün evdə qabların qırılmamasıdır, anasının sillələnməməsidir, gecəni rahat yatmasıdır, səhər o başdan qışqırıq səsinə oyanmamasıdır...

***

Allah xətrinə, neynirsiz edin, amma övladınızı beləsinə ağlatmayın... 
Dünyanın ən köməksiz, ən saf varlıqlarının həyat eşqini ilk həmlədəcə, ilk fürsətdəcə qətl etməyin...

Hərəniz bir qolundan dartıb, parçalamayın onları....
Bir az da öz izninə, öz fikrinə, öz istəyinə buraxın...

Qorxun, körpə göz yaşından, 
Qorxun, körpə ahından, 
Qorxun, körpə hənirtisindən...
 
Lütfən...
 
Aktual.az
Xəbər 2328 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR