“ABŞ-da yaşayan həmyerlilərimiz” silsiləsindən

“ABŞ-da yaşayan həmyerlilərimiz” silsiləsindən

Həmyerlimiz Aida Hüseynovanın Azərbaycan musiqisinə həsr olunmuş elmi monoqrafiyası ABŞ-da işıq üzü görüb

2016-cı ilin mart ayında ABŞ-ın nüfuzlu İndiana Universitinin Press nəşriyyatında tanınmış Azərbaycan musiqişünası, Bakı Musiqi Akademiyasının professoru Aida Hüseynovanın “Azərbaycan musiqisi: muğamdan operaya doğru” adlı sanballı elmi monoqrafiyası işıq üzü görüb. Bu, ABŞ-da dərc olunmuş müasir Azərbaycan musiqisinə həsr olunmuş ilk nəşrdir. Kitabda azərbaycan musiqisinin Şərqlə Qərbin sintezi məcrasında əldə olunmuş nailiyyətlərindən ətraflı bəhs edilir. Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun, eləcə də digər Azərbaycan bəstəkarlarının əsərləri təhlil olunur, ifaçılarımızın, caz ustalarımızın fəaliyyətindən məlumat verilir. Sovet dövrünün musiqimizə göstərdiyi müsbət və mənfi təsiri, eləcə də müasir Azərbaycan musiqisinin nailiyyətləri və problemləri də müəllifin diqqət mərkəzindədir. Azərbaycanın ağrılı yarası olan Qarabağ probleminin Azərbaycan musiqisinin durumuna göstərdiyi təsirindən də söhbət açılır.
Aida Hüseynova hal-hazırda ABŞ-nın İndiana Universitetində dərs deyir. Həmçinin o, dünya şöhrətli violonçel ifaçısı Yo-Yo Manın rəhbərlik etdiyi İpək Yolu Ansamblı ilə birgə elmi məsləhətçi və tərcüməçi kimi çalışır. Həmin ansamblın layihələri əsnasında o, böyük muğam ustası Alim Qasımov və Fərqanə Qasımova ilə əməkdaşlıq edərək Amerika səfərlərində onlarla birlikdə olur, konsertlərində giriş sözü ilə çıxış edir. 
2009-cu ilin iyununda Aida Huseynova, Yo-Yo Manın, Alim Qasımovun və İpək Yolu ansamblının ABŞ-nın tanınmış Linkoln Mərkəzində keçirilən konsertinin canlı yayımının məsləhətçisi olmuşdur. Aida Hüseynova, Alim Qasımovun dünya şöhrətli Kronos Kvarteti ilə birgə apardığı layihələrin də iştirakçısı olub. 
Aida Hüseynova Azərbaycanda dörd kitab və yüzdən artlq elmi və elmi populyar məqalələrin müəllifidir. Onun elmi əsərləri Azərbaycanda, Amerika Birləşmiş Ştatlarında, Almaniyada, Fransada, Hollandiyada və Rusiyada işıq üzü görüb. O, ABŞ və Avropanın bir çox universitetlərində, o cümlədən ABŞ-nın Harvard, Prinston, Kolambiya, Berkli və Stanford universitetlərində, eləcə də İngiltərənin Kəmbric universitetində mühazirələrlə çıxış edib. 
Özündə Azərbaycan musiqisi və mədəniyyətinin incilərini əks etdirən, Aida xanımın müəllifi olduğu DVD ABŞ-da işıq üzü görüb. 
Aida Hüseynova Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Azərbaycanın Milli Musiqi Şürasının baş katibidir.

Elman Eldaroğlu

Xəbər 834 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR