“32 saata siyasi ritmi dəyişdirə bilən insan!” - Millət vəkili Vaşinqton uğurundan yazır...

“32 saata siyasi ritmi dəyişdirə bilən insan!”   - Millət vəkili Vaşinqton uğurundan yazır...

Elşən Musayev: “Hətta rəngi avazımış piyadaların belə öz yolu var”

Hazırda 2015-in “dekabr öncəgörənləri”nin simasını çox yaxından seyr etmək istərdim. Ciddən. Üstəlik, böyük məmnuniyyətlə. O ki, ürəklə və sözlərinə cavabdeh şəkildə deyirdilər ha: “sanksiyalar qaçılmazdır”, “iqtidarın ipi bu dəfə dəqiq qırıldı”, ”ölkədə bütün düzən dəyişəcək”- bax həmin kəsləri!
 
Yəqin həmyaşıdlarım yaxşı xatırlar, təxminən bizim məktəb vaxtlarımızda kompüter salonlarının  vazkeçilməz bir əyləncə oyunu var idi: “Mortal Kombat”. Uşaqlar müxtəlif  virtual qəhrəmanları kumanda vasitəsilə döyüşdürürdülər. Axırda isə qalib gələn həlledici zərbəni vururdu. Oyun dilində buna “fatality” deyirdilər. Məsələn tutaq 3 dəfə “B” düyməsini basıb saxlayaraq ardınca paralel olaraq 4 dəfə də “D” düyməsini sağa-sola hərəkət etdirsən “Subzero” ayamalı qəhrəman rəqibinə uzaqdan ard-arda buz atacaqdı. Ya da olsun “Pantera”, “djoystik”i düzgün tarazlayan kimi ağzından od buraxırdı. 
Bax indi Azərbaycan siyasətində bəzi rəqiblərimiz də bizimlə eyni cür, eyni zehniyyətlə döyüşür. Düz 23 ildir! “Fatality” janrında. Virtual zəmində. Distansion ovqatda. Reallığa hayqırı formasında.
 
***
 
Prezident çoxdan gözlənilən Amerika səfərinə getdimi? – Getdi. Nəzərdə tutulandan da artıq + biri-birindən uğurlu görüşlər keçirdimi? - Keçirdi. Azərbaycanın haqqını, sözünü, niyyətini, maraqlarını, mövqeyini ən ali kürsüdən və bir liderə xas ən gözəl formada dünya ictimaiyyətinə (təfərrüatlara qayıdacam) çatdırdımı? – Çatdırdı. Hər şey qaydasındadırmı? – 
Əlbət...
 
Yaxşı bəs sizdə necədir vəziyyət? Başına hərləndiyiniz Rüstəm müəllim uzun ayrılıqdan sonra vətənə döndümü? – Döndü. Görüşdünüzmü? – Xeyr. “Milli Şura”nın aqibətindən xəbər varmı? – fatal error. Adı ilə imitasiya elədikləriniz həbsdən azad edidimi? – Edildi. Ölkə sanksiyalarla baş-başa qaldımı? Uca millətə ünvanlanan məşhur “dollar statusu” bayramdan sonra öz təsdiqini tapdımı? Daxili və xarici siyasətlə bağlı tərəfinizdən söylənən baməzə proqnozlar özünü doğrultdumu? – Xeyr, təbii...
 
Fərq budur!
 
***
 
Hələ o gün rəqib düşərgənin yarımdünyavi politoloqlarından biri öz fikrini əndrabadi bir cümlə ilə əxz edib: “Azərbaycanın strateji üsul-idarəsinin yaxın zaman etapında məhrumiyyətlər dolu bir qərinəyə addımlayacağı və demokratiyaya zidd əməllərinə görə açıq fəlakətlərlə üzbəüz qalacağına dair zənn etdiyimiz təxminlərin reallaşacağı günün qaçılmazlığı labüddür”. Evin tikilsin, bu boyda cümlə olar? Axırına çatmamış əvvəlini unudursan. Və ya and verirəm sizin o əlahiddə zənninizə, labüdlük meyarınıza, söyləyin görək demokratiya deyərkən nəyi qəsd edirsiz?  - feysbukda Cevara obrazını yaratmağımı, virtual cəngavərliyimi yoxsa siyasi Vanqalığımı? 
 
*** 
 
“Hazırki dönəmdə balanslı siyasət yeritmək mümkün deyil” – söyləyənlərin də nəzərinə qapaq olsun: Mənim Prezidentim bunu bacarır. O, dünyanın, regionun, geosiyasi maraqların hırpalandığı ən kritik məqamda belə Azərbaycanı TƏRƏF etməyi bacarır. Fövqəldövlət rəsmilərinin öz dilindən BMT qətnamələrini, Dağlıq Qarabağ həqiqətlərini, Helsinki Yekun Aktının bəndlərini sadalatdırmağı bacarır... 
 
Ən əsası, İlham Əliyev ölkəsini, millətini saydırmağı bacarır!
 
Bir rəhbər 32 saat ərzində beynəlxalq siyasətin ritmini yalnız bu qədər + mükəmməlcə dəyişə bilər: BMT –nin Baş Katibi Pan Gi Mun qəfildən Bakıya gəlmə təşəbbüsündə bulunur. Dünya Bankı aprelin 1-i günəş doğmamış Azərbaycanla əlaqələrin intensivliyi barədə sazişə qol çəkir. Aprelin 7-si Rusiya və İran üçtərəfli əməkdaşlıq üçün xarici işlər nazirlərini paytaxtımıza göndərir. Avropa İttifaqı, Avropa Şurası, dünyanın bütün özündən deyən qurumları Azərbaycan hakimiyyətinin fəaliyyətini (ələlxüsus da son addımlarını) təqdir edir...
 
***
 
Bir az öncə isə əlim təsadüfən “Azadlıq”ın linkinə toxundu. Ərinməyib açdım. Əli Kərimlinin virtual xanimanında Vaşinqton xəbərlərini gözaltı eləmək istədim. Eyvah! Bəyənməyiblər yenə. Nə acı. Demə Azərbaycana təhdid, sətiraltı mesajlar varmış. Ki, bunu da bir tək bəyin mirzələri 3D eynəyi ilə sezib. Amma daha maraqlı olan, “aktiv siyasətçi” Cəmil Həsənlinin müəllif yazısı idi. Adam bu həngamədə Azərbaycan KP Mərkəzi Komitəsinin eks birinci katibi Vəli Axundovun taleyini vərəqləyib. İnadla da dərc elətdirib!
 
Tanrının və tarixin öz sevmədiklərinə qarşı çox sərt ironiyasıdır bu. Kino çəkəni seçkinin ən böyük kritikasında siyasətin göbəyinə qədər məcburən gətirdib axırda da dilindən “montajım var, əl çəkin” – kəlməsini eşitmək nədirsə, dünyanı az qala cənginə alan proseslərin fonunda Prezidentlik iddiası olan birinin “tarixi-nadir” fəlsəfəsinə köklənməsi də təxminən o fason bir şeydir.
 
P.S.  Gerçəkdən hamının öz yolu varmış. Hətta rəngi avazımış piyadaların belə.
 
Elşən Musayev, Milli Məclisin deputatı
Xəbər 3185 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR