İNAMımızı itirəkmi? - Azər Sarıyev yazır

İNAMımızı itirəkmi? - Azər Sarıyev yazır

Kənd təsərrüfatı subyektlərinin kreditləşməsinə əngəllər davam edir?

İstənilən təsərrüfat idarəçiliyində müsbət nəticə əldə olunması  vicdanlı məmur işi ilə cilalanan sistem çalışması tələb edir. Yeni hazırki kənd təsərrüfat naziri İnam Kərimov ASAN Xidmətdə ikən bu sistemi qurmağı bacarmışdı. Bu, nisbətən asan idi. O mənada ki, cənab Kərimov həmin sistemi dövlət başçısının dəstəyi ilə sıfırdan quraraq təkmilləşdirmiş, müsbət və nümunəvi nəticələr əldə edə bilmişdi.
Kənd təsərrüfatı sahəsində vəziyyəti düzəltməyin keçmiş ASANçı üçün çətin olacağını təxmin edirdik, lakin acgöz, "şapka”ya öyrənmiş kadrların dövlətin qüdrətlənməsi, ölkənin çiçəklənməsi  və xalqın rifahı üçün bu qədər vacib olan düzəlişlərə belə şinəyəcəyini təsəvvürümüzə gətirməzdik. Ən azından hesab edirdik ki, dövlətdən qorxarlar. Ancaq görünür ki, yox! Pul hərisliyi bunların gözünü elə örtüb ki, qorxu, dövlət belələrinin vecinə də deyil. Söhbət aqrar sektorun inkişafı üçün dövlətin ayırdığı kreditlərin təyinatı üzrə xərclənməsini əngəlləyən agent banklardan gedir. O banklardan ki, təsərrüfatını inkişaf etdirmək istəyən kəndlinin arzularını göözündə qoyur. O banklar ki, aqrar innovasiyaların Azərbaycan kəndində tətbiqi kimi işıqlı istəkləri reallaşdırmaq istəyən iş adamlarını iyrəndirir. 
İddialarımı konkret faktlarla təsdqiləyəcəyəm.
Bacarıqlı bir dostumun Bakıdan bir saatlıq məsafədə- Salyan rayonunda, avtomobil magistralının yaxınlığında  12 ha-lıq münbit təsərrüfat sahəsi var. Həmin sahədə texniki şərtlə özəl transformator quraşdırıb, 500 tonlqu su anbarı tikib. Bundan əlavə, çox böyük bir meyvə-tərəvəz anbarı və ikimərtəbəli tikili inşa edib. Min ədəd nar ağacı əkib ki, 600-ü tam tutub. Yəni kənd təsərrüfatı fəaliyyəti üçün bütün şərtlər mövcuddur. 
Adama fəaliyyətini davam etdirmək üçün vəsait lazım idi. Əvvəllər bankların kənd təsərrüfatı kreditləşməsi üçün fermerlərdən "şapka” tələb etmələri heç kimə sirr deyil. Yeni nazirin təyinatından sonra isə bu eybəcrliklərə son qoyulacağı barədə söz verilmişdi. O sözü dolayı eşidənlərdən biri də bu sətirlərin müəllifidir. Həmin sahibkar dostum nazirliyin müvafiq yetkilisinin qəbulunda olmuş, onları təsərrüfatı, layihəsi və arzuları ilə tanış etmişdi. Həmin yetkili də həm təsərrüfatın potensialından, həm də arzularından məmnun qalaraq dostumuzu maarifləndirmiş, əlini kürəyinə vuraraq "Yolun açıq olsun!” demişdi. Lakin yolunu kimlərin bağlaya biləcəyi barədə maairfləndirici heç nə deməmişdi ki, adam yollarda havayı zəhmət çəkməsin. 
Sahibkar dostumuz əvvəlcə, Aqrarkreditin Salyan filialına üz tutmuşdu ki, oradan da böyük məbləğdə kreditin verilməsi ilə Bakının məşğul olduğunu deyərək yola salmışdılar. Məsləhətləşmələrdən sonra dostumuz Rabitəbankın baş ofisinə baş çəkərək öz təsərrüfatı və imkanları barədə məlumat verir və inkişaf üçün kredit istəyir. Baş ofisin mütəxəssisi hər şeyin gözəl olduğunu deyərək yazımızın cəfakeş qəhrəmanını Şirvan flialına yönəldir ki, get ora, onlar təsərrüfata baxıb qiymətləndirmə aparsınlar. Şirvan filialında bank mütəxəssisi isə ərazini-təsərrüfatı görmədən sahibkar dostumuzun kreditə layiq olmadığına dair arqumentlərini sadalayır:
1. Təsərrüfat subyekti intensiv fəaliyyətdə olmalıdır;
2. Sahibkarın aylıq 1500 manatlıq sabit gəliri olmalıdır;
3. Veriləcək kreditin (dostumuz 200 min azn güzəştli kredit götürmək arzusunda idi) ikiqatı qiymətində obyekt girov qoyulmalıdır və s.i. 
Biz isə əks arqumentlərimizi qeyd edək:
1. Belə böyük təsərrüfat subyektlərinin işləməsi üçün dövlətin verdiyi dəstəyi agent bank əngəlləyəndən sonra bu təsərrüfat necə intensiv fəaliyyət göstərə bilər?
2. Kənd təsərrüfatı subyektinin mövsümi fəaliyyət göstərdiyini və sahibkarın da müvafiq olaraq ilin bəlli aylarında gəlir əldə etdiyini hamı bilir. Belə olan halda kəndlinin aylıq sabit gəlirindən necə söhbət gedə bilər? Bank mütəxəssisi hansı ağıl və məntiqlə kəndlidən aylıq, sabit, özü də ayda 1500 azn məbləğində gəlir tələb edə bilər? Yenə təkrar edirəm ki, kəndlinin gəlirlərinin mövsümi olduğunu ən avam adam belə bilir;
3. Kəndlinin olub-qalanı onun təsərrüfatıdır, onun girov qoya biləcəyi elə qiymətli obyekti olsa idi, daha sizə niyə ağız açırdı ki? Sizin minnətinizi götürüb faiz altına girincə, həmin əmlakı satıb öz təsərrüfatını inkişaf etdirərdi. Daha bunun nəyi dövlət dəstəyi oldu? 
Bəli, dövlət dəstəyi var, lakin əngəllənir və köhnə nazirliyin yeni başçısı hələ ki, köhnə əngəlləri aradan götürə bilmir. Yenə İNAMımı itirmirəm!
P.S. Dostum isə inamını itirib və təsərrüfatını satışa çıxarıb.
Xəbər 863 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR