Azər Ayxanın 46 yaşı və atamın evrəndə qalmış səsi... - RAUF ARİFOĞLU

Azər Ayxanın 46 yaşı və atamın evrəndə qalmış səsi... - RAUF ARİFOĞLU

Ötən il bu zamanlardı, köydəydim, onun 45 yaşına vardığı ilk dəqiqələrdə Atamın Oğlu üçün bir şeylər yazırdım. 
Atam sağ idi, həyətdən səsi gəlirdi, gec olmasına baxmayaraq, hələ ev əhli yatmamışdı. (Azəri təbrik etmədən, yatmazdılar) Amma gələn səslərdən aydın idi ki, artıq günə yekun vurulur, yatmağa hazırlaşırlar.  
Yaxınlarım bilir: bir şeylər yazanda, ona elə odaqlanıram ki, kiçik bir səs, hərəkət fikrimi dağıdır. Bu baxımdan, həyətimizdən arxa otağa gələn səslərin tez kəsilməsini istəyirdim: "Bir an öncə yatsınlar, fikirlərimi yazım, 45 yaşın tamamında qaqamı Bakıda buraxdım, kəndə gəldim,  barı burdan ona layiq bir şeylər yazım, paylaşım"...
Azercell-in interneti bizim kənddə əlildi. Xanım Şıxlinskayaya dəfələrlə demişik, o da söz verib, amma Bakcell bizim köydə Azercelli döyür...
Bax, həmin anlarda onu da fikirləşirdim ki, yaxşı, bunları yazıram, bəs, bu mətni Feysdə necə paylaşacam, onu sayta necə yükləyəcəm. 
Günorta yoxlamışdım, evin arxa tərəfinə qalxanda, yolun qırağındakı bulağımızla  tut ağacının düz kəsişməsində Azercell 2 qanadla tutur və zəif də olsa, 3G gəlir. "Hə, yazını yazım, əlimdə kompyuter çıxaram, evin dalına, ordan o nöqtəni taparam və ..."
Həmin kompyuterlə yazıram. Qardaşım üçün. Onun Doğum Günü üçün!  Qardaşların ən gözəli, ən yaxşısı üçün! Qürurla, sevə-sevə! Etiraf edim ki, həm də kədərlə...
Yenə kənddəyəm. Amma Novxanıdayam, bu dəfə...
Nə evdə, nə həyətdə kimsə yoxdu...
Heç səs gəlmir. Elə bir sükut var ki...
Atamın səsi evrəndə mütləq ki, qalmış...
Bu gecə və bu gün -  13 may tarixində Azərimi bir nəfər az təbrik edəcək. 
Bu gecə -  bu 13 may gecəsi bir az da peşman kimiyəm. 
Ötən il bu zamanlar Atamın səsinin gəlməsi fikrimi dağıdır, deyə, düşündüyüm üçün...
İndi onun səsini bir daha eşitmək üçün nələrdən keçməzdim...
Amma Azərim elə həm də mənə təsəllidir. Atamdan belə Oğul qalıb. 
Mənə, Sözə və Millətə. Vətənimin adını daşıyan adıyla. Çox şükürlər olsun. 
Anamın gözü aydın olsun. İki oğlunun 98 yaşı var...46-sı Azərin.
Allah bizə və bütün dostlara kədərini ovudacaq, itkisini dolduracaq doğmalar, qardaş-bacılar, oğul-uşaqlar nəsib etsin. 
Azər Ayxanı - qardaşımı, silahdaşımı, sirdaşımı, 27 illik iş yoldaşımı ürəkdən təbrik edirəm! Onu verən Allaha və Valideynlərə şükürlər olsun. 
Və bu məqamda təbrikimi ötən ilki yazımın orta abzası ilə bitirirəm!
****
İş elə gətirdi ki, bu sətirləri doğulduğumuz evdə, ata yurdunda yazdım. Bu günə, 13 maya tədbirimiz vardı, Azər Ayxanın 45 yaşını - yubileyini kollektivlə, qohumlarla və dostlarla birgə qutlayacaqdıq. Lakin qardaş kimi dostlardan birinin anası rəhmətə getdi və mən Tovuza gəldim, Azər Ayxan qəzetin başında qaldı...
Bəlkə də mistik bir ssenaridir bu! Burada, hər şeyin və həyatımızın başladığı bu hüzurlu ata evində onunla bağlı ürək sözlərini yazmaq, sonra onu saytımız və Facebook profili üzərindən dostlarla, tarixlə paylaşmaq daha anlamlıdır. Onun 45-nə hədiyyəmdir, 45 dəfə halal olsun!..
****
BU DA HƏMİN YAZININ TAMI
 
Xəbər 3246 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR