Milli Məclisin xüsusi iclası keçirilir - Yenilənib

Milli Məclisin xüsusi iclası keçirilir - Yenilənib

Azərbaycan Milli Məclisində Heydər Əliyevin 95 illiyinə həsr olunmuş xüsusi iclas keçirilir.

APA-nın məlumatına görə, iclası açıq elan edən Milli Məclisin sədri Oqtay Əsədov Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında xidmətlərindən danışıb.
Millət vəkili Zahid Oruc Azərbaycan xalqının xilaskarı adlandırdığı Heydər Əliyevin tarixdə yerini aldığını bildirib: "Meksikada Heydər Əliyevin bir heykəlini götürdülər. Ancaq Heydər Əliyevin gücü heykəllərdə deyil. Bir heykəl belə olmasa, Heydər Əliyevin ürəklərdə ucalan heykəli hər zaman qalacaq. Nə zamansa hakimiyyətdə Əliyev soyadlı şəxs olmasa belə, Heydər Əliyev kursu hər zaman hakimiyyətdə olacaq. Prezident İlham Əliyev 1990-cı illərdəki çağırışlardan da ağır çağırışlarla üzləşib, bu çətinlikləri uğurla aşıb. Mənim aləmimdə İlham Əliyev 57 yaşlı Heydər Əliyevdir”.
Mədəniyyət komitəsinin sədri Rəfael Hüseynov Heydər Əliyevin böyük ədib Hüseyn Cavidin nəşini Sibirdən Azərbaycana gətirtməklə Azərbaycan insanının qürurunu özünə qaytardığını söyləyib. Millət vəkili Aqiyə Naxçıvanlı Heydər Əliyevin müasir Azərbaycanın ideoloji əsaslarını yaratdığını deyib.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Heydər Əliyevin böyük azərbaycanlı olduğunu vurğulayıb: "Heydər Əliyev heç vaxt ədalətsizliyə yol verməyib. Təki bugünkü çıxışların biri, ikisi 1990-cı illərində əvvəlində bir qəzetdə işıq üzü görəydi, Heydər Əliyev də bunu görəydi. Heydər Əliyevi yandıran o idi ki, vaxtilə çörək verdiyi insanlar bu parlamentdə onun üzünə dururdular. Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası Heydər Əliyev siyasətinin davam etdirilməsində böyük rol oynayır. Bizim vəzifəmiz Heydər Əliyev siyasətinin davamçısı olan prezident İlham Əliyevi dəstəkləməkdir. Bizim borcumuz Azərbaycanın müstəqilliyini qorumaqdır”.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Heydər Əliyevin elm və təhsilə xüsusi diqqət yetirdiyini bəyan edib: "Heydər Əliyevin SSRİ dövründə Moskvaya oxumağa göndərdiyi gənclərin içərisində mən də var idim. Bu gün Azərbaycanda elmi məktəblərin əksəriyyətinin rəhbəri məhz Heydər Əliyevin SSRİ-nin müxtəlif şəhərlərinə oxumağa göndərdiyi insanlar, yaxud o insanların tələbələridir”.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov 1995-ci ildə qəbul edilən Konstitusiyanın hüquqi və demokratik cəmiyyət quruculuğunun əsasını qoyduğunu nəzərə çatdırıb. Heydər Əliyevin rəhbərliyi ilə aparılan hüquqi islahatlardan söz açan Z. Əsgərov bu il aprelin 11-də keçirilən prezident seçkilərinin nəticələrinin Azərbaycan xalqının Heydər Əliyev siyasətinin davamına və inkişafa səs verdiyini göstərdiyini söyləyib.
İclas davam edir.
 
****

Azərbaycan Milli Məclisinin Heydər Əliyevin 95 illiyinə həsr edilən xüsusi iclası başlayıb.
 
Aktual.az xəbər verir ki, iclas Oqtay Əsədovun sədrliyi ilə keçirilir.
 
Xatırladaq ki, Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olub. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev iyirmi il ərzində SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatı olub və beş il SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışıb.
 
Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilən cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranan kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.
 
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilən təsis qurultayında partiyanın sədri seçilib.
 
1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.
 
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq verən Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib.
 
Azərbaycanın ümummilli lideri, Prezident Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend klinikasında (ABŞ) vəfat edib, dekabrın 15-də Bakıda Fəxri xiyabanda dəfn olunub.
Xəbər 559 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR