Haylar havadarlarına yalvarırlar ki... - SAHİB ALIYEV

Haylar havadarlarına yalvarırlar ki... - SAHİB ALIYEV

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirildi. Xalqımız üçün uğurlu-xeyirli olsun deyərək, dövlətimizin başçısının oradakı proqram xarakterli nitqindən çıxardığım nəticələri qısaca olaraq sizinlə bölüşmək istəyirəm.

Birinci Dağlıq Qarabağ problemindən başlasaq, gəldiyim nəticə budur ki, onun həlli yönündə atacağımız addımlar yenə də hibrid xarakteri daşıyacaq. Yəni torpaqlarımızın azad olunması üçün siyasi, iqtisadi, diplomatik, informasiya, psixoloji və təbii ki, hərbi müstəvidə gərəkən nə varsa ediləcək.
Bununla yanaşı cənab Prezidentin Ermənistanın özünün belə azərbaycanlıların torpağında yaradıldığını növbəti dəfə vurğulaması bir daha təsdiqlədi ki, onun bu haqda fikirləri nə haylara özlərini yığışdırmaları üçün xəbərdarlıqdır, nə də qulağa xoş gəlmək üçündür. O, ötən əsrin 90-cı illərində işğal olunan Azərbaycan torpaqlarının son qarışınadək qaytarılımasını real saydığı və buna çalışdığı kimi, indi Ermənistan adlanan yur-yerlərimizdən qovulan azərbaycanlıların ora qayıtmalarını da real sayır, onun üçün də nə lazımdırsa edir və edəcək.
İkinci gəldiyim nəticə budur ki, ölkədə - iqtisadiyyatda, sosial sahədə, özəlliklə də idarəetmədə islahatların dərinləşdirilməsi sistemli xarakter alır və bununla bağlı yaxın gələcəkdə biz xeyli yeniliklər görəcəyik. Bu yerdə, cənab İlham Əliyevin prezidentliyə digər namizədlərin qaldırdıqları məsələlərə diqqətlə baxılacağını, səsləndirilən dəyərli təkliflərin nəzərə alınacağını bildirməsi, məncə, az şey demir.
İstehsalatda elm tutumlu müəssisələrə diqqət artırılacaq, bir sıra neft-qaz anlaşmalarının reallaşdırılmasına başlanacaq, yeni yataqlar üzərində işləniləcək. Xarici borcların həcmi azaldılacaq.
Xarici siyasətə gəldikdə, etdiyi çıxışdan aydın oldu ki, ölkəmiz ikitərəfli deyil, çoxtərəfli əməkdaşlıq modellərinə də açıqdır və onu dəstəkləyir. Ancaq dövlətimizin başçısının bu zaman məhz bizim təşəbbüsçüsü olduğumuz Azərbaycan-Türkiyə-İran-Gürcüstan dördtərəfli formatından danışması onu göstərdi ki, yenə də hər hansı bir dövlətin dominant rol oynadığı deyil, ora cəlb edilənlərin hamısının maraqlarına eyni dərəcədə cavab verən əməkdaşlıq modellərinə üstünlük verəcəyik.
Diqqətimi çəkən məqamlardan biri də bütün sahələrlə bağlı konkret proqram və planların olduğunun qabardılması idi. Bütün bu plan və proqramlar da onun üçün tərtib edilib ki, Azərbaycan Prezidentimizin özünün də dediyi kimi daha da qüdrətlənsin. Torpaqları işğaldan tam azad olsun. Bütün azərbaycanlılar, o sıradan indi Ermənistan adlanan yerdən gələnlər də ev-eşiklərinə dönsünlər. 
Kimsə bunu real saymaya bilər. Amma istəyirəm biz 15 il bundan öncəyə qayıdaq, o zamankı vəziyyəti xatırlayaq. Birinci elə cənab İlham Əliyevin özündən başlayaq. Hətta bəzi çox tanınmış əcnəbi ekspertlər belə proqnoz verirdilər ki, prezidentliyi 2-3 il çəkə ya çəkməyə. O isə artıq neçə ildir dövlətimizi inamla və ləyaqətlə idarə edir. 
Deyirdilər ki, Bakı-Ceyhan kəməri "blef"dir, Azərbaycanın onu dolduracaq nefti yoxdur. Bunu deyən adamın özü indi Azərbaycanda və elə siyasətdə də yoxdur, ancaq Bakı-Ceyhan işləyir və neçə illər hələ işləyəcək. 
Bildirirdilər ki, bu ölkənin gələcəyi sual altındadır. Ancaq indi regionun lider dövlətiyik. 
Haylar ta Kürə kimi torpaqlarımızı ələ keçirəcəkləriylə bizi hədələyirdilər. İndi havadarlarına yalvarırlar ki, Azərbaycana savaşa başlamaması üçün davamlı təzyiq etsinlər.
Və nəhayət, cənab Prezidentin özünün də vurğuladığı kimi, açıq sulara çıxışı olmayan bir ölkə indi Avrasiyanın nəqliyyat qovşaqlarından birinə çevirilib. Özü də Ermənistanın havadarlarını da bu layihələrə qoşaraq, işğalçını tam dalana dirəyərək çevirilib.
15 ildə bütün bunları reallaşdıran bir liderin qarşısına qoyduğu bütün məqsədlərə çatacağına mən əminəm! Həm də ona görə əminəm ki, indi bunun üçün nə lazımdırsa (özünün də dediyi kimi siyasi iradə, maliyyə resursu, insan potensialı və xalq-iqtidar birliyi) hamısı var!
Xəbər 11100 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR