"Quş qripi"nə görə aparılan monitorinqin nəticəsi açıqlandı


"Quş qripi"nə görə aparılan növbəti monitorinq başa çatıb.

Aktual.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən (DBNX) Trend-ə verilən məlumata görə, "Quş qripi" xəstəliyinə görə 2018-ci ilin mart ayının 12-dən başlayaraq ölkə ərazisində DBNX, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə növbəti monitorinq aparılıb.
Monitorinq köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında həyata keçirilib. Bundan əlavə, monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlarda saxlanılan quşlardan da nümunələr götürülüb.
Monitorinq zamanı seçmə üsulla ovlanmış 25 baş çöl quşlarının patoloji materialı və ölkənin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlarından gətirilən 1771 baş ev quşlarının qan nümunələri Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilib. Dövlət Baytarlıq Nəzarəti Xidməti bununla əlaqədar bildirir ki, nümunələrin heç birində "quş qripi" xəstəliyinin törədicisi aşkarlanmayıb.

Köçəri quşlar üzrə monitorinq aparılan ərazilərdə xəstə və xəstəlikdən tələf olan quşlara təsadüf edilməyib, eləcə də ölkənin bütün təsərrüfatlarında saxlanılan quşlar arasında hər hansı iti yoluxucu infeksion xəstəliyə rast gəlinməyib.
Dövlət Baytarlıq Nəzarəti Xidməti əhaliyə və quşçuluq təsərrüfatı rəhbərlərinə tövsiyə edir ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları qapalı şəraitdə, baytarlıq-sanitariya qaydalarına uyğun saxlanılsın. Həmçinin heyvanlarda (mal-qara, quşlar, balıqlar, arılar və s.) özbaşına müalicə, peyvəndləmə və digər baytarlıq tədbirləri aparılmasın, heyvanların baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılması həyata keçirilsin.
Hazırda "quş qripi" və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
Xəbər 107 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR