2018-ci ildə Azərbaycan iqtisadiyyatı artımı bərpa edəcək

2018-ci ildə Azərbaycan iqtisadiyyatı artımı bərpa edəcək

"Standard & Poor`s” (S&P) beynəlxalq reytinq agentliyi 2019-2020-ci illərdə Azərbaycanda illik ümumi daxili məhsul istehsalının (ÜDM) artımının 3,5% səviyyəsində olacağını proqnozlaşdırır.

Aktual.az APA-ya istinadən xəbər verir ki, bu barədə reytinq agentliyinin yaydığı məlumatda deyilir.

S&P-nin proqnozuna əsasən, bu il Azərbaycanda ÜDM-in nominal həcmi 1% azalaraq 40 mlrd. dollar təşkil edəcək: "Bu il Azərbaycan iqtisadiyyatı ucuz neft dövrünə adaptasiyanı davam etdirib. Bizim proqnozlarımıza əsasən, ölkədə iqtisadi geriləmə 2017-ci ildə də davam edəcək. 2016-cı ildə Azərbaycanda ÜDM 3% azaldığı halda, bu il azalma 1% təşkil edəcək. Manatın devalvasiyası və dövlət xərclərinin azalması iqtisadiyyata neqativ təsir edib”.

Agentliyin mütəxəssisləri əlavə edib ki, 2018-ci ildə Azərbaycan iqtisadiyyatı artımı bərpa edəcək. Belə ki, mütəxəssislərin proqnozuna əsasən, gələn il ÜDM 2% (nominal həcm 44 mlrd. dollar), 2019-cu ildə 3,5% (47 mlrd. dollar), 2020-ci ildə 3,5% (48 mlrd. dollar) artacaq: "Proqnozların bu səviyyədə olması "Şahdəniz-2” qaz yatağından nəqlin başlanmasına əsaslanır. Bununla yanaşı, qeyri-neft sektoruna investisiyaların yatırılması iqtisadiyyata inamın artması və inflyasiyanın səngiməsi fonunda istehsalın artmasına səbəb olacaq”.

S&P hesab edir ki, 2017-ci ildə Azərbaycan iqtisadiyyatına yatırılan investisiyaların həcmi 5,5%, 2018-ci ildə 3,5%, 2019-cu ildə 2,5%, 2020-ci ildə isə 2,5% artacaq.

Mütəxəssislərin proqnozuna əsasən, bu il Azərbaycanda orta illik inflyasiya 9%-dək geriləyəcək. 2016-cı ildə ölkədə illik inflyasiya 12,4% səviyyəsində olub. Bununla yanaşı, 2018-2020-ci illərdə inflyasiyanın səngiməsi tendensiyası davam edəcək. Belə ki, mütəxəssislər 2018-ci ildə illik inflyasiyanın 7%, 2019-2020-ci illərdə isə 5% təşkil edəcəyini proqnozlaşdırır.

Agentliyin proqnozunda deyilir ki, 2017-2020-ci illərdə Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo qorunacaq. Belə ki, 2017-ci ildə müsbət saldo ÜDM-in 12,3%-nə, 2018-ci ildə 12,7%-nə, 2019-cu ildə 14,3%-nə, 2020-ci ildə 14,8%-nə bərabər olacaq.

S&P hesab edir ki, bu il dövlət büdcəsinin icrasında yaranan defisit ÜDM-in 3,2%-ni təşkil edəcək. Buna baxmayaraq, gələn il dövlət büdcəsinin profisitlə icra olunacağı gözlənilir və profisit ÜDM-in 1%-nə bərabər olacaq. 2019-2020-ci illərdə isə dövlət büdcəsinin icrası zamanı yaranacaq profisit ÜDM-in 2,5%-ni təşkil edəcək.
 
Aktual.az
Xəbər 322 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR